Cənab Prezident videokonfrans formatında BMT-nin 31-ci xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə BMT tarixində bir ilkə imza atmışdır
Azərbaycan Respublikasının Prezidenti və Qoşulmama Hərəkatının (QH) sədri cənab İlham Əliyevin təşəbbüsü ilə QH-na üzv ölkələr adından pandemiyaya qarşı dövlət və hökumət başçıları səviyyəsində videokonfrans formatında BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi təklif edilmişdir. Bu təşəbbüsün 130-dan çox ölkə tərəfindən dəstəklənməsi ölkəmizə beynəlxalq aləmdə olan böyük etimadın və hörmətin bariz nümunəsi olmaqla yanaşı, dövlət başçımızın qlobal liderlik qabiliyyətinin daha bir göstəricisidir.
BMT tarixində 31 Xüsusi Sessiya keçirilmişdir. Bunlardan yalnız üçü dövlətlər tərəfindən çağrılmışdır. Lakin Azərbaycanın təklifi ilə Xüsusi Sessiya ilk dəfə olaraq dövlət və hökumət başçıları səviyyəsində və videokonfrans formatında olacaq. Beləliklə, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev öz önəmli təşəbbüsü ilə BMT tarixində bir ilkə imza atmışdır.
Pandemiyaya qarşı birgə mübarizənin vacibliyini önə çəkərək məhz Prezident İlham Əliyevin təşəbbüsü və sədrliyi ilə aprel və may aylarında Türk Şurasının və Qoşulmama Hərəkatının videokonfrans formatında, dövlət və hökumət başçıları səviyyəsində sammitləri keçirilmişdir. Hər iki toplantı bu qlobal təhlükəyə qarşı mübarizədə dünya dövlətlərinin həmrəyliyinin və əməkdaşlığının möhkəmlənməsi istiqamətində mühüm addım oldu.
Bütün bunlarla kifayətlənməyərək, cənab Prezident daha möhkəm qlobal həmrəyliyin təmin olunması məqsədilə BMT-nın xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə çıxış etdi və dünya dövlətlərinin böyük dəstəyini qazandı.
Baş Assambleyanın Prosedur Qaydalarının müvafiq bəndlərinə uyğun olaraq Baş Assambleyanın 31-ci xüsusi sessiyası iyulun 10-da öz işinə başlayıb. Xüsusi sessiyanın əvvəlində prosedur xarakterli məsələlərə baxılması, daha sonrakı mərhələdə isə müxtəlif liderlərin çıxışlarının dinləniləcəyi ümumi müzakirələr seqmentinin baş tutması planlaşdırılır. Şübhə yoxdur ki, Azərbaycan Prezidentinin təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi sessiyası koronavirus pandemiyasına qarşı beynəlxalq mübarizədə dünya ölkələrinin birgə səylərinin gücləndirilməsində mühüm rol oynayacaq, insanlığın bu dəhşətli bəladan azad olunması prosesində əhəmiyyətli tarixi hadisəyə çevriləcəkdir.