Fransanın Minsk Qrupu həmsədrliyindən çıxarılması müzakirə edilməlidir
Sülh prosesini tənzimləməli olan ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi Fransa bu gün Yerevandan daha çox canfəşanlıq edir. Fransa prezidenti Emmanuel Makron daha irəli gedərək sentyabrın 30-da Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı baş verən son hadisələrə dair verdiyi bəyanat münaqişənin həll edilməsi üçün yaradılan Minsk Qrupu həmsədri kimi ölkənin vasitəçilik missiyası ilə uyğun gəlmir, birtərəfli və qərəzlidir. Fransa Prezidentinin hərbi əməliyyatların başladığından bəri tutduğu mövqe və verdiyi bəyanatlar bu ölkənin münaqişənin nizamlanması prosesindəki beynəlxalq mandatına ziddir və neytral vasitəçilik missiyasının tələblərinin kobudcasına pozulmasıdır. Ancaq Makron bilməlidir ki, Ermənistanın yaşayış məntəqələrimizə, mülki əhalimizə qəsdən hədəfə alması beynəlxalq humanitar hüququn, o cümlədən Cenevrə konvensiyalarının kobud surətdə pozulmasıdır. Ermənistan hərbi-siyasi rəhbərliyinin uzun müddət hazırlaşdığı və Azərbaycana qarşı başlatdığı təxribat hazırda bütün cəbhə boyu davam edir. Bu, beynəlxalq hüququn ayaqlar altına atılması və Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təcavüzü və güc tətbiq etmək aktıdır.
Fransa kimi bir dövlətin, ən əsası BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən, ATƏT-in Minsk qrupu həmsədrlərindən biri kimi belə mövqe tutması onun münaqişənin nizamlanması prosesindəki beynəlxalq mandatına ziddir, neytral vasitəçilik missiyasının tələblərinin kobudcasına pozulmasıdır. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını azad etmək haqqında BMT Təhlükəsizlik Şurasının, müxtəlif beynəlxalq təşkilatların çoxsaylı qətnamələrinə və çağırışlarına məhəl qoymayan Ermənistan nəinki Cənubi Qafqazda, eləcə də bütün dünyada sülhə və təhlükəsizliyə ən böyük təhlükəyə çevrilib. İşğalçının adı ilə çağırılması bir qayda olaraq ATƏT-in Minsk qrupu həmsədrləri tərəfindən birtərəflilik kimi dəyərləndirilir, amma fürsət düşən kimi həmsədrlər tərəfindən işğalçı Ermənistana açıq-aşkar dəstək ifadə olunur. Bu, ilk növbədə Fransanın özünün beynəlxalq aləmdəki nüfuzu və reputasiyası üçün ləkə və qüsurdur. Görünür, Fransanın Minsk Qrupu həmsədrliyindən çıxarılması müzakirə edilməlidir.
Fransa, həmçinin 1997-ci ildən etibarən ATƏT-in Minsk Qrupunun həmsədri qismində Ermənistan-Azərbaycan Dağlıq Qarabaq münaqişəsinin həlli üzrə vasitəçi missiyanı yerinə yetirir. Şübhəsiz ki, Fransanın ermənipərəst mövqeyi və Emmanuel Makronun son bəyanatı vasitəçilik missiyasına mənfi təsir edir. Bir ölkənin prezidentinin Ermənistana və ermənilərə xitabən “Ermənistana və ermənilərə deyirəm, Fransa da öz rolunu oynayacaq.” – deyə bəyanat verməsi əsla qəbul edilə bilməz. Çünki BMT Təhlükəsizlik Şurasının 1993-cü il 822, 853, 874 və 884 saylı qətnamələri başda olmaqla beynəlxalq təşkilatların qəbul etdiyi çoxsaylı qərarların Ermənistanın işğalçı qüvvələrinin Azərbaycanın işğal edilmiş bütün ərazilərində çıxarılması ilə əlaqədar tələbləri bu günədək Ermənistan tərəfindən yerinə yetirilmir. Bu, cəzasızlıq mühitində işğalçı Ermənistanı mükafatlandırmaq və yeni ərazilər işğal etməyə həvəsləndirmək deməkdir.
Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin öz beynəlxalq tanınmış sərhədləri çərçivəsində əks həmlələri həyata keçirdiyini və Ermənistan silahlı qüvvələrinin Azərbaycanlı mülki şəxslərin və mülki infrastrukturun məqsədli şəkildə hədəfə alınmasına və mülki insanlar arasında itkilərin olması faktını hər kəs bilir. Bunların baş verdiyi zamanda beynəlxalq hüquqi normaya zidd və cinayətkar rejimin tərəfin tutacaq bir bəyanət yayılması onların vasitəçi missiyasına ehtiyac olmadığının göstəricisidir.
Azərbaycanın haqlı mübarizəsinə qərəzli mövqe nümayiş etdirən Fransa və digər dövlətlər son illər münaqişənin sülh yolu ilə həll edilməsi üçün müzakirələrin davam etmədiyini yaxşı bilirdilər. Hətta Azərbaycan Prezidenti İlham Əliyev həmsədr ölkələrinin diqqətinə çatdırmışdı ki, Paşinyan hökuməti danışıqlardan boyun qaçırır. İndiki yaranmış vəziyyət həmsədr ölkələrin münaqişənin sülh yolu ilə həll olunması prosesinə etinasız yanaşmağının nəticəsidir.
Fransanın tarixinə nəzər salsaq, tarix səhifələrinin soyqırımlarla, təcavüzkar, işğalçı siyasətlə dolu olduğunu görə bilərik. Fransa tarix boyu Liviya, Əlcazair kimi zəif dövlətlərdən təşkil olunmuş kalonyaları öz əlində saxlamaqla öz işğalçı siyasətini həyata keçirib. Fransanın həyata keçirdiyi soyqırımlar Əlcazair və Liviya ilə məhdudlaşmır. Çadda, Qabonda, Tunisdə, Cibutidə tarix boyu soyqırım törətmiş, minlərlə insanı yaşamaq hüququndan məhrum etmiş bir xalqın bu gün Azərbaycan-Ermənistan arasında baş verən münaqişələrdə işğalçı, təcavüzkar bir dövlət olan Ermənistanı dəstəkləməsı təsadüfü deyil. Bu gün Kamerunun ingilisdilli və fransızdilli bölgələri arasındakı savaş Fransanın müstəmləkə dövrünün Afrika ölkələrinə qoyduğu acı mirasdır. Fransa Prezidentinə belə bir məsləhət vermək olar ki, Azərbaycana Dağlıq Qarabağla bağlı məsləhətlər vermək yerinə, Korsika xalqına millətlərin öz müqəddəratını müəyyən etmək prinsipi bəxş etməklə "əsl demokratiya "nümunəsini göstərsin.