Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan heç zaman torpaqlarının işğal altında qalmasına razı olmayacaq

22 sentyabr 2020 | 16:00

Müstəqil Azərbaycan Respublikası torpaqlarının Ermənistan tərəfdən işğalının əsası 19-cu əsrin əvvəllərində qoyulmuşdur. Ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli fərmanda deyildiyi kimi, 1813-cü və 1828-ci illərdə imzalanan Gülüstan və Türkmənçay müqavilələri Azərbaycan xalqının parçalanmasının, tarixi torpaqlarımızın bölünməsinin əsasını qoydu. Azərbaycan xalqının bu milli faciəsinin davamı kimi onun torpaqlarının zəbti başlandı. Qısa bir müddətdə bu siyasət gerçəkləşdirilərək ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirildi. Soyqırım Azərbaycan torpaqlarının işğalının ayrılmaz bir hissəsinə çevrildi.
Sovet dönəmində, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan Respublikasına birləşməsi haqqında Ermənistan rəhbərliyi tərəfindən vaxtaşırı cəhdlər edilmiş, lakin bu cəhdlərin qarşısı həmin vaxtlar alınmışdı. Ümummilli lider Heydər Əliyev 14 iyul 1969-cu ildə Azərbaycan KP Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə seçildikdən sonra Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi barədə edilən cəhdlərin qarşısının alınmasında xüsusi prinsipiallıq göstərmişdir. Lakin keçmiş Sovet İttifaqında “yenidənqurma”nın müəllifi M.Qorboçovun məkrli siyasəti nəticəsində Heydər Əliyev ölkə rəhbərliyindən uzaqlaşdırıldıqdan sonra ermənilər və onların havadarlarının əl-qolu açılır. M.Qorboçovun özünə iqtisadi məsələlər üzrə müşavir seçdiyi akademik A.Aqambekyan 1987-ci ilin sonunda Fransanın nüfuzlu “Humanite” qəzetində Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycandan alınıb, Ermənistana birləşdirilməsi barədə bəyanatla çıxış edir və 1988-ci ilin fevralında məlum Dağlıq   Qarabağ hadisələri başlayır.
Hazırda Azərbaycan torpaqlarının 20 faizi bədnam qonşumuz Ermənistanın silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. Erməni təcavüzü nəticəsində respublikamızın torpaqlarının 20 faizi işğal edilmiş, 900 yaşayış məntəqəsi zəbt edilmiş, 4366 sosial obyekt, 690 məktəb, 280 uşaq bağçası, 862 klub, 932 kitabxana, 1831 kino qurğusu, 855 məktəbəqədər müəssisə, 656 poliklinika, ambulatoriya, aptek və digər tibb müəssisəsi, xalqın ibadət yeri olan 10 məscid dağıdılmışdır. Ermənistandan qovulmuş soydaşlarımızın 380 kəndi ələ keçirilmiş və bütün var-dövləti orada qalmışdır. Respublikamıza təxminən 50 milyard ABŞ dollarından artıq məbləğində ziyan dəymişdir.
Təcavüzkar siyasət aparan Ermənistan işğal altında olan ərazilərdə yaradılan separatçı rejimə hərtərəfli dəstək verməklə yanaşı, mövcud status-kvonun saxlanmasına çalışır. Münaqişənin həlli ilə bağlı ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlar məhz Ermənistanın qeyri-konstruktiv mövqeyi nəticəsində dalana dirənib. Təbii ki, Azərbaycan ölkəmizin ərazi bütövlüyünün pozulması faktı ilə heç vaxt barışmayıb və bundan sonra da barışmayacaq. Dövlətimizin mövqeyi bundan ibarətdir ki, mövcud status-kvo davam edə bilməz, danışıqlar prosesində substantiv nəticələr əldə olunmalıdır. Yəni, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır.
Ermənistanın bugünkü rəhbərliyi ölkəni uçuruma aparır. Ermənistanda hakimiyyət dəyişikliyi baş verəndən sonra son iki ildə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliyə doğru müsbət addım atılmayıb. Əksinə, işğalçı ölkənin baş nazirinin sərsəm fikirləri, dövlət başçısına xas olmayan bəyanatları, tez-tez işğal altında olan Azərbaycan ərazilərinə səfər etməsi və həmin ərazilərin Ermənistana məxsusluğu barədə çağırışlar etməsi bu adamın sələflərindən də betər şovinist və qəddar olmasından xəbər verir. İşğalçı Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesini pozmaq və status-kvonu saxlamaq üçün təxribatlara əl atır. Ermənistan bilərəkdən danışıqlar prosesindən imtina edir və regionda gərginliyi artırmağa çalışır. Dünya ictimaiyyəti, bütün beynəlxalq təşkilatlar və dövlətlər Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıdığı, Ermənistanın Azərbaycan ərazilərinin 20 faizini işğal etməsini pislədiyi halda indiyə qədər Ermənistan öz təxribatçı əməllərindən geri çəkilmir. Ermənistanın işğalçı olduğunu təsdiq edən kifayət qədər beynəlxalq sənəd var. BMT Təhlükəsizlik Şurasının, Avropa Parlamentinin, Avropa Şurasının, Qoşulmama Hərəkatının və digər beynəlxalq təşkilatların erməni işğalı ilə bağlı qəbul etdiyi qətnamələr və sənədlər hər kəsə yaxşı məlumdur.
Ermənistanın hazırkı rəhbərliyi ictimai rəyi öz xeyrinə dəyişmək üçün cəbhə xəttində vəziyyəti daha da gəriginləşdirməyə çalışır. Son zamanlar Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin kobud şəkildə pozulması hallarının artması, təmas xəttinə yaxın yaşayış məntəqələrimizin, mülki əhalinin və infrastrukturun müntəzəm atəşə tutulması vəziyyəti düşmən tərəfindən məqsədyönlü şəkildə getdikcə daha da gərginləşdirilir. Bütün hallarda Azərbaycan Ordusunun qoşun növlərinin tətbiqi ilə düşmən təxribatlarının qarşısı alınıb və o, ağır itkilərə məruz qalıb.
Dövlət Başçısının bildirdiyi kimi “Müstəqillik Ermənistanda formal xarakter daşıyır. Sən necə müstəqil ölkəsən ki, öz qərarını qəbul edə bilmirsən. Necə müstəqil ölkəsən ki, səni idarə edən Sorosdur. Paşinyan Soros rejiminin məhsuludur. Bu gün Ermənistanda söz sahibi Sorosdur. Baxın, Paşinyanın hakimiyyət komandasının tərcümeyi-halına. Hamısı ya Sorosdan, ya “Transperensy”dən, ya da ki, o biri insan hüquqları təşkilatlarındandır. Onlar bu gün Ermənistanda baş vermiş despotik hərəkətlərə göz yumurlar. Ermənistanda bir jurnalist aclıq edib həbsxanada ölüb, heç bir təşkilat məsələ qaldırmayıb. İndi Ermənistanda iki prezident məsuliyyətə cəlb edilib, cinayət işi açılıb, iki keçmiş prezident, sırf onların siyasi fəaliyyətlərinə görə, bunu hər kəs bilir, buna göz yumulur. Əsas müxalifət partiyasının liderinin deputat toxunulmazlığı götürülüb, buna heç bir reaksiya vermirlər. Avropa Şurası niyə susur? Ermənistan üzrə məruzəçilər niyə susurlar? “Freedom House”, “Human Rights Watch”, “Amnesty International” niyə susur? Sorosa görə. Soros Ermənistanın başçısıdır. Soros həmin bu dırnaqarası hüquq müdafiəsi təşkilatlarının sponsorudur. Onların sponsoru birdir.” Bütün bunlar dünyada hələ də beynəlxalq səviyyədə müxtəlif məsələlərin, o cümlədən ərazi münaqişələrinin həllində ikili standartların mövcud olmasını bir daha təsdiq edir.
Şübhəsiz ki, Ermənistanın istənilən ölkə ilə sıx hərbi əməkdaşlığı narahatlıq doğurur. Rusiya və Serbiyadan Ermənistana silah göndərilməsi və Prezident İlham Əliyevin hər iki dövlət başçılarına zəng vuraraq bu məsələnin aydınlaşdırmaq istəməsi bir daha cəmiyyətimizə məlum oldu ki, ölkə başçısının Azərbaycanın maraqlarını beynəlxalq arenada qətiyyətlə müdafiə etdiyindən xəbər verir.
Bu gün beynəlxalq hüquq Azərbaycanın tərəfindədir, öz torpaqlarını işğalçılardan təmizləmək Azərbaycanın qanuni haqqıdır. Həmçinin Azərbaycanın güclü Ordusu hər zaman torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Bunu həm Aprel döyüşləri, həm Günnüt əməliyyatı, həm də Tovuz istiqamətində gedən döyüşlər bir daha təsdiqləyir. Azərbaycan heç zaman torpaqlarının işğal altında qalmasına razı olmayacaq. Torpaqlarımız Prezident İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində işğaldan azad ediləcək və məcburi köçkünlər öz doğma yurdlarına qayıdacaqlar.

Keçidlər