Şriftin ölçüsü :

Saytın rəngi :

Ermənistan–Azərbaycan Dağlıq Qarabağ məsələsi yarımçıq yox, birdəfəlik həll olunmalıdır.

24 iyul 2020 | 16:00

Ölkəmizdə şəhid ailələrinin, müharibə əlillərinin problemləri dövlət tərəfindən daim diqqət mərkəzindədir. Ölkə Prezidenti cənab İlham Əliyevin 22 iyul 2020-ci il tarixində Xətai rayonunda müharibə əlilləri, şəhid ailələri və rayon ictimaiyyəti  ilə görüşü zamanı dövlət başçısı bunu öz çıxışında bir daha bildirmiş və son illər ərzində bu sahədə dövlətimiz tərəfindən mühüm işlərin görüldüyünü və davamlı olaraq görüləcəyini vurğulamışdır. Bu kateqoriyadan olan 8000 ailənin mənzillərlə, 7000 nəfərin isə minik avtomobilləri ilə təmin edildiyni bildirmiş, cari ildə isə 1500 şəhid ailəsi və müharibə əlilinin mənzillərlə təmin edildiyini, eyni zamanda, əlillər üçün 400 minik avtomobilinin də nəzərdə tutulduğunu söyləmişdir. Bu il bu sahədə ən böyük göstəriciyə nail olunduğunu vurğulayan cənab Prezident bu işin davamlı olacağını nəzərə çatdırmışdır.
Bundan əlavə, Azərbaycan dövləti qaçqın və köçkün ailələrinin problemlərini həll edir və həll etmək əzmindədir. Təkcə bu il yeddi mindən artıq bu kateqoriyadan olan ailələr mənzillə təmin ediləcəkdir. Sevindirici haldır ki, özəl sektorumuz da, bu sahədə mühüm işlər görməyə meyllidir. Belə təşəbbüslə çıxış edən “Kapital Bank” 68 mənzil tikərək bu kateqoriyadan olan insanlara təhvil vermişdir. Özəl şirkət olan “Paşa Holdinq” tərəfindən Qobu qəsəbəsində üç şəhərcik tikilərək istifadəyə verilmişdir. 4000 köçkün ailəsi burada mənzillə təmin edilmişdir. Bundan əlavə bu şəhərciklərdə məktəb kompleksləri, tibb müəssisələri, mədəni-maarif, məişət, ticarət obyektləri də tikilib əhalinin istifadəsinə verilmişdir. Görülən bu işlər ölkə başçısının apardığı düzgün siyasətin və  vətəndaş həmrəyliyinin bariz nümunəsidir.
Ölkə başçısı Xətai rayonu ictimaiyyəti qarşısındakı çıxışı zamanı bildirmişdir ki: “Bu gün onun göstərişinə uyğun olaraq, pensiyalar orta hesabla 27 faiz, işlək təbəqənin orta əməkhaqqı isə 25 faiz artıb. Bundan əlavə sosial sahədə  bir çox daha böyük işlər görülüb. Belə ki, şəhid ailələrinə verilən müavinətlər 250 manatdan 300 manata, köçkünlərimizin müavinətləri 50% artırılıb. Müharibə veteranlarına  verilən müavinət də 80 manata çatdırılmışdır və bu son deyil. Ilin sonuna kimi bir sıra sosial paketlərin icrası istiqamətində mühüm işlərin görülməsi nəzərdə tutulur. Baxmayaraq bu gün bizim də ölkəmiz pandemiya  dövrünü yaşayır, açıq deməliyik, bu hal bütün dünyanı az qala böhran vəziyyətinə çatdırmışdır. Bundan  başqa, digər neft ölkələri kimi bizim ölkəmizin də neftin qiymətinin dünya bazarında aşağı düşməsi nəticəsində gəlirləri azalmışdır. Bunu nəzərə almayaraq, biz respublikamızda sosial layihələrə ayrılan vəsaitlərin azalmasına yol verməmişik və heç vaxt verməyəcəyik”.
Dövlət Başçısı nitqinin sonunda bir daha bildirdi ki, Ermənistan –Azərbaycan Dağlıq Qarabağ məsələsi yarımçıq yox, birdəfəlik həll olunmalıdır. Münaqişənin yarımçıq həlli bizə lazım deyil. Çünki bu, müvəqqəti olacaq. Yarımçıq, sadəcə, mərhələ ola bilər. Ancaq məsələnin həlli tam olmalıdır. Azərbaycanın suverenliyi, ərazi bütövlüyü tam təmin edilməlidir. İşğal edilmiş bütün torpaqlar istisnasız azad edilməlidir. Azərbaycan vətəndaşları işğal edilmiş bütün torpaqlara, o cümlədən Şuşaya qayıtmalıdır.
Dünyada baş verən son hadisələr, Azərbaycana qarşı ermənilər tərəfindən təxribatların davam etirilməsi bir daha göstərir ki, düşmənimiz heç faxt çirkin siyasətibdən, əl çəkən deyil. Amma son hadisələrdə biz xalqımızın, vətəndaşlarımızın, soydaşlarımızın ölkəmizlə yanaşı xaricdə də - Rusiyada, Avropada, Amerikada birliyini, Bütöv Azərbaycanımız uğrunda, dövlət və dövlətçiliyimiz uğrunda birləşərək canlarını belə fəda etməyə hazır olduqlarını görürük. 
Bu bir daha göstərir ki, Azərbaycan xalqı,  Azərbaycan vətəndaş hər zaman öz dövlətinin, öz Prezidentinin və öz rəşadətli ordusunun yanındadır və hər zaman torpaqlarımızın azadlığı uğrunda mübarizə üçün Ali Baş Komandanın əmrini gözləyir.

Keçidlər