Şriftin ölçüsü :

Saytın rəngi :

Səbailli məktəblilər üçün Quba rayonunda yay düşərgəsi yaradılmışdır

01 avqust 2013 | 15:00

Yeniyetmə və gənclərin yay istirahətinin səmərəli və yaddaqalan təşkili məqsədi ilə Səbail rayon İcra Hakimiyyəti tərəfindən  bir sıra tədbirlər hazırlanıb həyata keçirilmişdir.
Həmin tədbirlərdən ən mühümü Səbail rayon İcra Hakimiyyəti, DİN Daxili Qoşunların,  «Çağ Öyrətim İşlətmələri» və «Azercell» şirkətlərinin birgə layihəsi əsasında ənənəvi təşkil olunan «Şahinlər» yay istirahət düşərgəsinin yaradılması olmuşdur. Artıq bütün təşkilati işlər başa çatdırılmış və Səbail rayon İcra Hakimiyyətində bu düşərgəyə yola salınacaq uşaqlar, onların validenyləri və tədbirdə iştirak edən bir sıra ictimai təşkilatların rəhbərlərinin iştirakı ilə rayondakı  49 sayli “İntellekt” liseydə görüş keçirilmişdir.
Görüşdə çıxış edən Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov iştirakçıları salamlamış və   rayonda aparılan geniş miqyaslı abadlıq quruculuq işləri barədə ətraflı məlumat vermişdir. Qeyd olunmuşdur ki, yeniyetmələrin asudə vaxtlarının təşkili üçün RİH tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq rayondakı aztəminatlı, imkansız ailələrdən olan uşaqlar üçün Park Bulvar Ticarət və İstirahət Mərkəzindəki «Park Sinema» kinoteatrında pulsuz 3D həcmli uşaq filmlərinə baxışlar təşkil olunmuş və artıq 1200-dən çox uşaq bu seanslarda iştirak etmişlər. RİH-nin təşkilatçılığı ilə yay ayları ərzində rayondakı orta məktəblərin, Uşaq-gənclər idman məktəbinin, yaradıcılıq mərkəzlərinin imkanlarından və bazalarından istfadə olunmaqla idman yarışlarının, müxtəlif müsabiqə və intellektual oyunların keçirilməsi, yeniyetmələrin rayondakı muzey və teatrlara ekskursiyaları təşkil olunur. 
A.Əsgərov bildirmişdir ki, düşərgə artq 8-ci dəfədir ki, təşkil olunur.  Uşaqlar üçün xüsusi geyim və forma, lazımi idman ləvazimatları alınmış, Düşərgə Daxili Qoşunlar Komandanlığı və Bakı Özəl Türk liseyinin Quba filialı tərəfindən tələb olunan bütün ləvazimatlarla təmin olunmuşdur.  
Bu il də düşərgədə uşaqların təlim-tərbiyə işləri ilə rayonun orta məktəblərində çalışan idman və ibtidai-hərbi hazırlıq müəllimləri məşğul olacaqlar. Onlarla yanaşı Daxili Qoşunların zabitləri, çavuş  və  əsgərlərindən ibarət qrup düşərgəyə  təhkim olunmuş, burada aparılacaq hərbi-hazırlıq, təlim-tərbiyə işlərində onlar yaxından iştirak edəcəklər. Düşərgədə uşaqların istirahətinin daha maraqlı və yaddaqalan edilməsi üçün burada məşğələlər hərbi nizamnaməyə uyğun tərzdə hərbçilər tərəfindən keçiriləcəkdir. Düşərgənin mühafizəsi və burada təhlükəsizlik məsələləri də DQ tərəfindən həyata keçiriləcəkdir. 
İstirahət günlərində şagirdlərin Qubanın görməli yerlərinə, meşələrə, rayonun tarixi guşələrinə gəzintiləri təşkil olunacaq, onlar həm də Daxili Qoşunların Qubadakı hərbi hissəsi ilə yaxından tanış olacaqlar.
Göruşdə uşaqlari və onların valideynlərini maraqlandırılan suallar cavablandırılmış, tədbirdə çıxış edən valideynlər və  uşaqlar yeniyetmələrin mənalı və yaddaqalan yay istirahəti üçün yaradılan şəraitə görə Ölkə başçısı cənab İlham Əliyevə və Heydər Əliyev Fondunun rəhbəri, Millət vəkili Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildirmişlər.

Keçidlər