Şriftin ölçüsü :

Saytın rəngi :

Milli Qurtuluş Günü Azərbaycanın xaosdan, anarxiyadan, hərc-mərclikdən, parçalanma təhlükəsindən qurtulduğu, sabitliyə, əmin-amanlığa, demokratiyaya qovuşduğu gündür

15 iyun 2020 | 16:00

XX əsrin sonlarında yenidən müstəqillik qazanmaq kimi tarixi fürsəti əldə edən Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üzləşdi. Ölkədə hakimiyyət böhranı 1993-cü ilin iyununda kulminasiya həddinə çatdı, xaos və anarxiya respublikanı bürüdü. Vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə birbaşa hədəfə aldı. Beləliklə, 1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq, avantürist eksperimentlər dövrü kimi xatırlanır. Bütün bunlar isə həmin dövrdə yeni yaradılmış müstəqil dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslərin rəhbərlik etməsinə görə baş verirdi. Hadisələri düzgün qiymətləndirə bilməyən o vaxtkı iqtidar əhali arasında gündən-günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi.
Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən davamlı işğalı, getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin gündən-günə ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu şərtləndirirdi. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. Beləliklə, 1993-cü il iyunun 9-da ulu öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı və Azərbaycan Xalq Cümhuriyyətinin taleyindən daha dəhşətli hadisələrin gözlənildiyi ölkəmizi bəlalardan, müsibətlərdən xilas etdi. Həmin gün, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı oldu, böyük qurtuluşa doğru mühüm addım atıldı. Xalqımızı nicata aparan yol bilavasitə həmin gündən başlandı.
İyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi. Ulu Öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü.
Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, dünyada Azərbaycanın nüfuzu daha da artır. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynadı. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk oldu və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd edilir.
Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Ulu Öndər Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi. Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ onu qoruyub inkişaf etdirmək idi və bu, Ümummilli Liderin iradəsi sayəsində reallığa çevrildi. Heydər Əliyev milli dövlətçiliyimizin konsepsiyasını yaratdı. Bütün maneələrə baxmayaraq ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu. AXC-Müsavat hakimiyyəti isə təbii ki, Heydər Əliyevin uğurlarını qısqanclıqla qarşılayıb ona mane olmağa çalışdı. Məhz belə bir mürəkkəb siyasi şəraitdə Heydər Əliyevin böyük potensialı Azərbaycanın müstəqilliyinin qarantına çevrildi. Ümummilli Liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, qətiyyəti, uzaqgörənliyi böhrana son qoydu, xalqımız Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşdi. Ümummilli Liderin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Respublikanın qarşısında duran problemlər mərhələlərlə həll olundu, əmin-amanlıq, siyasi sabitlik yarandı. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş başlandı, xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edildi.
Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz sosial-iqtisadi, siyasi və mənəvi tədbirlərin nəticəsi kimi, bir tərəfdən Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir olan nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmağa başlandı, digər tərəfdən, bütün siyasi və diplomatik vasitələrin işə salınması ilə 1994-cü ilin may ayında həyati əhəmiyyət kəsb edən atəşkəs əldə edildi. Atəşkəsin həyati əhəmiyyəti onda idi ki, məhz bu müqavilədən sonra ölkəmizin dünya birliyinə inteqrasiyası sürətləndi, öz iqtisadi potensialından səmərəli istifadə edərək dünya bazarına daxil olmağa şərait yaradan beynəlxalq müqavilələr, razılaşmalar və s. əldə edildi. Ölkə daxilində yaranmış nisbi sabitlikdən, həmçinin beynəlxalq aləmdə Azərbaycana münasibətdə artan inam və maraqdan istifadə edərək 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması və onun gerçəkləşdirilməsi də məhz ulu öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanan və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasının əsasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür. Heydər Əliyevin rəhbərliyi ilə respublikamız qədim İpək Yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz xətlərinin çəkilişi kimi qlobal layihələrin fəal iştirakçısına və təşəbbüskarına çevrildi. Həyatın bütün sahələrində tərəqqi və dirçəliş baş verdi. Heydər Əliyev dühasının xidmətləri olan bu nailiyyətlər Azərbaycanı məhv olmaqdan qurtardı, müstəqilliyimizi daimi, əbədi, sarsılmaz, dönməz etdi. Bütün bunlar 1993-cü il 15 iyun tarixinin nailiyyətləridir.
Ulu öndər Heydər Əliyev Azərbaycanı qüdrətli, nüfuzlu, demokratik dövlət kimi görmək istəyirdi, onun hər addım və hərəkətləri məhz buna yönəlmişdi. Məhz Ümummilli Liderin uzaqgörən siyasəti nəticəsində 1995-ci ilin noyabrında demokratik, hüquqi dövlətin təməlini təşkil edən Konstitusiya qəbul olundu. Beləliklə, ölkədə daha geniş miqyaslı islahatların aparılması üçün normativ-hüquqi bazanın formalaşdırılmasına başlandı.
Milli Qurtuluş Günü Azərbaycanın xaosdan, anarxiyadan, hərc-mərclikdən, özbaşınalıqdan, parçalanma təhlükəsindən qurtulduğu, sabitliyə, əmin-amanlığa, demokratiyaya qovuşduğu gündür. 15 İyun tarixi təkcə dövlətçiliyimizin xilası deyildi. Bu tarix həm də Azərbaycanın bu gününü, sabahını müəyyənləşdirdi.
Bütün şüurlu həyatını canından artıq sevdiyi xalqına, ölkəsinə həsr etmiş bu müdrik siyasi və dövlət xadimi tariximizdə müstəqilliyimizin memarı və qurucusu kimi yer tutub. Azərbaycan xalqı haqlı olaraq Heydər Əliyev irsini müstəqilliyinin təminatçısı kimi qəbul edir.
Qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Prezident İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib, ötən dövr ərzində möhtəşəm iqtisadi uğurlara imza atılıb. Bu gün xalqımız əmindir ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcək.

Keçidlər