Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında Zirvə görüşü keçirilib

05 may 2020 | 16:00

Mayın 4-də Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü keçirildi. Beləliklə, çox qısa bir vaxt ərzində Azərbaycan dövlət başçısı Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə zirvə görüşündən sonra ikinci dəfə dünya liderlərini bir araya toplamağa müvəffəq oldu.
Ötən ilin payızından Qoşulmama Hərəkatına sədrlik edən ölkəmiz üçün Qoşulmama Hərəkatı milli və dövlət maraqlarımızın həyata keçirilməsi üçün müstəsna əhəmiyyətli kürsülərdən biridir.
Beynəlxalq aləmdə baş verən proseslərin məntiqi elədir ki, məhz indiki vaxtda, dünyanın çoxqütblü olduğu, geosiyasi xəritədə yenidən qarşıdurma vəziyyətində olan bloklar və koalisiyalar yarandığı şəraitdə soyuq müharibə başa çatandan sonra bir qədər zəifləmiş Qoşulmama Hərəkatının rolu yenidən Prezident İlham Əliyevin apardığı xarici siyasət kursu sayəsində artmaqdadır. Bu gün dünyada formalaşmış dünya nizamı yenidən pozulur, yeni güc mərkəzləri yaranır, dövlətlər arasında münasibətlərin xüsusiyyətləri dəyişir, köhnə ziddiyyətlər dərinləşir, ənənəvi tərəfdaşlar barrikadanın müxtəlif tərəflərində qalır, çoxillik rəqiblər isə geosiyasi və iqtisadi maraqların üst-üstə düşməsi zəminində ortaq dil tapırlar. Yeni lokal münaqişə ocaqlarının genişmiqyaslı müharibələrə çevrilməsi təhlükəsi yaranır, demokratiya bayrağı altında bir sıra ölkələrin dövlətçiliyi sarsıdılır. Bu şəraitdə Qoşulmama Hərəkatı dünya arxitekturasında tarazlaşdırıcı və çəkindirici amil kimi öz yerini tapmalıdır. Məhz bu missiyanı coğrafi cəhətdən kiçik, lakin dünya siyasətində kifayət qədər güclü mövqeyi olan Azərbaycan yerinə yetirməkdədir.
1991-ci ildə müstəqillik qazanan dövlətimiz qarşısında digər keçmiş sovetlər respublikaları kimi bir neçə yol var idi. Birincisi, Rusiya başda olmaqla, postsovet dövlətləri ilə inteqrasiya olmaq. İkincisi, Avropa İttifaqı, Avropa Şurası və NATO ilə inteqrasiya yolunu seçərək Qərbə istiqamət almaq. Bu iki seçimdən birini seçən MDB dövlətindən fərqli olaraq Azərbaycan fərqli yola üstünlük verdi. Cənab Prezident hər yerdə açıq-aşkar Azərbaycanın strateji xəttini elan edib. Müstəqil Azərbaycan dövlətinin öz yolu var. Bu yolun mahiyyəti Azərbaycan xalqının maraqları üzərində köklənmiş, onun mədəniyyətini, dilini, mentalitetini, milli maraqlarını təmin edən bir dövlət olmaq və başqa dünya ölkələri ilə qarşılıqlı faydalı münasibətlərə malik olmaqdan ibarətdir. Rəsmi Bakı neytral və balanslaşdırılmış xarici siyasət kursunu seçmiş oldu.
2011-ci ildə olduqca ciddi geosiyasi proseslərin getdiyi bir vaxtda ölkəmiz Qoşulmama Hərəkatına üzv oldu. Bu üzvlük müəyyən mənada Azərbaycanın heç bir bloklara qoşulmaq niyyətinin olmadığını və öz ərazisində xarici ölkələrin hərbi bazalarının saxlanmasına yol vermək istəmədiyini bölgədə marağı olan irili-xırdalı bütün dövlətlərə göstərmiş oldu. Qısa müddət ərzində Hərəkata üzv olmağımıza baxmayaraq, Azərbaycan 2019-cu ilin payızından başlayaraq dünyanın ən böyük təşkilatına sədrlik etməkdədir.
Beynəlxalq arenada əsas prioriteti həm də Ermənistana qarşı informasiya müharibəsi və Dağlıq Qarabağ münaqişəsinin həlli olan rəsmi Bakı bu Hərəkatın imkanlarından milli və dövlət maraqlarının reallaşması üçün geniş şəkildə istifadə etməkdədir. Ötən ilin oktyabr ayında 120 dövləti birləşdirən Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının Bakı Sammiti baş tutdu. Bu sammit, bizə həm də Azərbaycan tarixinin və Qarabağ ətrafında baş verən hadisələri 120 ölkənin elitalarına çatdırmaq imkanı verdi.
Qoşulmama Hərəkatında iştirakın Azərbaycana verdiyi xarici siyasət dividentlərindən danışarkən, Prezident İlham Əliyevin də dəfələrlə bildirdiyi kimi, “Hərəkatın üzvü olmaq ölkəmizin beynəlxalq sülh, təhlükəsizlik və əməkdaşlıq proseslərinə daha fəal cəlb edilməsi, müxtəlif dövlətlərlə, o cümlədən Latın Amerikası, Asiya və Afrika ölkələrinin çoxu ilə ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafı üçün əlverişli şərait yaradıb”.
Beləliklə, dünyada hökm sürən böhran və münaqişələrin, soyuq müharibə dövrü üçün xarakterik geosiyasi çəkişmələrin gərginləşməsi, terrorizmin yeni forma və təzahürlərinin meydana çıxması, habelə asimmetrik hədə və təhdidlər, son zamanlar isə koronavirus pandemiyası bəlası fonunda dövlətimizin başçısı tərəfindən xarici siyasət sahəsində müəyyən olunan strateji hədəflər dövrün tələblərini özündə ehtiva edir və uzunmüddətli perspektivdə ölkəmizin davamlı inkişaf və təhlükəsizliyinin təmin edilməsi məqsədi daşıyır.

 

Keçidlər