Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanda içməli su və suvarma suyu ilə təminat 100 faiz olmalıdır

26 iyul 2020 | 16:00

İyulun 23-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda keçirilən müşavirədə aqrar sahənin suvarma suyu ilə təminatı ən əsas məsələlərdən biri kimi müzakirə edilmişdir.
Məlum olduğu kimi, artıq neçə ildir dünyada və təbii ki, o cümlədən Azərbaycanda quraqlıq hökm sürür. Təkcə bu üzdən Azərbaycanın onsuz da çox olmayan su ehtiyatları 15 faiz azalmışdır. Mütəxəssislərin hesablamalarına görə, quraqlıq bu sürətlə və bu həddə davam edərsə, su resurslarımızın daha 15 faiz azalacağı qaçılmaz olacaq. Ekoloqlar deyirlər ki, əgər əvvəllər quraqlıq 2-3 il olurdusa, indi artıq 8 ildir davam edir.
Bu baxımdan Prezident İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müzakirənin keçirilməsinin əhəmiyyəti böyükdür. Əslində su ilə bağlı belə formatda işgüzar müşavirənin keçiriləcəyi gözlənilən idi. Çünki Prezidentin sədrliyi ilə Nazirlər Kabinetinin 6 ayın sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında əsasən quraqlıq səbəbindən ölkədə yaranmış su problemindən ətraflı danışılmış və bu sahədə təxirəsalınmaz tədbirlərin görülməsinin vacibliyi qeyd edilmişdir.
Prezident İlham Əliyevin müşavirədəki nitqində vurğulandığı kimi, Azərbaycanda 2004-cü ildən - ilk regional inkişaf proqramı qəbul ediləndən bəri ölkənin həm təsərrüfat, həm də içməli su ilə təchizatının yaxşılaşdırılması üçün vacib tədbirlər həyata keçirilmişdir. Məhz həmin tədbirlər nəticəsində ölkə üzrə içməli su ilə təchizat 40 faizdən 70, o cümlədən bölgələrdə 9 faizdən 63 faizə çatmışdır. Paytaxta gəldikdə, burada fasiləsiz su ilə təchizat 29 faizdən 82 faizə yüksəlmişdir. "Bu, doğrudan da tarixi nailiyyətdir. Biz bunu ilk növbədə insanların sağlamlığı, iqtisadiyyatın, kənd təsərrüfatının inkişafı üçün etmişik” - deyən dövlət başçısı təbii ki, əldə edilənlərlə qənaətlənməyərək sözügedən sahədə hələ çox işlərin görülməli olduğunu diqqətə çatdırmışdır: "Ancaq bununla bərabər, bu rəqəmlər onu göstərir ki, biz istədiyimizə tam nail ola bilməmişik. Buna görə bundan sonra içməli su layihələri, meliorasiya sahələri bizim gündəliyimizdə ən vacib məsələlər kimi duracaq”.
Baxmayaraq ki, ötən illər ərzində ölkədə Oğuz-Qəbələ-Bakı kimi nəhəng su kəməri çəkilib, 270 milyon kubmetr su tutumu olan Taxtakörpü, 165 milyon kubmetrlik Şəmkirçay, eləcə də Göytəpə və Tovuzçay su anbarları tikilib, Ceyranbatan su anbarı yenidən qurulub, Taxtakörpü su anbarından Ceyranbatan su anbarına yeni beton kanal çəkilib və digər mühüm tədbirlər görülüb, son illər yaşanan su qıtlığı göstərdi ki, bu sahədə bütün işlər heç də istənilən səviyyədə deyil.
İlk növbədə həm təsərrüfat, həm də içməli su sahələrində itki həddən artıq çoxdur. "Bəzi hallarda itkilər 40 faizdir və 50 faizə çatır, bu, dözülməzdir” - deyən dövlət baçşısı itkinin nəticələrinin ölkə iqtisadiyyatı, xüsusən kənd təsərrüfatı üçün mənfi təsirlərindən söz açmışdır: "Biz suyu itiririk. Beləliklə, o, əkin sahəsinə, insanların evinə çatmır, əksinə, torpaqlara ziyan vurur. Bizim indi ən çox əməktutumlu sahələr taxılçılıq və pambıqçılıqdır. Pambıqçılıq, ümumiyyətlə, su olmadan inkişaf edə bilməz”.
Məlum olduğu kimi, bu ilin aprelində Prezidentin sərəncamı ilə ölkənin su təchizatı ilə məşğul olan mərkəzi icra qurumlarının fəaliyyətini koordinasiya edən komissiya yaradılmışdır. Komissiya qısa vaxtda xeyli iş görmüşdür. Ən əsası, su ehtiyatları barədə operativ məlumat sistemi qurulmuş, aidiyyəti qurumlardan alınan məlumatlar təhlil edilmiş, sudan səmərəli istifadə ilə bağlı verilmiş tapşırıqların gündəlik nəzarəti təmin edilmişdir.
Builki quraqlıq aran rayonlarında 100 min hektarda taxıl sahəsinə ziyan vurmuş və nəticədə ölkə üzrə istehsal ötən ilə nisbətən 5,5 faiz az olmuşdur. Su problemi pambığın becərilməsinə də təsir göstərir. Pambıq əkilmiş 100 min hektardan 7 min hektarında birinci vegitasiya suvarması hələ başa çatmamışdır. Su çatışmazlığı və quraqlıq səbəbindən suya daha çox tələbatı olan bəzi bitkilərin becərilməsi üzrə də məcburi azalmalar baş vermişdir.
Cənab Prezident müşavirədə bildirmişdir ki: "Necə ki, enerji təhlükəsizliyi məsələləri həll olundu, nəqliyyat təhlükəsizliyi məsələləri həll olundu. İndi biz ərzaq təhlükəsizliyi məsələlərinin həllinə yaxınlaşırıq. Su təhlükəsizliyi məsələsi də öz həllini tapmalıdır”.

Keçidlər