Şriftin ölçüsü :

Saytın rəngi :

Hər bir şəhid xalqın unudulmaz qəhrəmanıdır

03 oktyabr 2020 | 16:00

Sentyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ermənistanın sentyabrın 27-dən başlayan hərbi təxribatı zamanı yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşüblər. Cənab Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva müalicə olunan yaralı hərbiçilərimiz ilə səmimi söhbət etdilər və onların tezliklə sağalıb ayağa durmalarını arzuladılar.
Qarabağ qazilərinə dövlət tərəfindən lazımi dəstək göstərilir, onların məişət problemləri həll olunur. Bu görüş dövlətin öz əsgərinin yanında olduğunu hər bir əsgərə, hər bir valideynə, bütövlükdə Azərbaycan xalqına göstərdi, bəyan etdi. Prezidentin yaralılarla görüşündə istər bu gün, istərsə də sabah daim yanlarında olaraq dövlətin diqqətini ayırmayacağını deməsi, həm də əsgəri gələcək döyüşlərə və qələbəyə ruhlandıran məqamlardır. Torpaqlarımızın işğaldan azad olması uğrunda döyüşlərdə yaralanan hərbçilərimiz tez sağalmaq və döyüş xəttinə yollanmaq üçün can atırlar. Bu, Azərbaycan ordusundakı yüksək əhval-ruhiyyə və vətənpərvərlik səviyyəsini əyani şəkildə təsdiq edən faktdır.
Müharibəni ordular, əsgərlər, könüllülər aparır. Ancaq bizim mənfur qonşumuz müharibəni dinc əhaliyə qarşı aparır, necə ki, əvvəl Xocalıda soyqırımı törətmişdirlər, günahsız insanları qətlə yetirmişdirlər. Dünya ictimaiyyətinin əksəriyyəti Azərbaycanın haqq yolunda olduğunun fərqindədir və dövlət olaraq öz torpaqlarını azad etmək iradəsini müdafiə edir. Müstəqil Azərbaycanın suveren hüquqlarının ən ali beynəlxalq müstəvilərdə müdafiəsinə, ölkənin başlıca problemi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli həllinə nail olmaq istiqamətində misilsiz səylərinizə, beynəlxalq hüququn aliliyinə ehtiramınıza hər birimiz şahidik. Lakin sülhsevər Azərbaycan xalqının səbrinin də hüdudu vardır və Azərbaycan təcavüzkara layiqli cavab verməyə məcbur olmuşdur. İşğal faktını aradan qaldırmaq əvəzinə sülh danışıqlarının üzərindən xətt çəkərək Azərbaycan sərhədlərində ardıcıl təxribatlar törədən Ermənistan tərəfi Azərbaycan dövlətini öz haqqını savaş meydanında müdafiə etməyə vadar etdi. Torpaqlarımız işğal olunub, biz torpaqlarımızın işğaldan azad olunmasını istəyirik. Heç kim bizim bu əks hücumumuzu dayandıra bilməz. Vətənimiz Azərbaycanın siyasi, iqtisadi, sosial, humanitar sahələrdə qazandığı nailiyyətlərlə yanaşı, öz ərazi bütövlüyünü bərpa etmək, sərhədlərinin toxunulmazlığını təmin etmək kimi təbii haqqı vardır. Azərbaycan haqlı tərəfdir və deməli, Haqq bizimlədir. Bu gün də Vətən torpaqlarının müdafiəsində milli, dini mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlar Ali Baş Komandanın yanındadırlar.
Heç şübhəsiz ki, Azərbaycan güclü dövlətdir və bütün sahələrdə inkişaf etmişdir. Azərbaycan ordusu dünyanın ən qüdrətli orduları sırasında yer alır və düşmənin istənilən həmləsinin qarşısını almaq, ona öldürücü zərbə endirmək gücündədir. Hal-hazırda bütün cəbhə boyu ərazilərdə aparılan döyüşlər zamanı Azərbaycan Silahlı Qüvvələrinin bir sıra əraziləri işğaldan azad etməsi və döyüşlərdəki üstünlüyü tam ələ alması bir daha onu göstərir ki, Azərbaycan Ordusu düşməni öz torpaqları uğrunda darmadağın etmək iqtidarındadır. Bu gün Azərbaycan torpaqlarını müdafiə etmək gücünə qadirdir. Azərbaycan Ordusunun Ermənistan silahlı birləşmələrinə qarşı həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatları vətəndaşlarımızda qələbə əzmini, ruh yüksəkliyini daha da artırıb. Bu, Azərbaycan vətəndaşlarının Prezident, Ali Baş Komandan İlham Əliyevə göndərdiyi təbrik və təşəkkür məktublarından da aydın görünür. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bildirdiyi kimi: “Mən əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Orduda ruh yüksəkliyi var. Siz də bunu yaxşı bilirsiniz. Cəmiyyətdə ruh yüksəkliyi var. Mənə artıq bu son 3-4 gündə hər gün çoxlu məktublar gəlir, həm ölkə vətəndaşlarından, həm də digər ölkələrin vətəndaşlarından. Xaricdən ən çox məktublar qardaş Türkiyədən gəlir. Türk qardaşlarımız o məktublarda bizimlə bərabər bu haqlı davada vuruşmaq barədə öz istəklərini ifadə edirlər. Mən onlara təşəkkür edirəm. Amma bir daha demək istəyirəm ki, buna ehtiyac yoxdur. Azərbaycan Ordusu kifayət qədər güclü ordudur, təchiz edilmiş ordudur. Biz bu işi elə həll etməliyik ki, tarixi ədalət bərpa olunsun”.
Qarabağ münaqişələrinin daha gərgin vəziyyət almasından sonra beynəlxalq arenada da ölkələrin münasibətləri birmənalı olmadı. Bir çox dövlətlər bitərəf mövqe tutub tərəfləri danışığa səsləsə də, elə dövlətlər də oldu ki, bizim haqq işi uğrunda apardığımız mübarizədə Ali Baş Komandanın apardığı siyasəti yüksək qiymətləndirib yanımızda olduqlarını qəti şəkildə ifadə etdilər. Qardaş Türkiyə, Pakistan, İsrail, Ukrayna bu münaqişənin həlli ilə bağlı Azərbaycana davamlı dəstək göstərir və bununla ölkələrarası strateji və dostluq münasibətləri bir daha təsdiqlənir.
Bu görüş zamanı bir daha şahid olduq ki, dövlətin yaralılara qayğısı ilə yanaşı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın kövrəlməsi və göz yaşları ana ürəyinin və qadın mərhəmətinin təcəssümüdür. Heç şübhəsiz ki, Azərbaycan əsgəri böyük qəhrəmanlıq, şücaət göstərib, Vətən uğrunda şərəflə vuruşub. Cənab Prezident və xalq arasında olan sarsılmaz birlik Dağlıq Qarabağın tam azadlığını təmin edəcəkdir.

Keçidlər