Koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması ilə əlaqədar dövlətin yürütdüyü siyasətdə əsas amil vətəndaşların sağlamlığı, təhlükəsizliyi və rifahıdır
Koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması, bu virusa yoluxanların müalicəsinin yüksək səviyyədə təşkili, onların tezliklə sağalması istiqamətində görülən işlər birbaşa Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin nəzarətindədir. Virusun yayılmağa başladığı dövrdən dövlətimizin başçısının tapşırığına əsasən zəruri qabaqlayıcı, profilaktik və təxirəsalınmaz tədbirlər görüldü. Təsadüfi deyil ki, COVID-19 ilə bağlı Azərbaycanda görülən işləri Ümumdünya Səhiyyə Təşkilatı bu gün nümunə kimi göstərir. Bu istiqamətdə görülən kompleks işlər çərçivəsində Prezident İlham Əliyevin təşəbbüsü ilə modul tipli 10 yeni xəstəxananın tikintisinin xüsusi əhəmiyyəti var.
İyunun 9-da Bilgəh və Saray qəsəbələrində, həmçinin Sumqayıt şəhərində COVID-19 pandemiyasının ölkəmizdə yayılması ilə mübarizədə olduqca mühüm önəm daşıyacaq üç modul tipli xəstəxana istifadəyə verilib. Koronavirus xəstələrinin qəbulu və müalicəsi üçün hər cür şəraitin yaradıldığı, ümumilikdə 100 palata və 200 çarpayı yeri olan həmin üç korpuslu tibb müəssisələri mərkəzləşdirilmiş oksigen generator sistemi ilə təchiz olunub. Bununla da respublikamızda səhiyyə sisteminin əlavə 2 min çarpayılıq ehtiyatı yaranıb.
Bütün bunlar pandemiya ilə mübarizə çərçivəsində Azərbaycan Prezidentinin birbaşa həyata keçirdiyi qətiyyətli, preventiv siyasətin məntiqi nəticəsi, dövlətimizin başçısının tapşırığı ilə hazırlanan dəstək paketlərinin yüksək səviyyədə icra olunmasının bariz ifadəsi, həmçinin Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatının qiymətləndirdiyi kimi, koronavirusla ən uğurlu mübarizə aparan ölkələr sırasında xüsusi yer almasının təsdiqidir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə iyunun 9-da üç modul tipli xəstəxananın açılışında dövlətimizin başçısı yuxarıda qeyd edilənlərlə bağlı ətraflı məlumat verib. Ölkə rəhbəri çıxışında yaxın gələcəkdə – təxminən ayın sonuna qədər qalan 6 xəstəxananın da istifadəyə veriləcəyini, bununla da bu cür tibb müəssisələrinin sayının 10-a çatacağını və nəticədə koronavirusla bağlı mübarizədə mövcud imkanların daha da genişlənəcəyini diqqətə çatdıraraq qeyd edib ki: “Sevindirici hal ondan ibarətdir ki, bu 10 xəstəxananın 4-nü özəl sektor öz vəsaiti hesabına inşa edəcək. Beləliklə, dövlətin üzərində yük bir qədər azalır. Bildiyiniz kimi, mənim təşəbbüsümlə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıbdır və ilkin olaraq Prezidentin ehtiyat fondundan bu fonda 20 milyon manat vəsait ayrılmışdır. Ancaq bu gün sahibkarlar və adi vətəndaşlar hesabına fonda yığılmış məbləğ 100 milyon manatı ötüb. Bu, bir daha onu göstərir ki, xalqımız çətin dövrdə birləşə, həmrəylik və birlik göstərə bilir. Ona görə mən özəl sektorun bu işlərdə fəal rolunu dəstəkləyirəm. Eyni zamanda, ictimai təşkilatlar, ilk növbədə, Heydər Əliyev Fondu və digər ictimai təşkilatlar, sahibkarlar bu dövrdə maddi vəziyyəti aşağı olan insanlara humanitar yardım da göstərmişlər və bu proses davam edir. Amma hər kəs bilir ki, bu mübarizədə, əlbəttə ki, əsas yük Azərbaycan dövlətinin üzərinə düşür. Azərbaycan dövləti əlindən gələni edir ki, biz bu vəziyyətdən az itkilərlə çıxa bilək”.
Dövlətimizin başçısı çıxışında görülmüş bütün tədbirlərin mərkəzində məhz Azərbaycan vətəndaşlarının sağlamlığının dayandığını və qabaqlayıcı tədbirlər sayəsində hazırda vəziyyətə tam nəzarət edildiyini vurğulayıb. Ölkə rəhbəri son 10 gün ərzində yoluxanların sayının artmasından narahatlığını da diqqətə çatdıraraq, belə bir vəziyyətin yumşalma dövründə bəzi vətəndaşların məsuliyyətsizliyi üzündən yarandığını xatırladıb. Eyni zamanda, mövcud şəraitin diqqət mərkəzində saxlanıldığını, xəstəxanaların reanimasiya şöbələrində kifayət qədər yer olduğunu qeyd edib.
Prezident İlham Əliyev pandemiyaya qarşı mübarizədə qabaqlayıcı tədbirlərin mühüm rol oynadığını, bu məqsədlə dövlətin ayırdığı böyük vəsait hesabına tibbi avadanlıq, dərman preparatları, yeni laboratoriyalar alındığını bildirib. Eyni zamanda, COVID-19-dan əziyyət çəkən işsiz şəxslərə, aztəminatlı təbəqəyə aid insanlara, sahibkarlara böyük həcmdə maliyyə vəsaiti xərclənib. Beləliklə, sosial dəstək tədbirlərinin miqyası genişləndirilməklə bir daha həyata keçirilən siyasətin önündə vətəndaş amilinin dayandığı, eyni zamanda, dövlətimizin başçısının hər bir vətəndaşın Prezidenti olduğu təsdiqlənib.
Prezident İlham Əliyev çıxışında vətəndaşlara virusdan qorunmaq üçün müvafiq tövsiyələrini də çatdıraraq, tibbi maskalardan daha çox istifadə edilməsinin zəruriliyini, bütün qapalı yerlərdə – ictimai nəqliyyatda, ofislərdə, alış-veriş mərkəzlərində bu qoruyucu vasitəyə üstünlük verilməsinin önəmini bildirib: “Açıq havada bu, tövsiyə olunur, əgər yaxın təmas yoxdursa, maskadan istifadə etməmək də olar. Ancaq qapalı şəraitdə hər kəs mütləq maskadan istifadə etsin, hər kəs məsafə saxlasın və şəxsi gigiyenaya fikir versin. Bu amillər insanları həkimlərin yekdil rəyinə görə, 95 faiz qoruyur. Ona görə vətəndaşlardan artıq dərəcədə xahiş edirəm ki, bu çox sadə qaydalara əməl etsinlər və bilsinlər ki, koronavirus yoxa çıxmayıb”.
Burada aydın görünür ki, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə təkcə inkişaf yolu qət etmir, dövlət başçısı fövqəladə hallar, təbii fəlakətlər zamanı zərər çəkən vətəndaşlarının sosial rifahının qayğısına qalır. Bütün dünyanın koronavirusla mübarizə apardığı bir dövrdə də ölkə rəhbəri insan amilinin əsas olduğunu diqqətə çatdırır, açıq şəkildə bildirir ki, dövlətin yürütdüyü siyasətdə əsas amil vətəndaşların sağlamlığı, təhlükəsizliyi və rifahıdır.