Şriftin ölçüsü :

Saytın rəngi :

Ali Baş Komandan İlham Əliyev: “Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

29 sentyabr 2020 | 16:00

Ölkəmizdə dövlətin və dövlətçiliyin əsas sütununu təşkil edən güclü ordunun formalaşdırılması və inkişafı Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Güclü siyasi iradəyə, yüksək sərkərdəlik məharətinə malik dahi şəxsiyyətin ölkəmizdə ilk dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ildən başlanan tarixi mərhələ həm də Azərbaycanın nizami ordusunun formalaşdırılması kimi əlamətdar olmuşdur. Təbii ki, Sovetlər Birliyi dövründə milli ordudan söz açmaq mümkün deyildi. Lakin o dövrdə azərbaycanlı gənclərin hərb elminə marağının artırılması və bunun üçün realşəraitin yaradılması dahi rəhbərin gələcəyə hesablanmış uzaqgörən siyasətinin tərkib hissəsi idi.
Ulu öndərin ordu quruculuğu siyasətini uğurla həyata keçirən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində milli ordumuz davamlı olaraq inkişaf edir. “Bu gün Azərbaycan Ordusu hərbi potensialına, döyüş qabiliyyətinə, təchizatına görə nəinki bölgədə, dünya miqyasında güclü ordular sırasındadır. Əminəm ki, Azərbaycan gücləndikcə, ordumuz da güclənəcək. Artıq ordumuz istənilən vəzifəni həll etməyə hazırdır”, – deyən ölkə Prezidentinin rəhbərliyi ilə Azərbaycanda müasir hərbi sənaye kompleksi yaradılmış, Silahlı Qüvvələrin maddi-texniki bazası müasir texnika və silahlarla zənginləşdirilmiş, bu sahədə kadr hazırlığı təkmilləşdirilmişdir. Bir mərkəzdən idarə edilən, vahid komandanlığa tabe olan, müasir hərb elminin tələblərinə cavab verən Azərbaycan Ordusu ümummilli lider Heydər Əliyevin başladığı və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi müdrik siyasət nəticəsində gündən-günə daha da möhkəmlənir, döyüş qabiliyyətini artırır. Ölkəmizə ən müasir silah-sursat, texnika, avadanlıq gətirilib. Hazırda maddi-texniki təchizat və döyüş qabiliyyəti baxımından Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqazın ən güclü ordusudur.
Azərbaycan Ordusu bu gücünü 2016-cı ilin aprel ayında bir daha sübut etdi. 4 günlük müharibə kimi tarixə düşən bu döyüşlərdə ordumuz Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarəti altına keçdi. Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə xalqımıza yenidən qələbə sevinci yaşatdı. Ermənistan silahlı qüvvələri bu döyüşlərdə böyük itkilər verdi.Madagiz yaşayış məntəqəsində yerləşən qərargahı və əsas hərbi hissələri məhv edildi. Ağdərə-Madagiz, Cəbrayıl istiqamətindəki yolların nəzarətdə saxlanılmasına imkan verən strateji mövqelər ələ keçirildi.
Sentyabrın 27-də Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini intensiv atəşə tutub. Mülki əhali və yaşayış məntəqələrimiz düşmən atəşinə məruz qalımışdır. Bundan sonra Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən düşmənə bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilmişdir. Cəbhənin ən gərgin Tərtər-Ağdam və Füzuli-Cəbrayıl istiqamətlərində yerləşən ön xətt hərbi hissələri, raket və artilleriya bölmələri, cəbhə aviasiyası, zirehli texnika və digər qoşun növlərinin qarşılıqlı fəaliyyəti ilə Ermənistan silahlı qüvvələrinin atəş nöqtələri susdurulmuş və döyüş fəaliyyətinin qarşısı alınmışdır. Bu əməliyyatlar uğurla həyata keçirilmişdir.
Heç şübhəsiz ki 27 sentyabr hadisələri Ermənistanın yeni işğal siyasətinin təzahürüdür. Ermənistan silahlı qüvvələrinin cəbhəyanı ərazilərdə sıx şəkildə yaşayan mülki insanları və obyektləri atəşə tutması qəsdən və hədəflənmiş şəkildə həyata keçirilmişdir. Bu siyasət Erməni hökuməti öz dövlətində Azərbaycanın düşmən obrazının formalaşmasına xidmət edən məqsədyönlü addımlardır. Azərbaycan dəfələrlə bəyan etmişdi ki, Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təcavüzü, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu regional sülh və sabitlik üçün əsas təhlükədir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xalqa müraciətində də bu təxribatlar haqqında bildirmişdir ki: “Ermənistanın təxribatları, eyni zamanda, Ermənistan rəhbərliyi tərəfindən verilən bəyanatlarda da öz əksini tapır. Ermənistanın baş naziri bir il bundan əvvəl işğal edilmiş torpaqlarda - Xankəndidə demişdir ki, “Qarabağ Ermənistandır və nöqtə”. Birincisi bu, yalandır, Qarabağ Azərbaycandır və mən bu məsələ ilə bağlı öz fikirlərimi dəfələrlə bildirmişəm. Qarabağ Azərbaycandır və nida işarəsi. İkincisi, bu təxribat xarakterli bəyanat faktiki olaraq danışıqlar prosesinə vurulan böyk zərbə idi. Əgər Ermənistanın baş naziri deyirsə ki, “Qarabağ Ermənistandır”, onda hansı danışıqlardan söhbət gedə bilər?! Bununla paralel olaraq, Ermənistanın rəhbərliyi artıq iki il ərzində dəfələrlə bəyan edir ki, Azərbaycan Ermənistanla yox, qondarma “Dağlıq Qarabağ respublikası” ilə danışıqlar aparmalıdır. Bu da danışıqlar prosesinə vurulan böyük zərbədir. İlk növbədə, Azərbaycan heç vaxt oyuncaq xunta rejimi ilə hər hansı bir danışıqlar aparmayacaq. İkincisi, danışıqlar formatını dəyişdirmək cəhdləri bir daha onu göstərir ki, Ermənistanın əsas məqsədi danışqıları pozmaq və status-kvonu saxlamaqdır. Halbuki ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçıları dəfələrlə bəyan etmişlər ki, status-kvo qəbul edilməzdir və bu, o deməkdir ki, işğala son qoyulmalıdır.”
Təxribatlar təkcə cəbhədə yox, Yerevanın siyasi bəyanatlarında da öz əksini tapır. Ermənistanın daxili auditoriyasına xidmət edən məsuliyyətsiz bəyanatlar danışıqlar prosesinə ciddi zərbədir. Bu danılmaz fakt təkcə bizi yox, bütün beynəlxalq ictimaiyyəti düşündürməlidir. Danışıqlar prosesinin aqibətini şübhə altına qoyan rəsmi Yerevan etibarsız və məsuliyyətsiz ölkədir. Danışıqlardan və münaqişənin sülhlə həlli yolundan qaçan Ermənistan bunu öz çirkin əməli ilə hər zaman sübut edir. Bütün təxribatlar və bəyanatlar bilavasitə ona dəlalət edir ki, Ermənistan danışıqlar formatını dəyişdirmək istəyir. Bununla da onlar bütün sülh prosesini və əldə olunan nailiyyətləri sıfırlaşdırmaq istəyirlər.
30 ilə yaxın işğalçılıq prosesini davam edən Ermənistan son zamanlar işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma siyasəti aparır. Bu, hərbi cinayətdir və Cenevrə Konvensiyasına tamamilə ziddir. Bu siyasət göstərir ki, Ermənistanda demoqrafik böhran yaşanır və onlarda insan resursları yoxdur, ona görə xaricdə yaşayan ermənilərə ümid edirlər. Bununla yanaşı işğal edilmiş ərazilərimizdə rayonlarımızın, kəndlərimizin adları dəyişdirilir. Azərbaycanlıların tarixi irsi silinir və tarixi abidələrimiz dağıdılır.Bütün faktlar bir daha onu göstərir ki, bu gün regionda təhlükə mənbəyi Ermənistandır və onun çirkin siyasətidir. Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır.
Xalqımız ordumuzun hərbi qüdrətinə və Azərbaycan əsgərinin bəxş edəcəyi qələbə sevincinin uzaqda olmadığına qəti şəkildə inanır. Milli Ordumuz güvənc yerimiz, qürur mənbəyimizdir. Cənab Prezidentin vurğuladığı kimi “Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

Keçidlər