Ali Baş Komandan: “Biz heç vaxt mülki şəxslərlə müharibə aparmamışıq, bu gün də aparmırıq, bu, Azərbaycanı Ermənistandan fərqləndirən cəhətlərdən biridir”
Cari ilin oktyabrın 10-da saat 12:00-dan etibarən tərəflər arasında humanitar məqsədləri əks etdirən atəşkəs rejiminin elan olunmasına baxmayaraq yenə də Ermənistan hökumətinin beynəlxalq məsuliyyətsizliyi davam edir. Görünən odur ki, Ermənistan humanitar atəşkəslə bağlı Moskvada əldə olunmuş razılaşmaya hörmət etmir. Hər kəsə bəllidir ki, humanitar atəşkəs müvəqqəti xarakter daşıyır və bu sülh demək deyildir. Bu danışıqların nəticəsində imzalanmış bəyannaməyə görə münaqişənin həlli üzrə baza prinsiplər mütləq olaraq nəzərə alınır. Əvvəldən rəsmi Yeravanın danışıqlar formatını dəyişmək arzusunu Moskvada olmuş razılaşmada baş vermədiyini gördük. Bu da öz növbəsində danışıqlar prosesi Azərbaycanın xeyrinə sonlanır.
Münaqişənin ilk anından Qardaş Türkiyənin rolu əvəzolunmaz oldu. Türkiyədən göstərilən dəstək Azərbaycana mənəvi dəstək idi. Türkiyənin regionda nüfuzu artır və qardaş ölkəmizin beynəlxalq münasibətlər sistemində də əhəmiyyəti böyüyür. Buna görə də Türkiyə problemin həllində iştirak etməlidir. Hər kəs gördü ki, Ermənistanın Azərbaycana qarşı başlatdığı təxribatlara rəğmən status-kvo artıq dəyişmişdir. Status-kvonun dəyişdirilməsi Ermənistan silahlı qüvvələrin öz mövqelərindən geri çəkilməsi deməkdir. Azərbaycan Vətən müharibəsi aparır. Beləliklə, döyüş meydanında Azərbaycan Silahlı Qüvvələrinin sürətli, amma təmkinli irəliləyişi var. Hər kəs də bilir ki, torpaqlarımızın azad olunmasında israrlıyıq və bu missiyadan xalqımızı heç kəs döndərə bilməz. Azərbaycanın müzəffər ordusu göstərdi ki, ermənilərin öz orduları haqqında uzun illər uydurduğu yenilməz ordu əfsanəsi yoxdur. 10 günlük müharibə Ermənistanın hərbi-siyasi müstəvidə mövqeyini alt-üst etdi, strateji yüksəkliklərin əldə olundu, onların iradəsini sarsıtdı və bunun nəticəsində Azərbaycan taktik üstünkülər qazandı. Heç şübhəsiz ki, işğaldan azad olunacaq bütün torpaqlarda həyat bərpa olunacaqdır və hər tərəfli infrastruktur görüləcək və normal həyat yaşanacaqdır.
Erməni xislətini və faşist əməllərini bütün dünya görməlidir. Düşmən tərəfi humanitar atəşkəsi dəstəkləmir və münaqişənin danışıqlar vasitəsilə həlli prosesini şüurlu şəkildə pozur. Cənab Prezidentin müsahibədə vurğuladığı kimi, “Son döyüşlərlə əlaqədar da erməni diaspor təşkilatları və onların havadarları, dünya erməniliyi Azərbaycana qarşı mətbuat savaşına başlamışdır. Bunun nəticəsidir ki, bu gün dünya mətbuatında bir çox hallarda təhrif edilmiş məlumatlar yer alır. Ona görə Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün bizim böyük səylər göstərməyimiz gərəkdir. Bu baxımdan Türkiyənin mətbuat nümayəndələrinə xüsusi təşəkkürümü bildirmək istəyirəm. Çünki demək olar, hər gün gecə-gündüz Türkiyənin aparıcı televiziya kanalları, digər mətbu orqanları bu münaqişə ilə bağlı həqiqətləri dünyaya çatdırır. Atəşkəs rejimi tətbiq olunandan sonra Ermənistan demək olar ki, dərhal öz çirkin əməllərini davam etdirmişdir. Biz bir müddət ara vermişdik, çünki biz sözümüzə sadiqik. Bir halda ki, bu atəşkəs haqqında açıqlama verilmişdir, biz ümid edirdik ki, bundan sonra Dağlıq Qarabağ məsələsi siyasi yollarla həll ediləcək. Çünki hesab edirdik ki, hərbi mərhələ artıq başa çatıb, təcavüzkar döyüş meydanında dərsini alıb və bundan sonra reallıqlarla hesablaşıb, diplomatik müstəvidə müsbət yanaşma göstərəcək. Ancaq təəssüf ki, biz bunu görmədik və saat 12-dən qüvvəyə minməli olan atəşkəs Ermənistan tərəfindən pozulmuşdur”.
Bundan sonra Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binalarını gecə saatlarında “Toçka-U” raketi ilə atəşinə tutması bir daha açıq şəkildə onu göstərir ki, Ermənistanın mülki əhaliyə qarşı vandalizm aktı törətmək və qəsdən mülki insanları hədəfə almaqdır. Bu cür mənfur addımlar birbaşa Ermənistanın siyasi rəhbərliyinin əmri olduğunu hər kəsə aydındır. Ermənistanın bu əməlləri Azərbaycana qarşı 30 ildən artıq davam edən təcavüz və hərbi işğal siyasətinin tərkib hissəsidir. Beynəlxalq təşkilatlar humanitar hüquqi və Cenevrə Konvensiyalarını rəhbər tutaraq Ermənistana siyasi təzyiq göstərməlidir. Çünki humanitar əsaslarla atəşkəsə dair fikirlər ortaya qoyulduğu halda Azərbaycan xalqına qarşı Ermənistan tərəfindən bu vandallıq və soyqırımı aktı həyata keçirir.
Ermənistanın və onun rəhbərliyinin çətin düşdüyünə görə özlərinə haqq qazandırmaq üçün xarici havadarlar axtardığını görmək olar. Ancaq müasir internet düzü olduğu kimi təqdim etmək və yalanı təkzib etmək imkanı verir. Ona görə də Azərbaycanın təcavüzkar göstərmək kimi planları həyata keçmir. Bütün beynəlxalq hüquq və ədalət baxımdan bizim öz torpağımızda savaşmağımızı görmək olar və nəticə etibarı ilə hamıya bəllidir ki, erməni əsgəri bizim torpaqdan çıxarsa bu münaqişə də bitəcəkdir. Prezident İlham Əliyevin bildirmişdir ki: “Əlbəttə ki, Gəncə belə vəhşi atəşə məruz qaldıqda bu, hər bir azərbaycanlını hiddətləndirir və adekvat cavab tələb olunur. Amma biz cavabı döyüş meydanında veririk. Dünən itirilmiş qurbanlarımızın qisasını biz döyüş meydanında aldıq. Bizim münasibətimiz belədir: biz heç vaxt mülki şəxslərlə müharibə aparmamışıq, bu gün də aparmırıq. Bu, Azərbaycanı Ermənistandan fərqləndirən cəhətlərdən biridir. Ona görə dayanıqlı atəşkəsin təmin edilməsi üçün ilk növbədə, Ermənistan anlamalıdır ki, artıq işğaldan azad edilmiş torpaqları onlar görməyəcəklər, onlar oraya qayıtmayacaqlar. Bu, onlar üçün tamamilə qeyri-mümkündür. Kim nə deyirsə-desin, kim onları necə dəstəkləyirsə dəstəkləsin, bu, olmayacaq. Biz bu torpaqlara gəldik, bu, bizim dədə-baba torpaqlarımızdır. Bizi oradan heç bir qüvvə çıxara bilməz. Bunu nə qədər tez anlasalar, onlar üçün o qədər də yaxşı olacaq. Çünki dayanıqlı atəşkəs üçün hər iki tərəfin buna sadiq olması lazımdır. Biz buna sadiqik. Biz günorta saat 12-dən qüvvəyə minmiş atəşkəsə riayət etmişdik, amma görəndə ki, Ermənistan bunu pozur, təbii ki, biz buna səssiz qala bilməzdik. Biz də özümüzü müdafiə etməliyik və beləliklə, demək olar ki, atəşkəs qüvvəyə mindi, amma real həyatda baş vermədi”. Biz əminik ki, Ali Baş Komandan Cənab İlham Əliyevin düşünülmüş siyasəti və güclü iradəsi nəticəsində prosesin gedişinə dair ən uyğun qərar qəbul olunacaq və yaxın müddətdə qələbə bayramını öz tarixi torpaqlarımızda qeyd edəcəyik.