Prezident İlham Əliyev: “Türkiyə-Azərbaycan birgə hərbi təlimləri bəzi ölkələrdə narahatlıq doğurur”.
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq ölkəmizdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçirilmişdir. Birgə təlimlərin ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, həmçinin hərbi aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb edilmiş və təlimlər əsasən avqustun 1-dən 5-dək quru qoşunlarının da iştirak etməsi ilə Bakıda və Naxçıvanda, hərbi aviasiya vasitələrinin iştirakı ilə isə iyulun 29-dan avqustun 10-dək Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində keçirilmişdir. Keçirilmiş birgə taktiki təlimlərdə hər iki ölkə ordularının hərbi qulluqçuları və bölmələri yüksək peşəkarlıq və bacarıq göstərib, birgə fəaliyyətlərin planlaşdırılmasında və icrasında qərargahların və bölmələrin şəxsi heyəti əvvəlki təlimlərdə əldə etdikləri təcrübələrini artırıb, hər iki ölkənin milli maraqlarından irəli gələn strateji məqsədlərə nail olmaq üçün qarşıya qoyulmuş tapşırıqların öhdəsindən layiqincə gəlməyə hazır olduqlarını nümayiş etdirib.
Türkiyə-Azərbaycan birgə hərbi təlimlərinin son günündə Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirmişdir ki, “Bu, çox əlamətdar hadisədir, bizim birliyimizi, qardaşlığımızı bir daha göstərir. Bir neçə gün ərzində ölkəmizin müxtəlif şəhərlərində təlimlər keçirilir. Həm hərbi əməkdaşlıq baxımından bu təlimlərin çox böyük önəmi var, eyni zamanda, insanlar arasındakı əlaqələrin, xalqlar arasındakı qardaşlığın gücləndirilməsi üçün təlimlərin çox böyük əhəmiyyəti və faydası var. Bu, bir ənənədir. Bildiyiniz kimi, hər il həm Azərbaycanda, həm də Türkiyədə 10-dan çox birgə təlimlər keçirilir. Ona görə bu təlimlərin keçirilməsi adi haldır. Burada hansısa bir fövqəladə hal axtarmaq lüzumsuzdur. Biz də müşahidə edirik ki, bu təlimlər bəzi ölkələrdə narahatlıq doğurur. Ancaq buna heç bir əsas yoxdur. Bu, Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təzahürüdür.” Bu cür qardaşlıq əlaqələrimizə uyğun olaraq “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi maliyyə əməkdaşlığı haqqında” 2020-ci il fevralın 25-də Bakı şəhərində imzalanmış saziş cari ilin iyulun 2-də qüvvəyə minmişdir. Bu saziş Azərbaycan və Türkiyə arasında uzun illər mövcud olan əlaqələr çərçivəsində hərbi əməkdaşlığı daha da möhkəmləndirmək və Azərbaycan Ordusunun inkişafına töhfə vermək məqsədi daşıyır.
Bu da heç kimə sirr olmadı ki, ölkəmizdə keçirilən Azərbaycan-Türkiyə birgə təlimlərinin Ermənistan hakimiyyətində xof və qorxu yaratmışdı. Digər tərəfdən, Ermənistan tərəfi özünün işğalçılıq siyasətini müdafiə etmək məqsədilə Yunanıstanın və Kiprin simasında yeni müttəfiqlər əldə etməyə çalışır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edərkən çox vacib məqamlara toxundu. Dövlət başçısı iki ölkə arasında münasibətlərin inkişafına əngəl olan məsələləri aydın şəkildə ifadə etdi. Türkiyə və Yunanıstan arasında Şərqi Aralıq dənizi regionunda bu yaxınlarda baş verən gərginlikdə Azərbaycan tərəfi açıqca Türkiyəni dəstəklədiyini bildirdi. Beynəlxalq ictimaiyyətə növbəti dəfə bəlli oldu ki, Azərbaycan-Türkiyə münasibətlərinin qardaşlıq səviyyəsindədir.
Avqustun 23-də cəbhənin Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupu təxribat törətməyə cəhd göstərmişdir. Saxlanılan erməni zabiti artıq etiraf etmişdir ki, onun qrupu bizim hərbçilərimizə və mülki şəxslərə hücum etmək məqsədi güdüb. Bir sözlə, cəbhədə vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət bilavasitə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Ermənistan tərəfi xatırlamalıdır ki, rəsmi Yerevan ilk növbədə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması barədə BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin tələblərini yerinə yetirməlidir.
Şübhəsiz ki, Ermənistanın istənilən ölkə ilə sıx hərbi əməkdaşlığı narahatlıq doğurur. Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində iyulun 12-də Ermənistanın atəşkəsi pozmasından bir neçə gün sonra şimal qonşumuz bu ölkəyə müasir silahlarla dolu hərbi təyyarə göndərib. Dövlət başçısının Rusiya prezidentinə zəng edərək Rusiyadan Ermənistana hərbi təyinatlı yük daşınması məsələsinin aydınlaşdırılmasını istəməsi bir daha göstərdi ki, Prezident İlham Əliyev beynəlxalq arenada Azərbaycanın milli maraqlarını qətiyyətlə və xüsusi prinsipiallıqla müdafiə edir.
Cənab Prezident Yunanıstanın səfirini qəbul etdiyi zaman istifadə etdiyi ritorika yalnız güclü dövlət başçılarına xasdır və cəmiyyətimizə məlum oldu ki, ölkə başçısının Azərbaycanın maraqlarını beynəlxalq arenada qətiyyətlə müdafiə etdiyindən xəbər verir. Azərbaycanın milli maraqlarına təsir edən hər bir məsələ Prezident İlham Əliyevin xüsusi nəzarətindədir və bununla əlaqədar istənilən ölkə, beynəlxalq qurum qarşısında məsələ qaldırılır, onların həllinə nail olunur.