Şriftin ölçüsü :

Saytın rəngi :

Prezidenti İlham Əliyev: “Ermənistanın silahlanması region üçün ciddi təhlükədir”.

15 avqust 2020 | 16:00

İyulun 12-də Ermənistan silahlı qüvvələrinin Tovuz istiqamətindəki hərbi təxribatlarına Azərbaycan Ordusu sərt cavab verməklə işğalçı ölkəni məğlub duruma saldı. Əslində, Ermənistanın indiki avantürist rəhbərliyi burada böyük oyun oynamaq istədi və Azərbaycanı onun da üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT), xüsusilə də Rusiya ilə qarşı-qarşıya gətirmək istədi. Lakin həm Rusiya, həm də KTMT-nin digər üzvləri Ermənistanın bu oyununa nəinki getmədi, hətti bəzi üzv dövlətlər bizim mövqeyimizi dəstəklədi.
Əslində, Tovuz döyüşləri geosiyasi durumda da bir çalxalanma yaratdı və xüsusilə qardaş Türkiyənin Azərbaycana çox ciddi hərbi və siyasi dəstək verəcəyi ilə bağlı bəyanatları Ermənistanda narahatlıqla qarşılandı. Hətta iki ölkənin hərbi qüvvələrinin birgə təlimləri işğalçı ölkəyə çox sərt təpki oldu.
Ermənistan rəhbərliyinin Azərbaycanla sərhəddə hərbi təxribatı öncədən hazırladığını göstərən faktlardan biri də budur ki, döyüş başlamadan bir neçə gün öncə və toqquşmaların gücləndiyi dövrdə Ermənistana Serbiyadan çox sayda silah-sursat, o cümlədən minaatan və müxtəlif kalibrli döyüş sursatı göndərilib. 
Serbiyanın hərəkətləri Azərbaycan cəmiyyətində birmənalı olmayan reaksiyalar doğurdu. Çətin günlərdə Serbiya həmişə Azərbaycanın dəstəyini hiss edib. Bir neçə ay öncə rəsmi Bakı koronavirusla mübarizə üçün Belqrada humanitar yardım göndərmişdi, bundan başqa, Azərbaycan Kosovonun dövlət müstəqilliyini tanımır və dəfələrlə Serbiyanın suverenliyinə, ərazi bütövlüyünə birmənalı dəstəyini bəyan edib. Təbii ki, bu xoşagəlməz faktla bağlı, Azərbaycan hökumətinin reaksiyası özünü çox gözlətmədi. Serbiyanın ölkəmizdəki müvəqqəti işlər vəkili Danitsa Veinoviç ölkəsinin Ermənistana böyük miqdarda silah-sursat verməsinə dair məlumatla bağlı Azərbaycanın Xarici İşlər Nazirliyinə çağırıldı. Xarici İşlər Nazirliyi tərəfindən Serbiyanın Ermənistanın işğalçı siyasətinə və Azərbaycanın ərazi bütövlüyünə qarşı davam edən təcavüzünə dəstək xarakteri daşıyan qeyri-dost addımının Azərbaycan xalqında və rəhbərliyində dərin təəssüf doğurduğu bildirildi.
Daha sonra, Serbiyanın Ticarət və Telekommunikasiya naziri Rasim Ljajic bildirdi ki: “rəsmi Bakının beynəlxalq təşkilatlardakı səsi Serbiya üçün olduqca vacibdir. Biz indi Azərbaycan hakimiyyətinin nümayəndələriylə danışmalı və bu durumun hər hansı bir şəkildə əlaqələrimizə xələl gətirməsinə imkan verməməliyik, əlimizdən gələni etməliyik ki, gələcəkdə bənzər hallara yol verilməsin”. Sonra avqustun 7-də Serbiya Prezidenti Aleksandr Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edərək, iyul ayında Ermənistan-Azərbaycan sərhəddində Ermənistanın təxribatı nəticəsində baş vermiş hadisələr zamanı Ermənistan tərəfinin Serbiyada istehsal olunan silahlardan istifadə etməsindən təəssüf hissi keçirdiyini bildirib, durumun araşdırılması ilə bağlı yaxın vaxtlarda Azərbaycana Serbiyanın yüksək səviyyəli nümayəndə heyətinin göndəriləcəyini dedi. Bu çərçivədə Serbiya Baş nazirinin müavini, Milli Təhlükəsizlik Şurasının katibi və Daxili İşlər naziri Neboyşa Stefanoviç respublikamızda oldu, danışıqlar aparıldı, respublikamızın narahtlığı bir daha ifadə olundu. Nazir N.Stefanoviç jurnalistlərə müsahibə verərəkən fikirlərini bu şəkildə ümumiləşdirdi: “Mən inanıram ki, bu səfər və görüşlər vasitəsilə biz daha yüksək səviyyəli işbirliyinə nail olacağıq. Bizim məqsədimiz yalnız təhlükəsizlik sahəsində deyil, digər sahələrdə də işbirliyini gücləndirməkdir. Eyni zamanda, bugünkü görüşdə biz təhlükəsizlik sahəsində işbirliyini müzakirə etdik və həssas informasiyaların mübadiləsi, terrorizmlə mübarizə və digər mühüm istiqamətlər üzrə işbirliyini genişləndirmək barədə razılığa gəldik”.
Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində iyulun 12-də Ermənistanın atəşkəsi pozmasından bir neçə gün sonra şimal qonşumuz bu ölkəyə müasir silahlarla dolu 9 hərbi təyyarə göndərib. Ələlxüsus döyüşlərin qızğın gedən vaxtında – iyulun 17-də Rusiyadan Qazaxıstan, Türkmənistan və İranın hava məkanlarından keçməklə İrəvana 2 aviareys həyata keçirilib.
Dövlət başçısının Rusiya prezidentinə zəng edərək Rusiyadan Ermənistana 400 tondan çox hərbi təyinatlı yük daşınması məsələsinin aydınlaşdırılmasını istəməsi bir daha göstərdi ki, Prezident İlham Əliyev beynəlxalq arenada Azərbaycanın milli maraqlarını qətiyyətlə və xüsusi prinsipiallıqla müdafiə edir.
Təbii ki, Rusiyadan Ermənistana silah tədarükü yeni mövzu deyil. Hələ 1997-ci ildə Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin sədri Lev Roxlin Rusiyadan Ermənistana 1 milyard ABŞ dolları məbləğində qeyri-qanuni silah göndərilməsi barədə məlumat vermişdi. Ümummilli Lider Heydər Əliyev bu məsələyə dərhal kəskin reaksiya verib və Azərbaycanın etirazından sonra məsələnin araşdırılması üçün Rusiyada komissiya yaradılıb, cinayət işi açılmışdı.
Azərbaycan ilə yaxın siyasi və iqtisadi münasibətləri olan Qazaxıstan, Türkmənistan və İrana gəlincə isə Azərbaycan bu dövlətlərin müvafiq strukturlarını artıq mövcud məsələ ilə bağlı agah edib. Silah daşınmasında digər ölkələrin hava məkanlarından istifadə qaydalarına görə, həmin ölkələr daşınan yük və onun son təyinat nöqtəsi barədə məlumatlandırılmalıdır. Bütün bu qaydaların gözlənilib-gözlənilməməsini isə araşdırmaların nəticəsi göstərəcək.
Rəsmi Moskvanın daim Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə və münaqişə zonasında gərginliyin azaldılmasına səy göstərdiyini bəyan etsə də Rusiyanın bu cür canfəşanlıqla Ermənistana silah göndərməsi anlaşılan deyil. Əslində Rusiyanın Cənubi Qafqaza silah tədarükü təəccüblü deyil. Rusiya hərbi-sənaye kompleksi məhsulları həm Ermənistana, həm də Azərbaycana tədarük olunur. Amma bu məsələdə bərabərliyin nə dərəcədə qorunması böyük sual doğurur.
Azərbaycan Rusiya silahlarını dünya bazarı qiymətləri ilə əldə edir. Ermənistan isə yalnız rəsmi sürətdə Rusiya silahlarını Rusiyanın daxili qiymətləri ilə guya əldə edir ki, bu da Ermənistana olduqca ucuz başa gəlir. Ən yaxşı halda isə Rusiya silah alışına görə İrəvana kredit təqdim edir.
Nəzərə alsaq ki, söhbət nə az nə çox, 7 hərbi təyyarə dolu yükdən gedir, Ermənistanın bu silahları hətta öz pulu ilə ala biləcəyi mümkünsüzdür. Bu eyni zamanda qərarların ən yüksək səviyyədə verildiyini göstərir. Bütün buların fonunda Prezident İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinə telefon zəngi ölkə başçısının Azərbaycanın maraqlarını beynəlxalq arenada qətiyyətlə müdafiə etdiyindən xəbər verir. Azərbaycanın milli maraqlarına təsir edən hər bir məsələ Prezident İlham Əliyevin xüsusi nəzarətindədir və bununla əlaqədar istənilən ölkə, beynəlxalq qurum qarşısında məsələ qaldırılır, onların həllinə nail olunur.
Göründüyü kimi, işğalçı ölkə bütün parametrlərlə sülhdən uzaq davranır, yalnız ənənəvi müttəfiqlərini deyil, bizə dost olan ölkələri də öz çirkin məqsədlərinin gerçəkləşməsi işinə daxil edir. Bununla belə, dövlətimizin çevik reaksiyaları ilə düşmənin iç üzü dünya ictimaiyyətinə, əlaqədar tərəflərə açıq şəkildə göstərilir və adekvat tədbirlər görülür. Heç kəs unutmamalıdır ki, Azərbaycanın dostluğu, müttəfiqliyi, Azərbaycan tərəfinin bu dostluq və müttəfiqlikdən məmnunluğu nə qədər vacibdirsə, Azərbaycanın narazı qalması, incidilməsi, daha artıq dərəcədə öz təsirlərini göstərəcəkdir. Azərbaycanla dostluq hər kəs üçün qiymətlidir. Azərbaycanla dostluğa xələl gətirməyin də bədəli olduğunu hər kəs bilməlidir.

Keçidlər