Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident İlham Əliyev: “Erməni tərəfi açıq-aşkar əslən Livandan olan ermənilərin Azərbaycanın işğal edilmiş ərazilərində məskunlaşdırılmasını elan edir, bu da müharibə cinayətidir”.

02 oktyabr 2020 | 16:00

Sentyabrın 29-da “Rossiya-1” telekanalında yayımlanan “60 dəqiqə” proqramında Azərbaycan-Ermənistan təmas xəttində baş verən son hadisələrə həsr olunan veriliş efirə gedib. Verilişdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan iştirak etmiş və müsahibə vermişdir.
27 sentyabr tarixində Ermənistan silahlı qüvvələri təmas xətti boyunca Azərbaycan Respublikasının mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından atəşə tutaraq, Azərbaycana qarşı növbəti təcavüzə əl atmışlar. Mülki əhalini və mülki obyektləri açıq və məqsədyönlü şəkildə hədəfə alan Ermənistan bu günədək hərbi qulluqçulardan əlavə, aralarında ahıl, qadın və uşaqların olduğu 11 nəfər, o cümlədən 2 uşaq mülki Azərbaycanlı vətəndaşı qətlə yetirmiş, onlarla mülki şəxsi yaralamış və çoxsaylı evlərə və mülki obyektlərə ciddi ziyan vurmuşdur. Beynəlxalq humanitar hüquq və insan hüquqlarını kobudcasına pozan Ermənistan hökumətinin ikiüzlü siyasətinin növbəti təzahürüdür. Azərbaycanın Müdafiə Nazirliyi tərəfindən dəfələrlə bəyan edildiyi kimi, Ermənistandan fərqli olaraq, Azərbaycan silahli qüvvələri mülki əhalini, mülki obyektləri və mülki infrastrukturu hədəfə almır. Ermənistanın məqsədli şəkildə atəş nöqtələrini yaşayış məntəqələrinin yanında yerləşdirdiyini nəzərə alaraq, Müdafiə Nazirliyi işğal olunmuş ərazilərdə məskunlaşdırılmış əhaliyə hərbi obyektlərdən kənarda durmaq barədə rəsmi çağırış edib.
Azərbaycan danışıqlarda həmişə konstruktivlik nümayiş etdirib. Beynəlxalq hüququn fundamental norma və prinsiplərini, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874 və 884 saylı qətnamələrini, beynəlxalq humanitar hüququ, o cümlədən 1949-cu il Cenevrə Konvensiyalarını və onların Əlavə Protokollarını kobud şəkildə pozmaqda davam edən, cinayətkar rejimin qarşısı alınmalıdır. Azərbaycan Respublikasının Silahlı Qüvvələri Ermənistanın növbəti hərbi təcavüzünün qarşısını almaq və təmas xətti boyunca sıx şəkildə yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə özünü müdafiə hüququ çərçivəsində apardığı əks əməliyyatlarda beynəlxalq humanitar hüquqa tam və qətiyyətlə riayət etməkdədir.
Hamı bilir ki, SSRİ dağıldıqdan və Azərbaycan  BMT-yə üzv olarkən Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsi kimi bütün dünya tərəfindən qəbul edilib. Dağlıq Qarabağ münaqişə tərəfi deyil və bu ərazi Ermənistan tərəfindən işğal edilib. ATƏT-in Minsk Qrupu da məhz Ermənistanı münaqişə tərəfi kimi tanıyıb və Dağlıq Qarabağ heç bir halda danışıqlarda subyekt ola bilməz.
Ermənistanın son zamanlarda xronologiyasına nəzər yetirdikdə görmək olar ki, o yeni müharibəyə hazırlaşırdı. Cənab Prezidentin “Rossiya-1” telekanalına verdiyi müsahibədə dediyi kimi: “Bazar günü baş verən hadisələrə Ermənistan artıq bir neçə ay idi ki, hazırlaşırdı. Əgər siz onların hərəkətlərinin və bəyanatlarının xronologiyasını izləsəniz aşkar görərsiniz ki, onlar bu təxribata şüurlu şəkildə gedirdilər. Bu yaxınlarda, BMT Baş Assambleyasının tribunasından çıxış edərkən mən açıq demişəm ki, Ermənistan müharibəyə hazırlaşır və onu dayandırmaq lazımdır. İyul ayında onlar bizim dövlət sərhədindəki yaşayış məntəqələrimizə silahlı hücum etdilər. Bu, münaqişə zonasından uzaq bir yerdir. O vaxt bir dinc sakin və bir neçə hərbi qulluqçu həlak oldu. Döyüşlər dörd gün davam etdi və Ermənistan ərazisində bizim heç bir hərbi hədəfimiz olmayıb və yoxdur. Buna görə də Ermənistan silahlı qüvvələri bizim ərazidən çıxarılandan dərhal sonra qarşılıqlı razılaşmaya əsasən atəş dayandırıldı. Daha sonra mənim dediyim kimi, təxribat qrupu bizim ərazimizə soxuldu, həmin qrup neytrallaşdırıldı. Sonra erməni tərəfi açıq-aşkar, nümayişkaranə şəkildə əslən Livandan olan ermənilərin Azərbaycanın işğal edilmiş ərazilərində və qədim Şuşa şəhərində məskunlaşdırılmasını elan edir, bu da müharibə cinayətidir. Bu, Cenevrə Konvensiyasının pozulması deməkdir. Bunu nümayişkaranə şəkildə edirlər. Sonra onlar Şuşada – Azərbaycan mədəniyyətinin qədim incisində cinayətkar Dağlıq Qarabağ rejiminin qondarma başçısının qondarma inauqurasiyasını keçirirlər. Bütün bunlar bizə qarşı şüurlu provokasiyalar, bizi münaqişəyə cəlb etmək və cavab hərəkətlərinə təhrik etməkdir. Biz təmkin, konstruktivlik və sağlam düşüncə nümayiş etdirdik, lakin onların niyyətləri baş tutmayanda bu cür cəhd göstərdilər. Üstəlik, daha bir səbəb Ermənistanda mövcud olan daxili siyasi böhrandır”.
Bununla yanaşı Ermənistan açıq-aşkar, Livandan olan ermənilərin və Yaxın Şərq ölkələrindən terrorçuların və muzdluların gətirilməsi ilə Azərbaycanın işğal olunmuş ərazilərinə ailələri ilə birlikdə gətirilərək onların məskunlaşdırılması həyata keçirilir. Həmin şəxslər Azərbaycana qarşı hərbi əməliyyatlarda da iştirak edirlər. Bu da Azərbaycanın ciddi  narahatlığına səbəb olan məsələdir. Bununla bərabər, 1990-cı illərdə Ermənistan-Azərbaycan münaqişəsinin aktiv fazasında da muzdlulardan, terrorçulardan geniş şəkildə istifadə edilib. Burada ASALA terror təşkilatını, ARABO, ARAMO kimi terror qruplaşmalarını qeyd etmək lazımdır. Bu, Cenevrə Konvensiyasının pozulması deməkdir. Beynəlxalq ictimaiyyət tərəfindən də Ermənistanın bu kimi terrorçu qüvvələri Azərbaycana qarşı istifadə etməsinə adekvat reaksiya verməlidir. Ermənistanın qanunsuz məskunlaşma siyasətinin yeritməsi Ermənistanda demoqrafik böhran yaşanmasının və onlarda insan resursları yox olduğunu, ona görə xaricdə yaşayan ermənilərə ümid etdikləri görsənir.
Digər müsahibələr kimi, bu müsahibədə də Cənab Prezident İlham Əliyevin şərtsiz olaraq dəqiq, tamamilə məntiqli, düzgün, ardıcıl çıxışı, Ermənistan baş nazirinin yenə də çıxışında heç bir fakta əsaslanmayan yalan və uydurmalar söyləməsi onun növbəti dəfə rəzil duruma düşməsinə səbəb oldu.

Keçidlər