Bayıl yaşayış sahəsində maarifləndirmə və dezinfeksiya işləri davam edir
Koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq Səbail rayonu, Bayıl yaşayış sahəsi, Qurban Abbasov küçəsində yerləşən ümumi sahəsi 500 kv.metr olan “Vannikov” parkında, eyni zamanda qeyd olunan ərazidə ümumilikdə 5300 sakinin yaşadığı 9 küçədə yerləşən 32 çoxmənzilli yaşayış binasının ümumi istifadədə olan hissələrində və 94 fərdi yaşayış evinin ətrafında Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə təkrar dezinfeksiya işləri həyata keçirilmişdir.
Səbail RİH başçısı Vuqar Zeynalov dezinfeksiya və maarifləndirmə işlərinin gedişi ilə yerində tanış olmuşdur.
Parkda quraşdırılmış oturacaqlar, işıq dirəkləri, tullantılar üçün nəzərdə tutulmuş qutular və burada əkilmiş gül kolları, müxtəlif növ ağaclar xüsusi dərman məhlulları ilə dezinfeksiya olunmuşdur.
Eyni zamanda xüsusi karantin rejiminin tələb və qaydalarına əməl olunması ilə əlaqədar Səbail Rayon İcra Hakimiyyəti yanında yaradılan mobil qruplar tərəfindən əhalinin sıx toplaşdığı ərazilərdə maarifləndirmə tədbirləri davam etdirilir. Söhbət zamanı yaşlılara, birlikdə toplaşaraq gəzinti edən gənclərə, digər vətəndaşlara Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara riayət etmələri tapşırılır.