Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət-vətəndaş həmrəyliyinə töhfə: kölgədən işığa doğru

24 may 2020 | 16:00

Azərbaycan müstəqillik illərində ictimai-siyasi, iqtisadi və mədəni həyatında böyük inkişaf yolu keçib. Dünya dövlətləri tərəfindən tanınan, bir çox iqtisadi forumlarda möhtəşəm layihələrdə imzası olan dövlətimizin iqtisadi qüdrəti günbəgün artmaqdadır.  Son illər ölkə iqtisadiyyatının dinamik inkişafının təmin olunması işləri ilə paralel olaraq, iqtisadi fəaliyyətin və gəlirlərin tam şəffaflaşdırılması istiqamətində ardıcıl olaraq islahatlar həyata keçirilmişdir. Bu islahatlar “kölgə” iqtisadiyyatının miqyasının əhəmiyyətli dərəcədə kiçilməsinə və rəqabət  mühitinin yaxşılaşmasına imkan yaratmışdır.
Qeyd etmək lazımdır ki, “kölgə” iqtisadiyyatı sadəcə Azərbaycanda deyil dünyanın inkişaf etmiş ölkələrində, həmçinin Asiya və Afrika qitələrində mövcuddur. Bu gizli iqtisadiyyat ölkələrin beynəlxalq iqtisadi münasibətlərdə mövqeyinin zəifləməsi ilə yanaşı, ictimai həyatın bütün sferalarına mənfi təsir göstərmək iqtidarındadır. Ölkəmizdə iqtisadiyyatın ən yüksək səviyyədə inkişafınının təmin olunması istiqamətində ardıcıl olaraq addımlar atılaraq, o cümlədən iqtisadi fəaliyyətin və gəlirlərin tam şəffaflaşdırılaraq “kölgə” iqtisadiyyatı ilə ciddi şəkildə mübarizə aparılmaqdadır. 
Azərbaycanda xüsusilə qeyri-rəsmi məşğulluq, ikili mühasibatın aparılması kimi xarakterik yayınmalar geniş yayılması, işçilərlə əmək müqavilələrinin bağlanmaması və ya qeyri-rəsmi ödəmələrə üstünlük verilməsi kimi hallar müşahidə olunurdu. Bu, dövlətin, müəssisələrin, vətəndaşların, ümumilikdə, ölkənin iqtisadi gücünə mənfi təsir etməklə yanaşı, insanların həyat səviyyəsini mənfi mənada dəyişdirirdi. Hal-hazırda isə aparılan mübarizə tədbirlərinin nəticəsində mühüm uğurlara nail olunmuşdur. Azərbaycan dövlətinin şəffaf iqtisadiyyatın qurulması istiqamətində müəyyən etdiyi prioritetlər və son illərdə aparılan islahatlar şəffaf iqtisadiyyatın möhkəmlənməsi, o cümlədən “kölgə” iqtisadiyyatının ümumi iqtisadiyyatdakı payının aşağı düşməsi ilə nəticələnir. Belə ki, dövlət büdcəsinə daxilolmaların həcmi artmış, qeyri-neft sektorunda iqtisadi artım tempi 2 dəfə artaraq 3,5%-ə çatmış, qeyri-leqal məşğulluğun qarşısının alınmasında əhəmiyyətli irəliləyiş əldə olunmuşdur. 
Təsadüfi deyil ki, ölkəmizdə aparılan islahatlar beynəlxalq miqyasda da yüksək qiymətləndirilir, Azərbaycan beynəlxalq təşkilatların reytinqlərindəki mövqelərini yaxşılaşdırır. Ölkəmiz Dünya Bankının nüfuzlu "Doing Business 2020" hesabatında ən islahatçı 20 ölkə sırasına daxil edilib. Hesabata əsasən, Azərbaycan "Doing Business" üzrə dörd istiqamətdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmağı asanlaşdırıb. Bu sahələr əmlakın qeydiyyatı, kreditlərin alınması, minoritar investorların hüquqlarının qorunması və müqavilələrin icrasının təmin edilməsidir.
Aparılan ciddi islahatlar və dəyişikliklərlə 2020-ci ilin I rübündə dövlət büdcəsinə qeyri-neft sektoru üzrə daxilolmalar 21.3% artaraq 1.4 mlrd. manatı üstələmişdir. Eyni zamanda son 5 rüb, yəni 2019-cu il və 2020-ci ilin birinci rübü ərzində əmək müqavilələrinin sayı 172 mindən çox artmışdır. Qeyd olunmalıdır ki, qeyri formal məşğulluqla sadəcə dövlətin mübarizə aparmağı kifayət deyil. Eyni zamanda vətəndaşlar da bu işdə maraqlı olmalı və işəgötürəndən bunu tələb etməlidirlər. Çünki, əks təqdirdə vətəndaşlar dövlətin maliyyə dəstəyinin böyük hissəsindən kənarda qalır, işsizlikdən sığorta, işsizlik müavinəti, pensiya, tibbi sığorta ala bilmirlər. İşəgötürənlər də bu işdə eyni dərəcədə maraqlı olmalıdırlar. Xüsusilə pandemiya dövründə bu özünü daha çox büruzə verdi. Belə ki, koronavirus pandemiyası dövründə dövlət tərəfindən iqtisadi sahələrə və əhaliyə nəzərdə tutulan güzəştlər təbii olaraq öz dövriyyəsini ağartmış subyektləri əhatə etdi. Qeyri-formal fəaliyyət göstərənlər isə dövlətin yaratdığı imkanlardan bir çox hallarda məhrum oldu. Dövlət bütün güzəşt və stimullaşdırıcı tədbirlərini yalnız dövlətlə əməkdaşlıq edən sahibkar və vətəndaşa şamil edə bildi.
Bununla yanaşı, dövlətimiz hətta qeyri-formal məşğulluq sahəsində fəaliyyət göstərən və “kölgə”də olan vətəndaşlarına belə ən çətin dövrlərdə sosial dövlət mövqeyindən çıxış edərək öz dəstəyini göstərir. Pandemiya ilə əlaqədar tətbiq edilən xüsusi rejimli karantin dövründə qeyri-formal məşğul vətəndaşlar şəffaf olmayan gəlir mənbəyini itirmiş oldular. Lakin ölkə başçısının humanizmi, Azərbaycan vətəndaşına diqqət və qayğısı nəticəsində hətta əvvəllər qeyri-formal sektorda çalışanların sosial müdafiəsinin də nəzərə alınması təmin edildi. Aprelin 17-də Prezident cənab İlham Əliyev keçirdiyi videobağlantı formatında iclasda 600 min insana iki ay ərzində hər ay 190 manat birdəfəlik vəsait verilməsini tapşırdı. Beləliklə, pandemiya dövründə işsiz kimi qeydiyyata alınan 600 min vətəndaşa iki ay müddətində yaşayış minimumu həcmində (190 manat) birdəfəlik müavinətin verilməsi nəzərdə tutuldu. Halbuki, şəffaf fəaliyyət göstərməklə dövlətin bütün maliyyə yardımından faydalanmaq və daha çox sosial yardım əldə etmək olardı.
Pandemiya dövrünün “acı nəticələri” bir daha təsdiq etdi ki,  hər bir sahibkar və vətəndaş şəffaf fəaliyyət göstərməlidir. Bu həm dövlət, həm sahibkar, həm də vətəndaş üçün ən doğru olandır.
Bunu nəzərə alaraq iqtisadi fəaliyyətdə məsuliyyət və nizam-intizama üstünlük verilməli, bu birlik post-koronavirus dövründə də davam etdirilməlidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2020-ci ili “Dərinləşmiş islahatların davam etdirilməsi ili”  kimi xarakterizə edərək qiymətləndirib. Bu, Pandemiyadan sonra da  islahatların dərinləşməsi və şəffaflığın gücləndirilməsi kimi qəbul olunmalıdır. Bu sahədə həyata keçirilən bütün tədbirlər ondan xəbər verir ki, iqtisadiyyatın ağarması, şəffaflığın gücləndirilməsi həm qeyri-rəsmi məşğulluğun azalmasına,  həm də rəsmi məşğulluğun miqyasının genişləndirilməsi ilə gizli iqtisadiyyatın miqyasının kiçildilməsinə, eyni zamanda büdcəyə daxilolmalara birbaşa təsir göstərəcəkdir.
Eyni zamanda ölkənin iqtisadi təhlükəsizliyini birbaşa təhdid edən korrupsiyaya və rüşvətxorluğa qarşı ən ciddi şəkildə mübarizə aparılır və bu kompleks tədbirlər biznes mühitinin yaxşılaşdırılmasına öz dəstəyini verəcəkdir. Sağlam rəqabətin təmin edilməsi üçün geniş şərait yaradılır. Beləliklə Azərbaycan ölkə başçısı cənab İlham Əliyevin yeni iqtisadi strategiyası əsasında inkişaf dinamikasını davam etdirir və bütün dəyişikliklər isə bir hədəfə yönəlib: Azərbaycan vətəndaşının rifahının yaxşılaşdırılması!

Keçidlər