Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının COVİD-19-a qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyası keçiriləcək

29 iyun 2020 | 16:00

Pandemiya insanların həyatını təhlükə altına qoyan ciddi sağlamlıq problemləri yaratmaqla bərabər mənfi fəsadları hələ uzun müddət hiss olunacaq sarsıdıcı qlobal sosial-iqtisadi və humanitar təhlükələr yaratmışdır. Dünya müharibəsi ilə müqayisə olunan COVİD-19 pandemiyası şəraitində özünü təcrid və franqmentar xarakter daşıyan tədbirlər əvəzinə qlobal həmrəyliyə və qlobal baxışa böyük ehtiyac vardır.
Dünyada COVİD-19 pandemiyasının başlanmasından etibarən Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikası tərəfindən regional və qlobal səviyyədə koronavirusa qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürülür və əməli addımlar atılır.
Azərbaycan Prezidenti İlham Əliyevin pandemiyaya qarşı mübarizə çərçivəsində tədbirlərin görülməsi məqsədilə hazırda rəhbərlik etdiyi Qoşulmama Hərəkatı ölkələri adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə BMT-nin Baş katibi Antonio Quterreşə müraciət etməsi beynəlxalq aləmdə olduqca yüksək qiymətləndirilən bir təşəbbüsə çevirildi. Təsadüfi deyil ki, artıq BMT-nin 130-dək üzv dövləti tərəfindən Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsü dəstəklənib. Bu hər şeydən əvvəl Azərbaycanın beynəlxalq münasibətlər sistemində oynadığı rol və Prezident İlham Əliyevin lider kimi şəxsi nüfuzu ilə əlaqələndirilməlidir.
Bu təşəbbüsə qarşı çıxış edən yeganə dövlət Ermənistan olmuşdur. Bütün dünya COVİD-19-a qarşı mübarizədə qlobal həmrəyliyin vacibliyini vurğuladığı halda, Ermənistan qlobal xarakter daşıyan bu təşəbbüsə qarşı çıxış etməklə BMT sistemində və dünya dövlətləri arasında özünü rüsvay etdi. Bütün dünya bir daha Ermənistanın əsl irticaçı mahiyyətinin şahidi oldu.
Hazırda Azərbaycan iki beynəlxalq təşkilata rəhbərlik edir. Bunlardan biri Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, digəri isə Qoşulmama Hərəkatıdır.
Koronovirus pandemiyası real təhdidə çevrilməyə başlayanda buna qarşı birgə tədbirlər almaq üçün ilk dəfə Prezident İlham Əliyev beynəlxalq tədbirin keçirilməsi təşəbbüsü ilə çıxış edərək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri statusunda bu təşkilatın dövlət və hökumət başçıları səviyyəsində aprel ayında fövqəladə Zirvə görüşü keçirdi. Videokonfarns vasitəsilə keçirilən bu görüşə Ümumdünya Səhiyyə Təşkilatının sədri də qatıldı. Konfransda COVİD-19 qarşı mübarizə məsələləri müzakirə edildi və birgə tədbirlərin eyni zamanda qarşılıqlı yardımlaşmanın vacibliyi vurğulandı.
Bundan sonra yenə Azərbaycan Prezidentinin təşəbbüsü ilə mayın 4-də Qoşulmama Hərəkatının Təmas Qrupunun COVID-19 pandemiyasına həsr edilmiş onlayn Zirvə görüşü təşkil edildi. Bu tədbirdə Qoşulmama Hərəkatına üzv dövlətlərlə yanaşı, BMT-nin Baş katibi, BMT Baş Assambleyasının prezidenti, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru, Afrika İttifaqı və Avropa İttifaqı kimi beynəlxalq təşkilatların yüksək çinli nümayəndələri də iştirak etdilər. Bu səviyyədə iştirakçılıq bir tərəfdən problemin aktuallığı ilə bağlı idisə digər tərəfdən Azərbaycan Prezidentinin nüfuzu və beynəlxalq təşkilatın sədri kimi şəxsi təçəbbüskarlığı ilə əlaqədar idi.
Azərbaycan şəxsi nümunə göstərərək bu günə qədər dünyanın 30-a qədər ölkəsinə yardımlar edib. Eyni zamanda qarşılıqlı təcrübə mübadiləsi və ÜST-ün tövsiyyələri ölkəmizdə koronovirusa qarşı tədbirlər almaqda xeyli dərəcədə təsirli vasitəyə çevrilib.
130-a qədər BMT üzv dövləti tərəfindən Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin BMT Baş Assambleyasının Xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın və hörmətin növbəti göstəricisidir.

Keçidlər