Sumqayıt şəhərinin sənaye potensialı daha da genişlənir
Azərbaycanda prioritet vəzifə kimi qarşıya qoyulan iqtisadiyyatın şaxələndirilməsi siyasətinin mühüm istiqamətlərindən biri də qeyri-neft sənayesinin inkişafıdır. Dövlət başçısı İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nın qəbul edilməsi də, məhz, bu sahəyə xüsusi önəm verilməsinin bariz ifadəsidir.
Son illər müasir texnologiyaların və qabaqcıl təcrübənin tətbiqi sayəsində ölkəmizdə sənayeləşmə sürətlə inkişaf edib, metallurgiya, maşınqayırma, kimya, inşaat materiallarının istehsalı, qida və digər ənənəvi sənaye sahələri genişləndirilməklə yanaşı, yeni sənaye sahələri yaradılıb, respublikamızda bir sıra sənaye məhsulları üzrə özünütəminetmə səviyyəsi yüksəlib. Əlbəttə, bütün bunlar dövlətimizin başçısının uğurlu iqtisadi strategiyası nəticəsində gerçəkləşib.
Azərbaycan Prezidenti İlham Əliyevin “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində Peşə Təhsil Mərkəzinin açılışında iştirakı bunun təsdiqinə çevrildi. Dövlətimizin başçısının çıxışından da məlum oldu ki, hazırda ölkədə sənayeləşmə siyasətinə uyğun olaraq, qeyri-neft sənayesinin inkişafı məqsədilə sənaye parkları və məhəllələrinin yaradılması, rezidentlərin fəaliyyətinin genişləndirilməsi və yeni iştirakçıların cəlb edilməsi diqqət mərkəzində saxlanılır.
Bir daha məlum oldu ki, sənaye sahələrinin sürətli inkişafı Prezident İlham Əliyevin iqtisadi siyasətinin əsas tərkib hissələrindən biridir. Məqsəd ölkənin tələbatının yerli məhsullar hesabına ödənilməsini təmin etmək, ixrac potensialını artırmaq, son nəticədə neft-qaz amilindən asılılığı azaltmaqdır. Bununla bağlı fikirlərini bildirən dövlət başçısı qeyd etdi ki, hazırda Sumqayıt Kimya Sənaye Parkında məhsul istehsalı və ixrac istiqamətində müsbət dinamikaya nail olunub. Keçən il burada 823 milyon manatlıq məhsul istehsal edilib ki, bunun da 276 milyon manatını – təqribən 33 faizini ixrac təşkil edib. Bu ilin 6 ayı ərzində istehsal olunan 534 milyon manatlıq məhsulun ölkə sənayesinin qeyri-neft sektorunda (5,7 milyard manat) xüsusi çəkisi 9,3 faiz olub, 182 milyon manatlıq məhsul ixrac olunub ki, bu da ölkə üzrə qeyri-neft sənaye məhsullarının ixracında (910 milyon manat) 20 faiz təşkil edib.
Eyni zamanda Cənab Prezident bildirdi ki, “Xaricdə yaşayan azərbaycanlı iş adamları da gəlib Azərbaycana vəsait qoysunlar. Azərbaycan onların vətənidir və onlar hər zaman Azərbaycanın dəstəyini görürlər, güclü Azərbaycan onların da gücünü artırır. Xüsusilə dünyada yaşanan, pandemiya nəticəsində dərinləşən böhran, əlbəttə ki, bir çox şirkətlərə mənfi təsir göstərib. Ancaq məhz bu şəraitdə biz elə addımlar atmalıyıq ki, postpandemiya dövrünə ən hazırlıqlı ölkələr sırasında olaq və dərhal, vaxt itirmədən yeni inkişaf dinamikasına sahib olaq. Tədiyyə balansını müsbət səviyyədə saxlamaq üçün əlbəttə ki, bizə çox keyfiyyətli ixracyönümlü məhsul istehsal edən, valyuta gətirən müəssisələr lazımdır. Çünki bu gün tədiyyə balansının müsbət səviyyədə saxlanmasının əsas səbəbi neft-qaz amilidir. Amma çalışmalıyıq ki, bu amili kənara qoymaqla ixrac-idxal əməliyyatlarında həmişə müsbət saldoya malik olaq. Ona görə ixracyönümlü və idxalı əvəzləyə biləcək istehsalat sahələri mütləq yaradılmalıdır. Burada siqaret fabriki fəaliyyətə başlayıb və artıq statistikada görürük ki, idxaldan asılılıq nə qədər azalıbdır. Bu fabrik işə düşənə qədər daha çox idxaldan asılı idik. İndi 300 milyon manata qənaət edilib. Eyni zamanda, bu fabrikin inkişaf potensialı da var. O cümlədən təbliğat işlərimizi düzgün qurmalıyıq, bundan başqa, təbii ki, qadağalar qüvvəyə minibdir. Ona görə mən bu fabriki gələcəkdə sırf ixracyönümlü müəssisə kimi görürəm və belə misallar çox gətirmək olar. İndi bizim tütün istehsalımız, keyfiyyətli avadanlığımız var. Tütün istehsalı olmayan bəzi ölkələr nə üçün bizə məhsul ixrac edir. Onlar tütünü xaricdən alırlar və sonra onu emal edib satırlar. Siqaret istehsalında biz xarici tütündən də asılıyıq. Ancaq qarşıya vəzifə qoyulub ki, yerli tütünçülərdən də məhsul alınsın və beləliklə, kənd təsərrüfatının inkişafına da təkan verilsin”.
Heç şübhəsiz ki, son illərdə Sumqayıt sənaye baxımından çox uğurla inkişaf edir. Burada bir çox önəmli layihələr icra edilibdir. Sumqayıt Kimya Sənaye Parkı yüzlərlə hektar torpağı əhatə edən bu böyük ərazidə bütün infrastruktur layihələri, təmizləmə işləri dövlət xətti ilə aparılmışdır. Elə nəzdində açılışı olan Peşə Təhsil Mərkəzini də bu xüsusda fərqləndirmək olar. Təlim-tədris prosesində iştirak edəcək mütəxəssislər elə parkın rezidentlərinin yüksəkixtisaslı işçilərindən olacaq. Öz növbəsində tələbələr də Sumqayıt Kimya Sənaye Parkının müəssisələrində təcrübə keçməklə, iş yeri əldə etmək imkanı qazanacaqlar. Bu da onu göstərir ki, biz Sumqayıt Kimya Sənaye Parkının timsalında yeniləşən, güclənən Azərbaycanı görürük.