Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət başçısının Tovuz rayonuna dəyən ziyanın aradan qaldırılması barədə sərəncamına əsasən təcili tədbirlər görülür

23 iyul 2020 | 16:00

İyulun 20-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Azərbaycan Respublikasının Tovuz rayonunun Ermənistan Respublikası Silahlı Qüvvələrinin intensiv atəşə tutması nəticəsində həmin kəndlərdə yaşayan mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Bu Sərəncamla dövlət qurumlarına Tovuz rayonunda mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın qısa müddətdə qiymətləndirilməsi tapşırılıb.
Sərəncamın icrası ilə əlaqədar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin nümayəndələri, habelə Tovuz Rayon İcra Hakimiyyətinin əməkdaşları və mütəxəssislərdən ibarət İşçi Qrup yaradılıb. Vəziyyətlə bilavasitə yerində tanış olmaq və qiymətləndirmə işlərinin aparılması məqsədilə mütəxəssislər Tovuz rayonuna ezam olunublar.
Hazırda mütəxəssislər hücuma məruz qalmış yaşayış məntəqələrində hərbi təcavüzdən zərər çəkmiş dinc əhalinin, onların əmlakının, dövlət obyektlərinin vəziyyəti öyrənilir, müvafiq müayinə və ekspertiza işləri aparılır.
Əsas ziyanın Tovuz rayonunun 6 yaşayış məntəqəsinə – Ağdam, Əlibəyli, Dondar Quşçu, Vahidli, Yuxarı Öysüzlü və Aşağı Öysüzlü kəndlərinə dəydiyi məlumdur. İlkin qiymətləndirmələrə görə, bu kəndlərdə dinc əhaliyə məxsus 35 ev və yardımçı tikililərin, habelə vətəndaşların şəxsi əmlakının və əkin sahələrinin müxtəlif dərəcədə ziyan gördüyü müəyyən edilib. İntensiv atəş nəticəsində dövlət əmlakına da zərər dəyib. Bu əsasən, kəndlərə çəkilən qaz boruları, elektrik naqilləri, sosial və rabitə infrastrukturudur.
Dəymiş ziyan tam həcmdə müəyyən edildikdən və qiymətləndirmə aparıldıqdan sonra dinc əhaliyə, yaşayış ərazilərinə, dövlət və bələdiyyə əmlakına, təsərrüfatlara, infrastruktura dəymiş ziyanın aradan qaldırılması ilə bağlı hökumət tərəfindən Tədbirlər Planı hazırlanacaq, zərər vurulmuş obyektlərin və yaşayış evlərinin tam bərpası işlərinin sürətlə həyata keçirilməsi üçün təkliflər Azərbaycan Prezidentinə təqdim ediləcək. Dəymiş zərərin müəyyənləşdirilməsi və qiymətləndirilməsinin qısa müddətdə başa çatdırılması üçün mütəxəssislər qrupuna bütün zəruri dəstək göstərilir. Həm vətəndaşlar, həm də dövlət əməlakına dəyən ziyanın tezliklə aradan qaldırılması biləvasitə Prezidet İlham Əliyevin nəzarətindədir. Bütün qüvvələr səfər edilib ki, kəndlərdə həyat tezliklə  əvvəlki axarına qayıtsın.
Bununla yanaşı Tovuz rayonu istiqamətində döyüşlərdə şəhid olan bütün hərbi qulluqçuların ailələrinin qayğıları öyrənilir və onların həlli istiqamətində addımlar atılır. Dövlət başçısının tapşırığı ilə şəhid general Polad Həşimov və şəhid polkovnik İlqar Mirzəyevin ailəsinə mənzil verilib. Yeri gəlmişkən, Birinci vitse-prezident Mehriban Əliyeva da Tovuz istiqamətində şəhid olan 12 hərbçi ilə bağlı Heydər Əliyev Fonduna tapşırıq verib, onların ailə üzvlərinin bütün qayğıları daim Fondun nəzarətində olacaq. Azərbaycan dövləti eyni zamanda vətəndaşının təhlükəsiz yaşaması üçün bütün təbirləri görür, insanlar Ordumuzun qüdrətinə arxayındırlar.
Onu da bildirək ki, bu gün Ermənistanla həmsərhəd olan bütün yaşayış məntəqələrimizdə həyat öz axarında davam edir. Çüki hər kəs Ali Baş Komandana, dövlətinə və qüdrətli Azərbaycan Ordusuna güvənir. Azərbaycan əsgəri kimi, cəbhə bölgəsində yaşayan hər bir Azərbaycan vətəndaşı da öz əzmi, şücaəti ilə düşmənin istənilən təxribatına cavab verməyə hazırdır.
Vurğulamaq lazımdır ki, 2016-cı il aprel döyüşlərindən sonra Prezident İlham Əliyevin yeni həyat bəxş etdiyi və "Böyük Qayıdış"ın rəmzinə çevrilən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi cəbhəyanı bölgələrdə normal həyat tərzinin bərpa edilməsinin nə dərəcədə vacib olduğunun əyani göstəricisidir. Ağdam və Tərtər rayonlarında da döyüş əməliyyatları zamanı yaşayış məntəqələrində ciddi ziyan dəymiş evlərin və sosial obyektlərin tikintisi, təmiri və bərpası işləri cəmi altı ay ərzində başa çatdırılmışdır.
Azərbaycan dövləti vətəndaşlarının təhlükəsiz yaşamasının qarantıdır. Tovuz rayonuna dəyən zərərin tezliklə aradan qaldırılması bunun daha bir göstəricisi olacaq.

Keçidlər