Ermənistanın bugünkü reallığı: represiyya, təqiblər, həbslər…
Artıq bir müddətdir bütün dünya COVİD-19 virusunun yaratdığı dərin böhran və çətinliklərlə üz-üzədir. Qısa bir zamanda bütün ölkələri cənginə alan virusun yayılma arealı və təsiri o həddə gəlib çatdı ki, Ümumdünya Səhiyyə Təşkilatı bunu pandemiya elan etdi. XXI əsrin bəlası kimi qiymətləndirilən bu pandemiya dünyanın sosial-iqtisadi mənzərəsini dəyişməklə yanaşı, ayrı-ayrı ölkələrin səhiyyə sistemlərini də sınağa çəkdi. Azərbaycan mövcud vəziyyətdən çıxış yolu kimi əvvəldən elə bir yol tutdu ki, bu yol bir çox dünya ölkələri üçün nümunə oldu. Ölkəmizin koronavirusa qarşı tətbiq etdiyi strategiya, hadisələrə fərqli yanaşma böhranın təsirlərinin minimuma endirilməsində mühüm rol oynadı. Qərb və Rusiya mətbuatı pandemiyaya qarşı “Azərbaycan nümunəsi”ni təqdir etməklə yanaşı, açıq bəyan edir ki, Ermənistan koronavirusla döyüşdə acı məğlubiyyətə uğradı.
Əhalisi 10 milyon 140 min nəfər olan Azərbaycanda yeni növ koronavirusa (COVID-19) yoluxma 10 min 991 nəfərdirsə, əhalisi cəmi 2 milyon 961 min nəfər olan Ermənistanda bu göstərici 18 min 33 nəfərə çatıb. Hazırda Azərbaycanda virusa yoluxma ilə əlaqədar müalicə alanların sayı 4 min 783 nəfərdirsə, Ermənistanda 8 min 52 nəfər müalicə olunur. Əgər Azərbaycanda koronavirusa yoluxanlardan 133 nəfər vəfat edibsə, Ermənistanda bundan 2 dəfədən də çox – 302 nəfər ölüb. Azərbaycanın pandemiyaya qarşı ümumi xərcləri 3,5 milyard manat olubsa, Ermənistanda bu rəqəm cəmi 300 milyon dollardır. Təkcə onu demək kifayətdir ki, hazırda Azərbaycanda 570 xəstəxana (44 000 ədəd çarpayı), Ermənistanda isə 130 xəstəxana (12 153 ədəd çarpayı) var. Pandemiyaya qarşı mübarizə çərçivəsində Ermənistan bu günə qədər heç bir ölkəyə yardım etməyib. Azərbaycan isə Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar, İrana 5 milyon dollar, eyni zamanda Çin, İran, İtaliya, Macarıstan, Özbəkistan, Bosniya və Herseqovina, Xorvatiya, Qırğızıstan, Pakistan, Moldova olmaqla, cəmi 30 ölkəyə yardım edib. Bunun özü də Ermənistanın xarici yardıma möhtac ölkə olduğunu və beynəlxalq aləmdə də belə qəbul edildiyini ortaya qoyur. Ermənistanda hər gün 500-700 arası insan koronavirusa yoluxur. Onların 5 faizi ağır keçirir, bu, olduqca ciddi rəqəmdir və səhiyyə bu qədər insana xidmət edə bilmir.
Təsadüfi deyil ki, Ermənistanda koronavirus pandemiyasının geniş yayıldığı son günlərdə KİV-də Baş Nazir Nikol Paşinyan hədəf olaraq seçilib və onun məsuliyyət daşıdığı bildirilir. Hətta iş o yerə çatıb ki, Nikol Paşinyan indi də qısa zamanda etimad göstərib vəzifəyə gətirdiyi insanları istefaya göndərir. Bununla da Nikol Paşinyan bütün məsuliyyəti öz kadrlarının üzərinə atmaqla, onları karantin tədbirlərini lazımi səviyyədə təşkil edə bilməməkdə ittiham etməklə öz imicini xalqın gözündə qoruyub saxlamağa çalışır. Amma bu da onun köməyinə yetmir. Belə ki, verdiyi vədlərin heç birini yerinə yetirməyən Nikol Paşinyan artıq xalqın da gözündən düşüb. Koronavirus pandemiyası populist çıxışları ilə hakimiyyəti zəbt etmiş Nikol Paşinyan və onun komandasının yarıtmaz fəaliyyətini bir daha ortaya qoyub. Şübhəsiz, bu da işğalçı ölkənin koronavirus pandemiyasının əsirinə çevrilməsindən, eləcə də güc strukturlarının və səhiyyə sisteminin, bir sözlə, Nikol Paşinyan hökumətinin həssas dönəmlərə hazır olmadığından xəbər verir. Elə bu səbəbdən sözügedən ölkənin siyasətçiləri, ziyalıları bu məsələdə Nikol Paşinyanı günahlandırırlar. Belə ki, onlar iddia edirlər ki, hər bir ölümdə Ermənistanın baş nazirinin əli var, çünki dövlət bu bəlaya qarşı mübarizədə operativlik göstərməyib, ancaq öz siyasi rəqiblərini zərərsizləşdirməkdə, daha çox inandıqlarını vəzifələrə gətirməkdə davam edib. Bu mənada Nikol Paşinyan insanların sağlamlığını deyil, yalnız öz hakimiyyətini saxlamaq üçün mübarizə aparır. Amma hökumətdəki kadr dəyişiklikləri heç bir uğurla müşayiət olunmur. Bu da baş nazirin öz komandasında birliyin olmamasından xəbər verir. İndi Nikol Paşinyana lənət oxuyanların arasında bir vaxtlar onunla ən yaxın müttəfiqlik münasibətlərində olan qüvvələr də var. Son olaraq işğalçı ölkədə vəziyyətin gərginləşməsinə səbəb isə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) "Çiçəklənən Ermənistan” Partiyasının sədri Qaqik Tsarukyana qarşı üç maddə üzrə cinayət işi açması və parlament tərəfindən onun deputat toxunulmazlığının ləğv edilməsidir. Q.Tsarukyanın həbs ediləcəyi istisna olunmur. Partiya sədrinin məhz Paşinyan hakimiyyətini tənqid etməsindən sonra təzyiqlərə məruz qalması baş verənlərin siyasi təqib olduğunu sübut edir. Üstəlik, parlamentdəki üçüncü ən böyük siyasi qüvvə olan “İşıqlı Ermənistan” Partiyası da hökumətin ölkədə islahatlar aparmağa qadir olmadığı qənaətindədir. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru, “Vətən” partiyasının sədri Artur Vanetsyan da fəallaşıb. Hətta erməni mətbuatının yazdığına görə, Paşinyan ondan xüsusi təhlükə hiss edir. Yaranmış vəziyyət eks-prezident Serj Sarkisyanın komandasını da fəallaşdırıb, onlar artıq revanş götürməyə hazırlaşırlar. Bu arada erməni hərbi ekspert Hayk Nahapetyan bütün nüfuzlu siyasi qüvvələri birləşməyə çağırıb. Onun fikrincə, hazırda Ermənistanda koronavirusdan xilas olmağın yolu Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaqdan keçir. Bir sözlə, işğalçı ölkədə mövcud siyasi gərginlik artmaqdadır. Beləliklə Paşinyan Ermənistanda rəqiblərini sıxışdırır. Populist çıxışları ilə tanınan Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra onun "demokratiya” adı altında ölkənin tanınmış siyasi və ictimai xadimlərinə qarşı repressiv vasitələrdən geniş şəkildə istifadə etməsi və onları bir-bir sıradan çıxararaq zərərsizləşdirməsi hər kəsə məlumdur. Ermənistanın baş naziri öz siyasi rəqiblərini bir-bir həbsə atır, onları hətta "asfalta uzatmaqla” hədələyir.
Bütün hallarda Ermənistanın daxili ictimai-siyasi həyatının gərginləşməsi, iqtidar-müxalifət münasibətlərinin neqativ formada inkişaf etməsi, koronavirus pandemiyası zamanı hökumətin qarşılaşdığı problemlər, sosial-iqtisadi problemləri həll edə bilməməsi Azərbaycanın maraqlarına cavab verir.