Şriftin ölçüsü :

Saytın rəngi :

Üçrəngli bayrağımızın işğal altında qalan torpaqlarımızda dalğalanacağı gün çox yaxındır

30 sentyabr 2020 | 16:00

Sentyabrın 27-də Ermənistan Respublikasının silahlı qüvvələrinin beynəlxalq hüquq normalarını yenidən kobud surətdə pozaraq, müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyalardan istifadə etməklə bir neçə istiqamətdən Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutması, nəticədə mülki şəxslər və hərbiçilər arasında ölən və yaralananların olması və bu hücumların qarşısının alınması məqsədi ilə Azərbaycan Ordusunun əks-hücum əməliyyatlarına başladı.
Azərbaycanın Tərtər, Ağdam, Goranboy, Naftalan rayonları Ermənistan tərəfindən artilleriya atəşinə məruz qalması və Ermənistan Cenevrə Konvensiyasının tələblərini kobud şəkildə pozaraq mülki əhalini və mülki infrastrukturu bilərəkdən nişan alması və atəş açması onun cinayətkar rejiminin faşist mahiyyətinin  ortaya qoymuşdur. Ona görədə hamıya bəlli olduğu kimi dövlət vətəndaşlarını müharibə dövründə mümkün təhlükələrdən qorumaq, təxribatların qarşısını almaq üçün müəyyən tədbirlər görür. Bu tədbirlərdən biri də Ermənistan Respublikasının silahlı qüvvələrinin Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsini və ətraf rayonlarını işğal etməsi, Azərbaycan Respublikasına qarşı  silahlı hücumlar etməsi və mütəmadi hərbi təxribatlar törətməsi ilə əlaqədar “Hərbi vəziyyət elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanıdır.
“Hərbi vəziyyət elan edilməsi haqqında” Fərmanın tələblərinə riayət etmək isə artıq hər bir vətəndaşın borcu və şəxsi məsuliyyətidir. Yaşından və sosial statusundan asılı olmayaraq, minlərlə insanın könüllü kimi orduya yazılma faktı Azərbaycan cəmiyyətinin hərbi vəziyyətə hazır olduğunu bir daha sübut edir. Ölkə başçısı iyulun 21-də Bakının Xətai rayonunda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində çıxışı zamanı demişdir: “Bizim üçün bir nömrəli milli məsələ - Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllidir. Mən bu məsələ ilə bağlı öz fikirlərimi dəfələrlə demişəm - beynəlxalq təşkilatlarda, beynəlxalq kürsülərdən, ölkə daxilində. Çox da təkrarlamaq istəmirəm, amma bir şeyi istəyirəm Azərbaycan xalqı bilsin ki, bu, milli məsələdir. Biz bu məsələni elə həll etməliyik ki, bu həll Azərbaycan xalqını tam təmin etsin. Hər hansı bir yarımçıq həll bizə lazım deyil. Çünki bu, müvəqqəti olacaq. Yarımçıq, sadəcə, mərhələ ola bilər. Ancaq məsələnin həlli tam olmalıdır. Azərbaycanın suverenliyi, ərazi bütövlüyü tam təmin edilməlidir. İşğal edilmiş bütün torpaqlar istisnasız azad edilməlidir. Azərbaycan vətəndaşları işğal edilmiş bütün torpaqlara, o cümlədən Şuşaya qayıtmalıdır”.
Xalqımızın Azərbaycan Respublikası Prezidentinin sözügedən Fərmanının tələblərinə riayət etməsi və ölkə başçısını dəstəklənməsi beynəlxalq ictimaiyyətə ünvanlanmış siyasi mesajdır. Bu gün ordumuzun döyüş və vətənpərvərlik ruhu, təmas xəttində düşmənin təxribat xarakterli hərəkətlərinə vaxtında layiqli cavab verilməsi hər birimizdə qürur hissi doğurur. Ölkəmizdə dövlət-xalq-ordu birliyinin möhkəmliyi belə deməyə əsas verir ki, Azərbaycan əsgərinin xalqımıza qələbə sevincini yaşadacağı, üçrəngli bayrağımızın işğal altında qalan torpaqlarımızda dalğalanacağı gün çox yaxındır.
Azərbaycan dövləti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün artıq 30 ilə yaxındır ki, bütün səylərini göstərir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin: “Bizim Ermənistan torpağında siyasi və hərbi maraqlarımız yoxdur” fikrini sitat gətirməsi ilə bütün dünya bildi ki, biz işğalçı dövlət deyilik. Biz işğalçı ilə mübarizə aparırıq. Bizim heç bir başqa millətin, başqa xalqın torpağında gözümüz yoxdur. Mübarizəmiz Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasıdır.
Ölkə tariximizdə ilk dəfə olaraq sentyabrın 27-də Azərbaycanda fəaliyyət göstərən 50 siyasi partiya Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair birgə bəyanat yaymış və Ali Baş Komandan, Prezident İlham Əliyevin vətənimizin ərazi bütövlüyünün və vətəndaşların təhlükəsizliyinin qorunması, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi genişmiqyaslı terror təxribatlarının qarşısının alınması məqsədilə həyata keçirdiyi bütün siyasi və hərbi tədbirləri yekdilliklə dəstəklədiklərini və dövlət başçısının yanında olduğunu bildirmişlər.
Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının qarşısını uğurla alması, düşmənə sarsıdıcı zərbələr endirməsi xalqımız tərəfindən böyük sevinclə və ruh-yüksəkliyi ilə qarşılanır. Azərbaycan xalqı ölkə başçısı cənab İlham Əliyevin ətrafında və bir amal uğrunda birləşib. Bu da qələbə çalmaq, torpaqları azad etməkdir. Bütün qaçqınlarımız, məcburi köçkünlərimiz öz doğma torpaqlarına qayıdacaqları günü səbirsizliklə gözləyir, o gün çox yaxındır.

Keçidlər