Səbaildə 8 Noyabr - Zəfər Günü qeyd olundu
Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Nizami Kino Mərkəzində milli qürurumuzun təntənəsi olan 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Nigar Arpadarai, şəhid ailələri, qazilər, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyəti iştirak etmişlər.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov çıxış edərək bildirmişdir ki, Ümummilli Lider Heydər Əliyev torpaqlarımızın azad olunmasına, respublikamızın ərazi bütövlüyünün bərpa edilməsinə, müstəqil Azərbaycanın xoşbəxt gününün gəlib çatacağına inanırdı. Əminliklə demək olar ki, bu gün biz məhz həmin günü yaşayırıq. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev Ulu Öndərin yolunu uğurla davam etdirərək Azərbaycanı qüdrətli dövlətə çevirmişdir. Prezidentimizin qətiyyətli siyasəti nəticəsində ölkəmiz ildən-ilə güclənmiş, beynəlxalq aləmdə mövqeyini möhkəmləndirmiş, qüdrətli ordu yaradılmışdır. Məhz iqtisadi güc, rəşadətli ordumuz düşməni torpaqlarımızdan qovub çıxarmış, üçrəngli bayrağımız yenidən vətən torpaqlarında, Qarabağın döyünən ürəyi olan Şuşada və işğaldan azad olunmuş digər şəhər, rayonlarımızda qürurla dalğalanmağa başlamışdır.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı Nigar Arpadarai qeyd etmişdir ki, müharibənin yeni bitməsinə baxmayaraq bu gün Azərbaycan öz inkişaf tempini qoruyub saxlamaqla yanaşı, işğaldan azad olunmuş ərazilərimizdə sürətli bərpa-quruculuq işləri həyata keçirir və bu ərazilər cənnətə çevrilməkdədir. Bütün işğaldan azad olunmuş şəhər və rayonlarımız özünün çiçəklənən dövrünü yaşamaqdadır və həyata keçirilən uğurlu infrastruktur layihələrinin məntiqi nəticəsi kimi sakinlər çox qısa müddət ərzində öz doğma evlərinə qayıdırlar.
Tədbir zamanı çıxış edən Vətən müharibəsi şəhidi Murad Qurbanovun anası Mehriban Əmrahova qeyd etmişdir ki, şəhid ailələrinə, qazilərə diqqət və qayğı dövlət siyasətinin prioritetlərindəndir. Azərbaycan dövləti şəhid ailələrinə, müharibə veteranlarına və qazilərə yüksək diqqət və qayğı göstərir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən bütün dövlət qurumları qarşısında bu insanların problemlərinin həlli bir nömrəli vəzifə kimi müəyyən edilmişdir.
Səbail Rayon İctimai Şuranın sədr müavini qazi Polad Rzayev çıxışında vətən müharibəsi zamanı Azərbaycan ordusunun qazandığı uğurlardan və bu yolda özünün vətənə olan sevgisindən, keçdiyi döyüş yollarından söhbət açmışdır.
Tədbirin davamında Bakı Media Mərkəzinin və Salnamə studiyasının birgə istehsalı olan “Şuşa, sən azadsan!” sənədli filmi nümayiş olunmuşdur.