Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident İlham Əliyev: “Bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dünyanın heç bir ölkəsi “Dağlıq Qarabağ respublikası”nı tanımır”

06 oktyabr 2020 | 16:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də “Əl-Cəzirə” televiziya kanalına müsahibə vermişdir. Prezident İlham Əliyev münaqişəsinin əsl səbəblərindən, həllinə mane olan ünsürlərdən bəhs edərək bildirmişdir ki, Ermənistan sülh istəmir və torpaqlarımızı daim işğal altında saxlamaq istəyir. Hətta bununla da yetinməyib yeni ərazilər işğal etməyə çalışırdı. Bütün olanlara Azərbaycan daha çox anlayış göstərib. Çünki Azərbaycan sülh tərəfdarı olaraq, 1993-cü ildə Ermənistan ərazilərimizin bir hissəsini işğal etdikdə BMT Təhlükəsizlik Şurasının tərəfindən qəbul etdiyi dörd qətnaməsinin prinsiplərinə əməl etmişdir. Ancaq danışıqlar prosesində qarşı tərəfin biganəliyi və status-kvonun qoruyub saxlamaq üçün hər bir vəclə çalışdığı göz önündədir. ATƏT-in Minsk qrupunun həmsədrləri isə dəfələrlə bəyanatlar veriblər ki, status-kvo qəbuledilməzdir. Bununla yanaşı Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Parlamenti kimi beynəlxalq təşkilatlar və başqaları Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qərarlar qəbul edib. Lakin bütün bu qətnamələr, bəyanatlar və digər sənədlər kağız üzərində qalmaqdadır. Heç bir qurum 30 ilə yaxındır ki, erməni cinayətkar rejiminə təzyiq göstərməyib ki, bu qətnamələr həyata keçirilsin və tarixi torpaqlarımızı Azərbaycanın özünə qaytarsınlar.
Ümumiyyətlə son iki ildə baş verən hadisələr bizə göstərirdi ki, Ermənistan müharibəyə hazırlaşırdı. Bunu Cənab Prezident dəfələrlə öz çıxışlarında və BMT Baş Assambleyasının tribunasından çıxış edərkən açıq demişdi ki, Ermənistan müharibəyə hazırlaşır. İyul ayında ermənilər bizim dövlət sərhədindəki yaşayış məntəqələrimizə hücum etdilər. Daha sonra cari ilin avqustun 23-də Ermənistan ordusu tərəfindən ərazimizə daxil olmaq və terror aktlarını törətmək üçün göndərilmiş diversiya qrupu neytrallaşdıraraq, diversiya qrupunun başçısı yaxalanmışdır. Bütün bunlar onu göstərir ki, danışıqlar prosesini tamamilə məhv etmək istəyirdilər. Səbəb isə Ermənistanda mövcud olan daxili siyasi böhrandır. Axı bu gün Paşinyanın şəxsində Ermənistanın rəhbəri Sorosun əlaltısıdır və öz xalqına verilən vədləri tuta bilməyən cinayətkar rejim xalqın fikirlərinə başqa yerə yönəltmək üçün təxribatlara əl atmışdır. Üstəlik Ermənistanın əsas müxalifət partiyasının lideri həbs edilib, sabiq iki prezident barədə cinayət araşdırması aparılır. Bununlada Ermənistanın baş naziri öz diktator, despotik rejimi qurduğunu görmək olar.
Azərbaycanın mövqeyi həmişə ki kimi dəyişməz olaraq qalır. Cənab Prezidentin müsahibədə bildirdiyi kimi: “Bizim mövqeyimiz dəyişməz olaraq qalır. Mənim tələb etdiklərim tamamilə beynəlxalq hüquqa müvafiqdir, çünki bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dünyanın heç bir ölkəsi “Dağlıq Qarabağ respublikası”nı tanımır. Mənim söylədiyim sözlər demək olar ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin mətnidir. Onlar bizim ərazilərimizi tərk etməlidir və yalnız ondan sonra müharibə dayanacaq, münaqişəyə son qoyulacaq. Ola bilsin müəyyən müddət keçdikdən sonra Ermənistan və Azərbaycan xalqları sülh şəraitində birlikdə yaşaya biləcəklər. Bu, bizim mövqeyimizdir və o, dəyişməzdir. Bu, tarixi həqiqətə, beynəlxalq hüquqa və həmçinin düşünürəm ki, regionumuzdakı bu günün siyasi və geosiyasi reallıqlarına əsaslanır. Hesab edirəm ki, Ermənistan hökuməti özlərinin qlobal arenada “əhəmiyyətinə”, onlara göstərilə biləcək mümkün beynəlxalq dəstəyə həddindən artıq böyük qiymət veriblər və bizi təhrik etməklə, bizə hücum etməklə böyük səhvlərə yol veriblər. İndi də onlar ciddi məğlubiyyət acısını yaşayırlar.”
Bütün bu problemlərin həllinin uzanması, 30 il torpaqlarımızın işğal altında olması və Azərbaycan xalqının səbrlə, təmkinlə, illərlə gözləməsi, səbr etməsi onu göstərir ki, biz sülh istəmişik, müharibə yox. Buna görədə danışıqlar prosesi davam edə bilərdi, amma Paşinyanın “Qarabağ Ermənistandır” ifadəsindən sonra danışıqlar üçün heç bir imkan qalmadı. Bu ifadən sonra Prezident İlham Əliyevin Ermənistanın baş naziri ilə görüşü oldu. Lakin görüşlər tamamilə mənasız idi, formal xarakter daşıyırdı. Onlar, əraziləri geri qaytarmayacaqlarını deyirdi. Bu da onun nəticəsi oldu ki, ATƏT-in Minsk qrupu tərəfindən hazırlanmış prinsiplərə qarşı çıxırlaraq və danışıqları məhv etdilər. Hamıya bəlli olduğu kimi danışıqlar prosesi bir tərəfli olmur. Bundan sonra Ermənistanın baş naziri 7 şərt irəli sürərək, növbəti təxribat planlarını həyata keçirtmək istəyirdi. Şərtlərdən biridə bu olubdur ki, Azərbaycan “Dağlıq Qarabağ hökuməti” ilə danışıqlar aparmalıdır. Bu o demək idi ki, iyirmi ildən çox müddət ərzində hazırlanmış danışıqların formatını tamamilə dəyişilməli idi. Hər kəs bunu bilir və qəbul edir ki, danışıqlar Ermənistan və Azərbaycan arasında aparılmalıdır. Ona görə də irəli sürülən şərtləri təkcə Azərbaycan yox, həm də Minsk qrupuda qəbul etmədi. Ancaq Ermənistan növbəti təxribatlar etmiş və ilk olaraq Şuşa şəhərində qondarma “Dağlıq Qarabağ lideri”nin qondarma “andiçmə” mərasiminin təşkil etdilər. Sonra qondarma “Dağlıq Qarabağın parlamenti”ni Xankəndidən Şuşaya köçürməyi qərara aldılar. Bunlar qəbul edilməz və xalqımızın hisslərinə qarşı edilmiş təhqir idi. Bunları etdikdən sonra atəşkəsi pozaraq hücum çəkən tərəf məhz Ermənistan oldu. Bunun nəticəsində mülki şəxslər arasında 19 itkimiz, onlardan 2-si uşaqdır və 54 yaralı oldu. Əgər Azərbaycan özünü müdafiə etməsə idi, itkilərimiz və yaralılarımız daha çox olardı. Atəşkəsin pozulması və vəziyyətin eskalasiyasının əsas səbəbi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal altında olan ərazilərdə qanunsuz mövcudluğu və münaqişənin davam etdirilməsidir. Azərbaycan öz torpağı uğrunda savaşır və müdafiə edir. Bu torpaqlar bizim əzəli torpaqlarımızdır. Prezident İlham Əliyev müsahibədə vurğuladığı kimi “Bu, bizim torpağımızdır. Biz onu geri almışıq, biz onu güc yolu ilə geri qaytarmışıq, biz onları itkilər verərək geri qaytarmışıq, biz heç vaxt bundan geri dönməyəcəyik. Biz orada yaşayacağıq. Bizim həmin ərazilərdən güclə çıxarılmış insanlarımız bu gün demək olar ki, 30 ildir bir arzu ilə, bir amalla yaşayır – geri qayıtmaq.”
Azərbaycan ərazilərinin hərbi işğalı Ermənistan tərəfindən arzu edilən nəticəni heç bir zaman verməyəcək. Münaqişənin həlli yalnız beynəlxalq hüququn norma və prinsipləri və Helsinki Yekun Aktında əks edilmiş Azərbaycan Respublikasının beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünə tam hörmət əsasında mümkündür. Azərbaycan  bu münaqişənin regional münaqişəyə çevrilməsinin qəti olaraq əleyhinədir. Ermənistanın bu gün apardığı təbliğat Azərbaycana guya hansısa xarici ölkələrin dəstək verməsi ilə bağlıdır. Əslində Ermənistan özü də kifayət qədər yaxşı bilir ki, Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi üçün hər hansı bir kənar qüvvəyə, bu və ya digər dəstəyinə ehtiyacı yoxdur. Ordumuzda kifayət qədər əsgər var, ehtiyatımız kifayət qədərdir. Bunu ermənilər də, onların havadarları da kifayət qədər yaxşı bilirlər. Sadəcə aparılan təbliğat ancaq və ancaq ona hesablanıb ki, nəyin bahasına olursa olsun, digər dövlətlər prosesə cəlb olunsun və Ermənistana dəstəyə gəlsinlər. Lakin bunun baş verməsi mümkün deyil. Çünki regionumuzda təhlükəsizlik bütün region ölkələrinin maraqlarına xidmət edir.
Ermənilər təbliğat ortaya ataraq bildiriblər ki, guya Türkiyə suriyalı müxalif döyüşçüləri Azərbaycana gətiriblər, bundan da əlavə münaqişəyə hərbi nöqteyi-nəzərdən öz təyyarələri cəlb edirlər. Ancaq bu təbliğatlar əsassız və dezinformasiydır. Çünki bu gün bizim torpaqlarımızı almağa və düşməni yerində oturtmağa güclü ordumuz var və onların Su-25 təyyarəsi qəzaya uğradığını faktlarla aydındır. Hər kəs bilir ki, Azərbaycan Türkiyə dövləti qardaşdır və münaqişənin ilk günlərindən Türkiyə kimi bir çox dövlət bizə tam dəstək durublar.
Heç şübhəsiz ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü əsasında həll olunacaqdır. Çünki bütün dünya Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq tanıyır. Əgər Ermənistan həqiqi mənada sülh yolu ilə münaqişəni həll etmək istəyirsə, onda heç bir şərt irəli sürmədən özlərinin silahlı qüvvələrini Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmalıdır.

Keçidlər