Şriftin ölçüsü :

Saytın rəngi :

Səbaillilər Azərbaycan Ordusunun 95 illik yubileyini cəbhə bölgəsində qeyd etmişlər

26 iyun 2013 | 15:00



25 iyun 2013 - Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 95 illik yubileyi ilə əlaqədar Səbail İcra Hakimiyyətinin rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri  və respublikamızın populyar incəsənət xadimləri ənənəvi olaraq rayonun hamilik etdiyi, cəbhə bölgəsində, birbaşa düşmənlə üz-üzə mövqelərdə dayanmış, Müdafiə Nazirliyinin Tərtər rayonundakı «N» saylı hərbi hissədə xidmət edən əsgər  və zabitlərin görüşünə gəlmişlər. Qonaqlar  hərbi hissə komandanlığı ilə birlikdə əvvəlcə ön cəbhə xəttindəki səngərlərə gəlmiş, burada  əsgərlərimizin xidməti, məişət şəraiti ilə maraqlanmış, əsgərlərlə söhbətlər aparmış, onlara gətirdikləri sovqatları və hədiyyələri çatdırmışlar. Rayon ictimaiyyəti nümayəndələri bu hərbi hissədə xidmət edən Səbailli gənclərlə də görüşmüş, onların xidməti və məişət şəraiti ilə yaxından maraqlanmışlar. 
Hərbi hissədəki əsgər kazarmalar və xidməti otaqlar, yeməkxana, hərbi texnika və silahlarla tanışlıqdan sonra  şəxsi heyət ilə keçirilən təntənəli görüşdə çıxış edən Səbail rayon İcra Hakimiyyəti Başçısı Asif Əsgərov Azərbaycan Silahlı Qüvvələrinin 95 illik yubileyi münasibəti ilə əsgərlərimizi təbrik etmiş, onlara çətin və şərəfli xidmətlərinin yerinə yetirilməsində müvəffəqiyyətlər arzulamışdır. Natiq hərbi hissənin şəxsi heyətini Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən ordumuz üçün yaradılmış şərait müqabilində daha yaxşı xidmət etməyə çağırmış və ölkə başçısının apardığı məqsədyönlü siyasət nəticəsində işğal altında olan bütün Azərbaycan torpaqlarının düşməndən azad ediləcəyinə, ölkəmizin ərazi bütövlüyünün bərpa ediləcəyinə əmin oluduğunu, lazım gələrsə Prezidentimizin əmri ilə silaha sayrılaraq müharibə yolu ilə torpaqlarımızın azad olunması üçün bütün qüvvələrin səfərbər ediləcəyini bildirmişdir. Qeyd olunmuşdur ki, əlamətdar yubileylə əlaqədar paytaxtımızın mərkəzi rayonu olan Səbail rayonundakı Azadlıq Meydanında əzəmətli hərbi parad keçiriləcək və bu parad Azərbaycan Ordusunun gücünü bütün dünyaya bəyan edəcəkdir.
Tədbirdə iştirak edən Tərtər rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov əsgərlər qarşısında çıxış edərək bayram münasibəti ilə onları təbrik etmiş, çətin və şərəli xidmətlərində onlara uğurlar arzulamışdır.
Qonaqlar Səbail RİH-nin hədiyyələrini, cəbhə bölgəsində zəruri olan müxtəlif ləvazimatları şəxsi heyətə təqdim etmişlər.  Xidmətdə fərqlənən əsgər, çavuş və zabitlərin bir qrupu Səbail rayon İcra Hakimiyyətinin xatirə hədiyələri ilə mükafatlandırılmışdır.
Hərbi hissə komandanlığı adından çıxış edən hərbi hissənin komandiri polkovnik-leytenant Şükür Həmidov şəxsi heyətin xidməti və  döyüş hazırlığı barədə məlumat vermiş, Səbail rayon İcra Hakimiyyəti rəhbərliyinə hərbi hissə ilə Səbail rayonu arasında mövcud olan əlaqələrin daha da möhkəmləndirilməsi və Silahlı Qüvvələr günü münasibəti ilə keçirilən tədbirinin təşkilinə görə öz minnətdarlıqlarını bildirmiş, hərbi hissədəki bu tədbirin düşmənlə üz-üzə səngərdə xidmət edən hərbiçilərin ruh yuksəkliyinin qalxmasında böyük rol oynadığını vurğulamışdır.
Hərbi hissənin xüsusi təyinatlı dəstə üzvləri tərəfindən bir sıra xüsusi əməliyyat səhnələri nümayiş etdirilmiş, sonra respublikamızın populyar incəsənət ustalarının iştirakı ilə   hərbiçilərimiz üçün böyük   konsert proqramı təşkil olunmuşdur.  «Kristal» qrupunun, gənclərin sevimlisi Ceyhun Zeynalovun, Xalq Ulduzu müsabiqəsinin iştirakçısı Elay Xasıyevin, Ə.Dadaşov adına «Xatirə» xalq çalğı alətləri ansablının və ansablın solistləri Kamilə nəbiyeva və Zabitə Alıyevanın gözəl çıxışları əsgərlər tərəfindən xususi rəğbət və sürəkli alqışlarla qarşılanmışdır.
Bayram şənlikdən sonra qonaqlar hərbi hissənin şəxsi heyəti ilə birlikdə bayram süfrəsi arxasında nahar etmiş, Səbail rayon İcra Hakimiyyətinə və  incəsənət xadimlərinə hərbi hissənin Fəxri Fərmanları təqdim olunmuşdur.
Hərbi hissə komandirinin əmri ilə xidmətdə fərqlənən bir qrup əsgər məzuniyyətlə mükafatlandırılmış və onlar Səbail RİH-nin  nümayəndələri tərəfindən həmin gün evlərinə çatdırılmışlar.

Keçidlər