Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident İlham Əliyev: “12 iyul əməliyyatının Azərbaycan Ordusunun şanlı tarixində öz yeri olacaq”.

17 iyul 2020 | 16:00

İyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilmişdir.
Dövlətimizin başçısı nitqində iyulun 12-dən başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlərdən söz açaraq bildirmişdir ki: “İyulun 12-də erməni silahlı qüvvələri Azərbaycan mövqelərinə artilleriya atəşi ilə zərbə endirmişlər və bu gözlənilməz zərbə nəticəsində bizim hərbçilərimiz həlak olmuş, yaralanmışlar. Ermənistan bu təxribatın səbəbkarı kimi Azərbaycanı göstərməyə cəhd etmişdir. Bizim Ermənistanla Azərbaycanın dövlət sərhədində hər hansı bir hərbi məqsədimiz yoxdur. Azərbaycan Silahlı Qüvvələri tərəfindən hərbçilərimizin intiqamı alınmış, onların qanı yerdə qalmamış və düşmənə elə bir zərbə endirilmişdir ki, uzun illər bundan sonra da yaddan çıxarmayacaqlar”.
Ölkə rəhbəri təxribatla əlaqədar Təhlükəsizlik Şurasının toplantısının çağırıldığını və vəziyyət müzakirə olunduğunu bildirərək vurğulamışdır ki: “Operativ vəziyyət imkan verən kimi jurnalistlər, səfirliklərin nümayəndələri həmin bölgəyə dəvət ediləcək, onlar vəziyyətlə tanış olacaq və yerində görəcəklər ki, bu təxribatı törədən kimdir”.
Dövlətimizin başçısı qəhrəmancasına şəhid olan general-mayor Polad Həşimov haqqında qeyd etmişdir ki: “Düşmən təxribatı nəticəsində şəhid olan general-mayor Polad Həşimov orduda çox böyük hörmətə malik olan bir insan idi. Aprel döyüşlərində öz rəşadətini göstərmişdi. Yüksək dövlət ordeni ilə təltif edilmişdi. Bütün şəhidlərin intiqamı qısa zamanda artıqlaması ilə alınmışdır. 2020-ci il, 12 iyul əməliyyatının Azərbaycan Ordusunun şanlı tarixində öz yeri olacaq”.
İclas zamanı Cənab Prezident mənfur qonşunun çirkin əməllərindən söz açaraq qeyd etmişdir ki: “Aprel döyüşlərində olduğu kimi, bu dəfə də mənfur qonşu bizim kəndlərimizi atəşə tutmuş və bunun nəticəsində 76 yaşında ağsaqqal Əziz Əzizov həlak olmuşdur. Mülki əhaliyə qarşı törədilən cinayətlər bir daha onu göstərir ki, Ermənistan faşist dövlətidir”.
Ötən illər ərzində düşmənimizin döyüşdəki uğursuzluqlarından danışan ölkə başçısı bildirmişdir ki: “Ermənistan heç vaxt açıq döyüşdə qələbə qazana bilməyib və bilməz. Torpaqların itirilməsi o vaxt hakimiyyətə göz dikmiş Azərbaycan Xalq Cəbhəsinin və onun başında dayananların xəyanətidir. O vaxt Azərbaycanda vəziyyəti qarışdırmaq, hərc-mərclik salmaq, hakimiyyəti yıxmaq üçün onlar Qarabağ bölgəsində xəyanət etmişlər. Son günlər ərzində baş vermiş toqquşmalar və qanlı döyüşlər Azərbaycan dövlətinin, ordusunun gücünü, xalqla iqtidar arasındakı birliyi bir daha göstərmişdir”.
Ölkə başçısı son günlər törədilən təxribatın səbəblərini də açıqlayıb: “Ermənistan tərəfindən törədilən hərbi təxribatın səbəbi Ermənistanda hazırda mövcud olan siyasi və iqtisadi böhrandır. Bu, heç kimə sirr deyil. Xaricdən maliyyələşən, xarici fondlardan maaş və təlimat alan, onların çevriliş texnologiyalarından bəhrələnən dəstə iki il bundan əvvəl hakimiyyəti qanunsuz yolla zəbt edəndən sonra bir çox vədlər vermişdi. Ona görə də, indi Ermənistan rəhbərliyinə hansısa bir böhranlı vəziyyət lazımdır ki, ictimai fikri bu əsas məsələlərdən yayındırsın və bu təxribata şüurlu şəkildə əl atıldı. Operativ məlumata görə, Ermənistanda bəzi kəndlər, şəhərlər boşalır. İndi panika yaranıbdır. Azərbaycan vətəndaşı isə öz torpağında ləyaqətlə yaşayır. Azərbaycan dövləti və Azərbaycan Ordusu onu qoruyur və qoruyacaqdır”.
Ölkə rəhbəri Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etməsi ilə bağlı məsələdən söhbət açmışdır: “Çirkin əməlləri törədəndən və Azərbaycan Ordusu tərəfindən layiqli cavab alandan sonra Ermənistan dərhal Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etmiş, yardım istəmiş, hay-haray qaldırmışdı ki, qoymayın bizi burada indi boğacaqlar, məhv edəcəklər. Təxribat törədiləndən dərhal sonra, iyul ayının 12-də günorta saatlarında Prezident müvafiq göstərişlər vermiş və beynəlxalq təşkilatlardakı nümayəndələrin, o cümlədən parlamentlərarası təşkilatlardakı nümayəndələrin hər biri təlimat almış və təmsil olunduqları təşkilatların rəhbərlərinə məsələ ilə bağlı dolğun məlumat vermişdirlər”.
Diplomatik fəaliyyətimiz ilə bağlı məsələyə toxunan ölkə başçımız bildirmişdir ki: “Bizim diplomatiyamız hücum diplomatiyası olmalıdır, passiv, özünü müdafiə edən diplomatiya olmamalıdır”. Ölkə başçısı tərəfindən bu məsələ dəfələrlə müxtəlif tədbirlərdə, Xarici İşlər Nazirliyində, Azərbaycanın xarici ölkələrdəki səfirləri ilə görüşlərdə dilə gətirilmişdir. Bütün beynəlxalq təşkilatlar, o cümlədən Minsk qrupunun həmsədrləri bunu bilirlər. XİN beynəlxalq təşkilatlarda Azərbaycana ünvanlanan əsassız ittihamlara cavab verməlidir, susmalı deyil. Ölkə başçısı bu barədə dəfələrlə öz mövqeyini bildirib, göstərişlər verib. Amma biz bu göstərişlərin həyatda öz əksini tapmasını müşahidə etmirik. Əfsuslar olsun ki, son vaxtlar bizim diplomatiyamız ölkəmizin uğurlu inkişafı ilə uzlaşmır, bəzi hallarda mənasız işlərlə, mənasız danışıqlarla məşğuldur.
Tədbir zamanı Cənab Prezident bütün vacib məsələləri xalq ilə bölüşdüyünü, eyni zamanda, xalqı narahat edən problemləri dərindən təhlil etdiyini vurğulamışdır: “Təsadüfən deyilmir ki, xalqın gözü tərəzidir. Azərbaycanda hakimiyyət xalq hakimiyyətidir, xalqın iradəsinə əsaslanan hakimiyyətdir”.
Azərbaycan-Türkiyə dostluğundan, Pakistan dövlətinin ölkəmizə olan dəstəyindən danışan ölkə başçısı bildirmişdir ki: “Bu günlərdə Azərbaycan tək qalmadı, qardaş Türkiyə Cümhuriyyəti və onun Prezidenti, Rəcəb Tayyib Ərdoğan Azərbaycanı dəstəklədi. Türkiyədən yenidən qardaşlıq, dostluq münasibəti gördük. Pakistan birmənalı mövqe bildirib, Azərbaycanın haqq işinə öz dəstəyini verib. Eyni zamanda, digər ölkələrin rəsmi nümayəndələri də Azərbaycanı dəstəklədilər. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası açıqlama verib”.
Dövlət başçısı çıxışında ölkə daxilində təxribatçı qrupların hərəkətləri barədə məsələyə toxunaraq bildirmişdir ki: “Ordumuzun düşmən hücumunu qəhərəmancasına dəf etdiyi gecə döyüşçülərimizə dəstək məqsədilə çoxsaylı insan Şəhidlər xiyabanına gəldi. Ancaq əfsuslar olsun ki, sonra oraya görünür bu məsələ ilə bağlı haradansa xəbər tutmuş bəzi təxribatçı qruplar da daxil oldular. Onların arasına Azərbaycan Xalq Cəbhəsinin tör-töküntüləri girib, bu gözəl və nəcib addıma kölgə salmağa, qanunsuz əməllər törətməyə çalışdılar. Təbii ki, Daxili İşlər orqanları tərəfindən onların bu əməllərinə qısa müddət ərzində son qoyuldu”.
Ölkə Prezidentinin də söylədiyi kimi, xalq-iqtidar arasında olan birliyi, həmrəyliyi hər hansı bir mənfi qüvvə poza bilməz: “Biz dövlətimizi qoruyuruq, qoruyacağıq. Azərbaycan xalqı dəfələrlə vətənpərvərlik göstəribdir. Biz bilirik nə etmək lazımdır, nə vaxt etmək lazımdır və necə etmək lazımdır. Bu günə qədər bizim bütün addımlarımız uğurlu olub - istər döyüş meydanında, istər siyasi müstəvidə, istər daxili vəziyyətlə bağlı, iqtisadi və digər sahələrdə”.

Keçidlər