Şriftin ölçüsü :

Saytın rəngi :

Dağlıq Qarabağda xunta rejiminin keçirdiyi saxta prezident və parlament “seçki”ləri beynəlxalq hüququn əsas norma və prinsiplərinə ziddir

09 iyun 2020 | 16:00

Bu gün, bütün dünya ictimaiyyəti planeti bürümüş dəhşətli koronavirus pandemiyasına qarşı fəal mübarizə apardığı bir vaxtda 2020-ci il martın 31-də Ermənistan Azərbaycanın beynəlxalq miqyasda tanınmış ərazisi olan Dağlıq Qarabağdakı separatist, oyuncaq rejimdən istifadə edərək işğal olunmuş ərazidə qeyri-qanuni və qeyri-legitim, qondarma “parlament və prezident seçkiləri” keçirib. Hamıya tamamilə aydındır ki, bu qondarma seçkilər beynəlxalq hüququn əsas norma və prinsiplərinə ziddir və belə “seçkilər”in nəticələrinin heç bir hüquqi əhəmiyyəti yoxdur.
Ermənistan Xarici İşlər Nazirliyinin bu məsələyə dair bəyanatı ilə tanış olan hər kəs çox yaxşı anlayır ki, Paşinyan rejimi ermənilərə xas olan xəyallar dünyasında yaşamağa davam edir. Heç bir beynəlxalq struktur, özünə hörmət edən heç bir dövlət Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Dağlıq Qarabağda keçirilmiş qeyri-qanuni və qeyri-legitim, qondarma “parlament və prezident seçkiləri”ni tanımayıb və tanımır.
Özünü “demokrat” kimi qələmə verən Paşinyan bu “obraz”dan Qərbə təzyiq üçün istifadə etmək ümidindədir. Belə cəfəng xəyallar, həmçinin müharibənın Azərbaycan üçün ədalətə nail olmağın yeganə üsulu olması faktı baş nazir Paşinyanın qeyri-peşəkarlığını, onda strateji təfəkkürdən əsər-əlamət olmamasını və böyük siyasət üçün tamamilə yararsız olduğunu göstərir.
Ermənistanın hərbi və siyasi rəhbərliyinin, həmçinin Dağlıq Qarabağdakı oyuncaq, separatist rejimin nümayəndələrinin gülünc bəyanatları və qondarma seçki şousu göstərir ki, onlar ciddi narahatlıq, qorxu, isterika və təlaş içindədirlər. Azərbaycan ordusu isə cəbhə xəttində hadisələrin istənilən ssenari üzrə inkişafına hazırdır. 2016-cı ilin aprelin əvvəlində Ermənistanın hərbi provokasiyalarına cavab olaraq və öz vətəndaşlarının təhlükəsizliyin təmin olunması üçün Azərbaycan ordusunun Ermənistan silahlı qüvvələrinə sarsıdıcı hərbi zərbələr endirməsini hələ heç kəs unutmayıb.
Prezident İlham Əliyev Tərtər Olimpiya İdman Kompleksinin açılışı zamanı Qondarma Dağlıq Qarabağ xunta rejimində 31 martda keçirilən prezident və parlament, 14 apreldə keçirilən prezident seçkiləri ilə bağlı haqlı olaraq, Avropa Şurası Parlament Assambleyasından başqa bütün nüfuzlu beynəlxalq təşkilatların və dövlətlərin keçirilən seçkiləri tanımadıqlarını bəyan etdiklərinə və qınadıqlarına diqqət çəkdi: "ATƏT-in Minsk Qrupunun həmsədrləri - Amerika, Fransa, Rusiya açıqlama verdi. ATƏT Parlament Assambleyası açıqlama verdi. Avropa İttifaqı, hətta bəzən bizə qərəzli mövqedə dayanan Avropa Parlamenti də açıqlama verdi. NATO, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Türk Şurası - bütün bu təşkilatlar dünyanın demək olar ki, mütləq əksəriyyətini cəmləşdirir. Qoşulmama Hərəkatında 120 ölkə, İslam Əməkdaşlıq Təşkilatında 50-dən çox ölkə, Avropa İttifaqında 30-a yaxın ölkə, ATƏT-də 50-yə yaxın ölkə. Bütün bu təşkilatlar bu “seçkiləri” tanımadı və bir daha göstərdilər ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Ancaq Avropa Şurası Parlament Assambleyası susqunluq nümayiş etdirdi. AŞPA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennak və Roger Qey bu məsələdə indiyədək də səssizlik nümayiş etdirməkdə davam edirlər. Baxmayaraq ki, 2001-ci ilin yanvarında Avropa Şurasına eyni gündə üzvlüyə qəbul olunan zaman Azərbaycan və Ermənistan bu təşkilat qarşısında bir sıra öhdəliklər götürüblər. Bunlardan biri də Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələdir. Həmin öhdəliklərin monitorinqini Avropa Şurası həyata keçirir. Deməli, münaqişə məsələsinə dair fikir bildirmək elə həmməruzəçilərin birbaşa mandatına daxildir. Amma bu həmməruzəçilərin susmaları işğalçı ermənilərin mövqelərini müdafiə etmələrinə daha bir sübutdur. Görünən budur ki, bütövlükdə Avropa Şurası dolayısı ilə bu qeyri-qanuni seçkilərə münasibətdə özünün mövqesizliyini nümayiş etdirdi".
Avropa Şurası Parlament Asssambleyasının hətta özünün qəbul etdiyi qərarlara əməl etməməsi bu qurumun qəbul etdiyi qətnamələrin kağız parçası olduğunu sübuta yetirir. Prezident İlham Əliyev öz nitqində tamamilə haqlı olaraq ermənilərin Azərbaycana qarşı ekoloji terror həyata keçirdiklərinə də toxunub: “Məlumdur ki, 2016-cı il yanvarın 26-da Avropa Şurası Parlament Assambleyası tərəfindən “Azərbaycanın sərhəd rayonlarının sakinləri qəsdən sudan məhrum edilib” adlı qətnamə qəbul ediməsi və həmin qətnamədə “Ermənistan silahlı qüvvələrinin sözügedən regiondan dərhal çıxarılması və Ermənistan hakimiyyətinin su resurslarından siyasi təsir və ya təzyiq vasitəsi kimi istifadə etməyi dayandırması” ilə bağlı tələb olunur. Amma, bu qətnamənin qəbul edilməsindən 4 ildən çox vaxt keçməsinə baxmayaraq, Ermənistan Azərbaycana qarşı ekoloji terror siyasətini də davam etdirməkdədir. Sual olunur AŞPA nəyə görə öz qərarına Ermənistan tərəfindən məhəl qoyulmamasına reaksiya vermir. AŞPA nəyə görə hətta özünün qəbul etdiyi qətnamənin icrasını belə Ermənistandan tələb etmir, işğalçı ölkənin cinayətkar və beynəlxalq hüquqa sayğısızlıq üzərində qurulan davranışlarına qarşı adekvat addımlar atmır?. Bütün bunlar AŞPA-nın tamamilə nüfuzsuz bir təşkilata çevrilməkdə olduğunu nümayiş etdirir”. Cənab Prezident tamamilə haqlı olaraq qeyd etdi ki, bizə qarşı ünvanlanmış bütün ittihamların təməlində azərbaycanfobiya dayanır.

Keçidlər