Şriftin ölçüsü :

Saytın rəngi :

Ali Baş Komandan: “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm”.

12 oktyabr 2020 | 16:00

Oktyabrın 9-da Rusiyanın paytaxtı Moskva şəhərində Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iştirakı ilə 11 saat davamlı olaraq danışıqlar aparılmışdır. Müzakirələrin müddəti onu göstərir ki, kifayət qədər gərgin və mürəkkəb bir proses olmuşdur. Hərbi əməliyyatlar gedişində dəyişilmiş status-kvonun siyasi və diplomatik müstəviyə daşınması mütləq idi. Humanitar atəşkəsin təmin edilməsi, münaqişənin həllində birinci mərhələdir. Bundan əvvəl nəticəsiz danışıqlar, vasitəçilərin əhəmiyyətsiz, əksər hallarda isə ikili standartlara söykənən bəyanatları prosesi ölü nöqtədən tərpətməyə imkan vermirdi. Bu isə işğalçını qane edirdi. Təbii ki, Azərbaycan öz milli məsələsi olan Dağlıq Qarabağ münaqişəsi ətrafında vəziyyətin sona qədər bu cür davam etməsi ilə razılaşa bilməzdi. Bundan sonra aparılacaq danışıqların gedişində şərtləri Azərbaycan müəyyənləşdirəcək və Azərbaycana qarşı hər hansı şərtlərin irəli sürülməsindən söhbət gedə bilməz. Beynəlxalq vasitəçilər və dünya birliyi də anladı ki, Dağlıq Qarabağ Azərbaycanın milli məsələsidir. Kənar təzyiqlərə rəğmən, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin mövqeyini çox aydın və güclü siyasi qətiyyətliyini gördük. Cənab Prezident bu siyasi təzyiqlərə sinə gəlir və vaxtında atılan diplomatik addımlarla Azərbaycana qarşı olan təzyiqləri neytrallaşdırır.
Hamıya bəllidir ki, humanitar atəşkəs müvəqqəti xarakter daşıyır. Əgər bundan sonra Ermənistan yenə də öz işğalçı siyasətini davam etdirəcəksə və işğal olunmuş ərazilərdən öz qoşunlarını çıxarmayacaqsa, onda hərbi əməliyyatların bərpa olunması hər zaman baş verə bilər. Azərbaycan Ordusu qısa müddət ərzində Ermənistanın havadarlarının dəstəyi ilə 30 il ərzində qurduğu ordusunu darmadağın etdi. Ölkə başçısının qeyd etdiyi kimi artıq hər hansı təmas xəttindən söhbət gedə bilməz. Bu o deməkdir ki, artıq bölgədə şərtləri Azərbaycan diktə edir və Azərbaycan sona qədər öz torpaqları uğrunda mübarizə aparacaq. Ali Baş Komandan İlham Əliyev təmkin və səbir nümayiş etdirərək həm döyüş meydanında, həm də diplomatiya sahəsində uğurlara imza atdı və atmaqda davam edir. Azərbaycanın milli maraqları Prezident İlham Əliyev üçün, xalqımız üçün ən ali dəyərdir. Heç bir güc bizi haqq işimizdən yayındıra bilməz. Müzəffər Azərbaycan Ordusu işğal altında qalan torpaqların bir hissəsini azad etdi. Biz bununla münaqişənin hərb yolu ilə həll oluna biləcəyinin mümkünlüyünü sübut edə bildik.
Azərbaycanın Ali baş Komandanı İlham Əliyev 30 ildir, Ermənistanın öz havadarlarının dəstəyi ilə möhkəmlənən “status-kvo”nu dəyişdirdi. Hazırda isə münaqişə bölgəsində davam edən təmas xətti artıq yoxdur. Ölkə rəhbəri qəti və məntiqli diplomatik gedişlərlə regionun geo-siyasi mənzərəsini dəyişdi. Bu gün hərbi və siyasi müstəvidə dəyişən status-kvo Ermənistanın işğal siyasətinə ən böyük təzyiqdir. İşğalçı artıq təhlükəsizlik zəmanətindən məhrum olub. Ermənistanın separatçı qurumu üçüncü tərəf kimi münaqişəyə cəlb etmək istəyi rədd edildi. Bu birmənalı olaraq, Ermənistanın diplomatiyada məğlubiyyətidir. Artıq diplomatik danışıqlar da tam fərqli məcrada davam edəcək. Azərbaycan əsgərinin döyüş meydanında əldə etdiyi uğurlar rəsmi Bakının diplomatik sahədə də uğurlarını şərtləndirir. Ən azından düşmənin 190-dan çox tankı, çoxsaylı artilleriya qurğusu, raket sistemləri, canlı qüvvəsi məhv edildi və xeyli sayda hərbi texnikası, silah-sursatı ələ keçirildi. Bu sistemlərin qurulması üçün Ermənistan tərəfindən milyardlarla dollar vəsait sərf olunmuşdu. Biz indi  yeni strateji mövqelərimizdə rahat yerləşməli, vəziyyəti yenidən qiymətləndirməliyik. Dağlıq Qarabağ ətrafında bir neçə vacib strateji mövqelər bizdədir.
Təəssüflər olsun ki, münaqişənin həlli istiqamətində ATƏT-in Minsk qrupu öz vəzifəsinin öhdəsindən gələ bilmədi. Azərbaycan nə qədər onlara və dünya ictimaiyyətinə Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətləri çatdırmağa çalışsa da, nəticəsi olmadı. Azərbaycan qəti mövqe nümayiş etdirərək münaqişənin hərbi yolla həllinin mümkünlüyünü sübut etdi. Artıq uzun illərdir Ermənistan tərəfdən gözardı edilən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası üçün zəmin yaranıb. Erməni tərəfi işğalda olan torpaqlarımızdan çıxma qrafikini verməli və ATƏT-in Minsk Qrupu ölkələri tərəfindən təsdiq edilməlidir. Həmsədrlər də fəaliyyətini bu istiqamətdə qurmalıdırlar.
Azərbaycan hərbi sahədə əldə etdiyi böyük uğuru həm də diplomatik müstəviyə keçirdi. Ermənistanın danışıqlar formatını dəyişdirmək və Dağlıq Qarabağdakı qondarma rejiminin danışıqlar prosesində tərəf kimi çıxış etməsinə nail olmaq, o cümlədən 1994-cü il Bişkek protokolunu əlində bayraq etmək iddiasının üzərindən birdəfəlik xətt çəkildi. Status-kvo dəyişdi, eləcə də hərbi və siyasi şərtləri indi Azərbaycan diktə edir. Prezident İlham Əliyevin də vurğuladığı kimi, “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm. Yaxın tarix dəfələrlə bunu göstərib, həm siyasi müstəvidə, diplomatik müstəvidə, eyni zamanda, döyüş meydanında. Nəyi ediriksə, dəqiqliklə edirik”. Şübhəsiz ki, bu fikirlərin təsdiqini bu günədək aparılan siyasət, atılan addımlar, o cümlədən sentyabrın 27-dən başlayan əks-hücum əməliyyatlarında gördük. Ali baş komandanımızın göstərişləri,düzgün taktikaları sayəsində tezliklə Qarabağımızı işğaldan azad edəcəyik və azad edilmiş hər bir rayonda Azərbaycan bayrağı sancılacaqdır.

Keçidlər