Ali Baş Komandan: “Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu növbəti dəfə tarix, zəfər yazmaqdadır. İşğalçı və təcavüzkar Ermənistanın növbəti təxribatı nəticəsində yaranmış gərginliklə bağlı Azərbaycan Ordusu, Silahlı Qüvvələrimiz bütün cəbhə boyu əks-hücum əməliyyatına başlayıb və bir daha düşmənə, işğalçı orduya öz gücünü göstərir. Azərbaycan xalqının həsrətinə son qoyulur. Ordumuzun gücü hesabına tarixi ədalət bərpa olunacaqdır. Şanlı Azərbaycan Ordusu bütün torpaqları qaytaracaqdır. Çünki Qarabağ torpağı Azərbaycan xalqının əzəli tarixi torpağıdır. Azərbaycan xalqı əsrlər boyu bu torpaqlarda yaşayıb, yaradıb, qurub, tikib. Bu günlərdə tarixi ədalət bərpa olunur. Azərbaycan Ordusu işğal altında olan Cəbrayıl şəhərini və Cəbrayıl rayonunun on iki kəndini və bir sıra strateji yüksəklikləri işğalçılardan azad edib.
Cənab Prezident oktyabrın 4-də Azərbaycan xalqına etdiyi tarixi müraciətində münaqişənin həlli ilə bağlı Ermənistanın, eləcə də beynəlxalq birliyin tutduğu mövqedən bəhs etdi, indiyə qədər olan prosesləri Azərbaycan xalqı ilə bölüşdü. Müraciətində Cəbrayıl rayonunun işğaldan azad olunması münasibətilə təbriklərini çatdıran ölkə başçısı bildirib ki: “Bu gün Cəbrayıl şəhəri və Cəbrayıl rayonunun doqquz kəndi işğaldan azad edildi. Bu tarixi hadisə münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Cəbrayıl rayonunun və işğal olunmuş digər ərazilərin azad edilməsində fəal iştirak etmiş bütün əsgər və zabitlərimizi ürəkdən təbrik edirəm. Onların qəhrəmanlığı, şücaəti nəticəsində bu gün bizim doğma torpaqlarımız bizə qayıdıb. Bu qanlı döyüşlərdə həlak olmuş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm, yaralı hərbçilərimizə Allahdan şəfa diləyirəm. Uzun illərdən sonra Cəbrayıl şəhəri azad edildi. Cəbrayıl bizimdir!”. İşğaldan azad olunan torpaqlar Azərbaycan xalqının sevinc göz yaşlarının səbəbidir. Ölkə başçısının da vurğuladığı kimi: “Bu gün cəbrayıllılar, əlbəttə ki, sevinc içindədirlər, necə ki, bütün Azərbaycan xalqı. Dünən bizim qədim yaşayış yerimiz – Suqovuşan qəsəbəmiz işğaldan azad edildi. Bütün Azərbaycan xalqı bu tarixi hadisəni qeyd edirdi, bir-birini təbrik edirdi, göz yaşlarını saxlaya bilmirdi. Bu, sevinc göz yaşlarıdır. 1990-cı illərin əvvəllərində də Azərbaycan göz yaşlarını töküb. Ancaq o, məğlubiyyət göz yaşları idi, o, faciə göz yaşları idi”.
Beynəlxalq hüquqa sığınan Azərbaycan münaqişə boyunca diplomatik üsullara müraciət edib və danışıqlara hazır olduğunu bildirib. Sülhsevər Azərbaycan xalqı danışıqlara inanıb. Diplomatik üsullara sadiq olub. Beynəlxalq birliyə etibar edib. Xalqımızın etibarından istifadə olunub, onun səbri ilə oynayıblar. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr 27 ildir kağız üzərində qalmaqdadır. Aparılan danışıqlar və onun formatı faktiki olaraq münaqişənin dondurulmasına xidmət edib. BMT və onun Təhlükəsizlik Şurası, nə də ATƏT, Minsk qrupu və həmsədrlər bu dövr ərzində əllərində olan təsir və təzyiq müxanizmlərini işə salmamış, Ermənistana sanksiyalar tətbiq etməmiş, onu çəzalandıraraq, işğaldan geri çəkindirməyə nail olmamışdır. Azərbaycan işğalçı ölkə deyil. Bunu dövlətimizin başçısı xalqa müraciətində də bir daha qeyd edib. Ölkə Prezidenti bildirib ki: “Biz istəyirdik ki, bu məsələ danışıqlar yolu ilə həll olunsun, səbir göstərirdik. Danışıqlarda həmişə ədalətli mövqedə olmuşuq, bizə mənsub olanı istəmişik. Başqasının torpağında heç vaxt gözümüz olmayıb. Amma demişik ki, bu, bizimdir, xalqımızındır, millətimizindir, bizə qayıtmalıdır, danışıqlar yolu ilə qayıtmalıdır. Amma bu danışıqlar faktiki olaraq münaqişənin dondurulmasına gətirib çıxarmışdır. Yəni, buna hesablanmışdır. Otuz il ərzində danışıqlar gedə bilərmi?! Otuz il ərzində Azərbaycan xalqını belə vəziyyətdə saxlamaq olarmı?! Otuz il ərzində biz ümidlə yaşayırdıq ki, beynəlxalq birlik bu məsələni həll edəcək. Bu məsələnin həlli ilə məşğul olan ölkələr, beynəlxalq təşkilatlar öz sözünü deyəcək”. Ölkə başçısı qeyd edib ki: “Ona görə indiki vəziyyətdə birinci günahkar Ermənistan rəhbərliyidir. Eyni zamanda, bu məsələyə biganə yanaşan və daim Ermənistanın tərəfini saxlayan və bu işğalı əbədi etmək istəyən bəzi ölkələrin dairələridir”.
Hərbi əməliyyatların dayandırılmasına gəlincə, cənab Prezidentin qeyd etdiyi kimi, işğalçılar bizim torpaqlarımızdan çıxmalıdır. Prezident İlham Əliyev Ermənistanın baş nazirinə də xəbərdarlıq edərək bildirib ki: “Desin ki, mən Azərbaycanın ərazi bütövlüyünü tanıyıram, necə ki, baza prinsiplərində bu, təsbit edilib. Desin ki, mən işğal edilmiş torpaqlardan qoşunlarımızı çıxaracağam, necə ki, baza prinsiplərində bu, təsbit edilib. Desin ki, mən Azərbaycan xalqından üzr istəyirəm və desin ki, Qarabağ Ermənistan deyil”.
Paşinyan bu şərtlərə əməl etməsə, işğalçı ordunu bundan sonra da ağır nəticələr gözləyir. Sentyabrın 27-də döyüşlər başlayandan bir neçə saat sonra bir neçə kəndimiz işğaldan azad olundu. İndiyə qədər isə Cəbrayıl şəhəri və onun bir sıra kəndləri, strateji əhəmiyyət kəsb edən Tərtərin Suqovuşan və Talış kəndləri, Füzuli rayonun bir neçə kəndi və strateji yüksəkliklər azad olunub. Hazırda düşmənə sarsıdıcı zərbələr endirilməkdədir. Ölkə rəhbəri bildirib ki: “Bu gün Cəbrayılın işğaldan azad edilməsi Ermənistana, onun havadarlarına dərs olmalıdır. Mən hadisələrdən əvvəl demişdim. Orada təxribat törətdi, dərs verdik, dərs olmadı. Burada təxribat törətdi, dərs verdik, dərs olmadı. Nəhayət, bu dəfə təxribat törətdi, dərs verdik, indi dərs oldu”.
İşğalçı siyasətin girovuna çevrilmiş erməni xalqı bilməlidir ki, bu siyasət Ermənistanın dövlətçiliyinə təhlükədir və onlar öz siyasi rəhbərlərinin axmaq niyyətlərinin əziyyətini çəkirlər. Ermənistan xalqı və rəhbərləri hələ ki, gec deyil yaxşı düşünməli və düzgün nəticə çıxarmalıdır.
Ölkə Prezidentinin də qeyd etdiyi kimi: “Biz haqq-ədalət tərəfindəyik. Biz tarixin ən şərəfli anlarını yaşayırıq. Azərbaycan xalqı qədim xalqdır. Bizim tariximizdə bir çox şərəfli anlar olub, hadisələr olub, qələbələr olub. Onların sırasında bugünkü hadisələr xüsusi yerdədir. Biz ədaləti bərpa edirik, ərazi bütövlüyümüzü bərpa edirik, Azərbaycan xalqının ümidlərini doğrulduruq və bundan sonra da doğruldacağıq. Biz haqlıyıq, biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.