Şriftin ölçüsü :

Saytın rəngi :

Ermənistan rəhbərləriyi cəbhə bölgəsində təxribatçı addımlar atmaqla qanunsuz hakimiyyətinin müddətini uzatmağa çalışır

16 iyul 2020 | 16:00

İyulun 12-də Azərbaycan ordusu Ermənistanın Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində növbəti hərbi təxribat törətməsi cəhdinə layiqli cavab vermişdir. Azərbaycan Silahlı Qüvvələrinin cavab atəşi və əks-həmləsi nəticəsində Ermənistan silahlı qüvvələrinin hücum cəhdinin qarşısı alınmışdır. Yayılmış videolardan da göründüyü kimi,  Azərbaycan Ordusu Ermənistanın hərbi bölmələrinin mövqeyinə güclü zərbə endirib, nəticədə düşmənin texnikası və 30 nəfərdən çox canlı qüvvəsi məhv edilib.
Əvvəlki Ermənistan rəhbərlərindən fərqli olaraq qısa müddətdə Qarabağ problemini həll edəcəyini söz verərək hakimiyyəti mənimsəyən Paşinyan hökuməti Azərbaycan ilə sərhəddə atəşkəsi pozaraq son zamanlarda ona qarşı revanş alan siyasi müxalifətin fəaliyyətini məhdudlaşdırmağa, Azərbaycanın düşmən obrazını qabardaraq erməni xalqını həmrəyliyə dəvət etməyə və bununlada müxalifəti susdurmağa səy göstərir. Hazırda artıq ona verilən müddət sona yaxınlaşdığından və problemi həll edə bilmədiyindən istənilən təxribata əl atmağa hazır olduğu üçün dövləti, ordunu da bu oyununa qurban verərək cəbhə bölgəsində təxribatçı addımlar atmaqla diqqəti yayındırmağa, hər vəchlə qanunsuz hakimiyyətinin müddətini uzatmağa çalışır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev cəbhə xəttindəki operativ məlumatla tanış olan kimi Təhlükəsizlik Şurasının iclasını keçirmişdir. Cəbhənin Tovuz istiqamətində baş verənləri Ermənistan tərəfinin növbəti təxribatı adlandıraraq bu təxribatın qarşısının da uğurla alındığını və düşmənə adekvat cavab verildiyini qeyd etmişdir. Prezident həm də, baş verənlərə görə bütün məsuliyyətin işğalçı Ermənistan rəhbərliyinin üzərinə düşdüyünü qeyd etməklə yanaşı, onların yürütdükləri ikili və riyakar siyasəti qətiyyətlə pisləyərək, işğalçıların bir tərəfdən beynəlxalq ictimaiyyətə müraciət edib sərhəd bölgəsində atəşkəsin möhkəmləndirilməsinə köməklik edilməsini xahiş etdiklərini, digər tərəfdən də bu cür hərbi təxribatlara əl atdıqlarını deyib. Bu çirkin və məkrli siyasətin Ermənistanı uçuruma apardığını vurğulayan dövlət başçısı, ordumuz tərəfindən düşmənə vurulan sarsıdıcı zərbələrin sərhədlərimizin ləyaqətlə qorunduğunun bariz nümunəsi olduğunu bildirdi.
Ermənistan tərəfi dünya ictimaiyyətinin COVİD-19 pandemiyası dövrü bütün münaqişələrin dayandırılması çağırışına məhəl qoymayaraq beynəlxalq səviyyədə centlemen sayağı razılığı kobud şəkildə pozması ATƏT Minsk qrupu həmsədr ölkələri, Avropa Şurası və digər beynəlxalq təşkilatlar tərəfindən qınanmayıb. ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anjey Kaspirşik də məsələyə münasibət bildirməyib. Beynəlxalq təşkilatların, dünyanın  böyük dövlətlərinin buna biganə yanaşması təbii ki, birmənalı qarşılanmır. Dövlət başçısı cənab İlham Əliyev ən yüksək tribunalardan bəyan edir ki,  necə olur despotik və orta əsrlər rejiminin idarə etdiyi bu cür korrupsiyaya uğramış, uğursuz dövlət uzun illər ərzində beynəlxalq hüququ pozmağa, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və dünyanın aparıcı ölkələrinin bəyanatlarına məhəl qoymamağa müvəffəq olur? Buna cavab ikili standartlardır. Təcavüzkara heç bir beynəlxalq təzyiq göstərilmir, Ermənistan hakimiyyətinə heç bir beynəlxalq sanksiya tətbiq edilmir.
Bu gün dünyanın müxtəlif ölkələrində yaşayan diaspor təşkilatları və nümayəndələri bu təxribat əməlinə qarşı etiraz bəyanatları yayır, beynəlxalq təşkilatları təcavüzkara qarşı addımlar atmağa çağırırlar.
Qardaş Türkiyə Cümhuriyyəti də Ermənistan atəşkəsi pozmasını şiddətlə qınamış və hər zamankı kimi Azərbaycanın yanında yer aldığını bildirmişdir.
İran İslam Respublikası Xarici işlər nazirliyinin mətbuat katibi Seyyid Abbas Musəvi atəşkəsin pozulması zamanı Azərbaycan tərəfinin verdiyi itkilərlə bağlı təəssüfünü bildirmiş və Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasında İran tərəfinin vasitəçiliyə hazır olduğunu bir daha təkrarlamışdır.
Ukrayna Xarici İşlər Nazirliyi  iyulun 12-də Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində artilleriya atəşi nəticəsində vəziyyətin gərginləşməsi ilə əlaqədar münaqişənin beynəlxalq hüququn qəbul olunmuş prinsip və normaları, həmçinin,  BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri əsasında sülh yolu ilə həll edilməsi yollarını axtarmağa çağırıraraq vəziyyətin Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində onun suverenliyi və ərazi bütövlüyü əsasında siyasi yolla tənzimlənməsinin tərəfdarı olduqlarını qeyd etmişdir.
Şəhidlərimizin dəfn olunduğu rayonlarda insanlar mənfur düşmənə qarşı intiqam, torpaqlarımızın azad olunması üçün hərbi əməliyyatlara tam dəstək ifadə edirlər. Ölkədə bu günlər əsl ordu-xalq vəhdəti nümayiş etdirilir. Bütün bu baş verənlər Azərbaycan xalqının və Azərbaycan ordusunun gücünü bir daha göstərdi. Göstərdi ki, şanlı ordumuz istənilən vaxt düşmən təxribatının cavabını verməyə hazırdır və qadirdir. Əks-tədbirlər nəticəsində Azərbaycan tərəfi qısa müddətdə düşmənə qətiyyətli və adekvat cavab verdi. Əsaslı şəkildə qurulmuş nizami ordu Ali Baş Komandan İlham Əliyevin çağırış və tapşırıqlarını yerinə yetirərək torpaqlarımızı işğaldan azad etməyə tam hazırdır.

Keçidlər