Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident İlham Əliyev: “Dağlıq Qarabağda heç bir referendum olmayacaq, biz bununla heç vaxt razılaşmayacağıq”

26 oktyabr 2020 | 16:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 21-də Yaponiyanın “Nikkei” qəzetinə müsahibə vermişdir. Müsahibədə ilkin olaraq vurğulanmışdır ki, münaqişənin sülh yolu ilə nizamlanması üzrə danışıqların davamı etdirilməsi vacibdir. Şübhəsiz ki, Azərbaycan tərəfi konstruktivdir və hər zaman məsələnin siyasi yolla həll olunmasının tərəfdarıdır. Azərbaycanın haqlı mövqeyi BMT Təhlükəsizlik Şurasının dörd məlum qətnaməsinə və digər beynəlxalq təşkilatların müvafiq sənədlərinə əsaslanır. Prezident İlham Əliyev ATƏT-in Minsk Qrupunun həmsədrləri olan üç  ölkənin paytaxtlarında Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşlərinin keçirilməsinin təbii olduğunu və Ermənistan Azərbaycan arasında olan münaqişənin həll yolunu tapmaq üçün danışıqların davamı olduğunu bildirmişdir. Əlbəət də, Ermənistanın baş nazirinin qatılacağı üçtərəfli görüş keçirilə bilər. Ancaq Ermənistanın bu höküməti anlamalıdır ki, artıq status-kvo və təmas xətti də mövcud deyil. Buna görə, bir mənalı şəkildə, işğal edilmiş ərazilərin boşaldılmasına sadiq olmalıdır. Əfsuslar olsun ki, Ermənistanın siyasi rəhbərliyi ilə münaqişənin sülh yolu üzrə nizamlanması perspektivləri çox uzaqdır. Çünki bundan əvvəl Ermənistanın baş naziri “Qarabağ Ermənistandır” bəyan etməsi və Azərbaycanın qondarma “Dağlıq Qarabağ hökuməti” ilə danışıqlar aparmalı olduğunu deməsi danışıqları mənasız etmişdir. Bununla yanaşı Ermənistan hökuməti həmişə təcavüzkar addımlar atmışdır. Buna sübut olaraq, birinci və ikinci humanitar atəşkəsin Ermənistan tərəfindən pozulmasını bütün dünya gördü. Atəşkəsə nail olmaq üçün dəridən-qabıqdan çıxan düşmənimiz, atəşkəsin elan olunmasından 2 dəqiqə sonra atəşkəsi pozdu. Ermənistan öz dövlət sərhədlərindən Tərtər şəhərinə 100-dən çox raket atmış, eyni zamanda birinci atəşkəs cəhdindən sonra ballistik raketlə Azərbaycanın ikinci ən böyük şəhəri Gəncəyə hücum etmişdilər. Sözsüz ki, bu müharibə cinayətidir və Ermənistan hökuməti buna görə məsuliyyət daşıyacaqdır. Cənab Prezidentin bildirdiyi kimi: “Mən həmişə demişəm ki, atəşkəsə birtərəfli qaydada nail olmaq mümkün deyil. Əgər bizə hücum olunursa, biz nəinki özümüzü müdafiə etməliyik, eyni zamanda, əks-hücuma da keçməliyik. Sizə deyə bilərəm ki, onlar ikinci dəfə atəşkəsi pozandan sonra biz Zəngilan şəhərini və bir çox kəndləri azad etdik. Beləliklə döyüş meydanında nə qədər çox vaxt keçirsə, biz bir o qədər də əraziləri azad edirik”. Ona görə də Ermənistan hökuməti Minsk qrupunun vasitəçiliyi ilə ölkələrimiz arasında razılaşdırılmış baza prinsiplərinə uyğun olaraq, işğal altında ərazilərimiz boşaltmağa öhdəlik götürməlidir. Eyni zamanda baza prinsiplərinə uyğun olaraq, qaçqın və məcburi köçkünlər işğal olunmuş bütün ərazilərə qayıtmalıdırlar, o cümlədən Dağlıq Qarabağın ərazisidə bura aiddir. Tarixi faktlara əsaslanaraq demək olar ki, 1990-cı illərin əvvəlində Dağlıq Qarabağda, əsasən Şuşada, həmçinin Xankəndidə ermənilərin törətdiyi soyqırımının qurbanı olan Xocalı şəhərində və bir çox başqa şəhərlərdə 40 mindən çox azərbaycanlı yaşayırdı. Heç şübhəsiz ki, ermənilər işğal olunmuş ərazilərimizdə etnik təmizləmə həyata keçirərək həmyerlilərimizi məcburi köçkün və qaçqın etmişdir. Ancaq Azərbaycan Ermənistandan fərqli olaraq orada məskunlaşmış erməni xalqının təhlükəsizliyini, hüquqlarını Azərbaycanın digər insanlarının hüquqları kimi tam təmin edəcəkdir. Bununlada, Dağlıq Qarabağda referendum iddialarına son qoyulacaqdır. Prezident İlham Əliyev bu barədə müsahibədə xalqın mövqeyini ortaya qoydu. Ölkə başçısı bildirdi ki: “Dağlıq Qarabağda heç bir referendum olmayacaq. Biz bununla heç vaxt razılaşmayacağıq. Biz danışıqlar zamanı buna razılıq vermədik və indi ərazinin böyük bir hissəsini geri aldığımız bir vaxtda bundan söhbət gedə bilməz. Öz müqəddəratını təyinetməyə gəldikdə, ermənilər artıq öz müqəddəratlarını təyin ediblər. Onların müstəqil Ermənistan dövləti var”. Beləliklə, ermənilərin öz müqəddəratını təyinetmə prinsipinin ortaya atılmasına da nöqtə qoyulmuş oldu.
Bununla yanaşı baza prinsiplərinin son hissəsi beynəlxalq müşahidəçilər və ya sülhməramlı qüvvələrin yerləşdirilməsi barəsindədir. Beynəlxalq müşahidəçilərin və ya sülhməramlıların kim olacağına Azərbaycan və Ermənistan razılıq verməlidir. Prezident İlham Əliyev bu məsələ ilə bağlı da Azərbaycanın birmənalı mövqeyini bəyan edib. Prezident əsaslandırıb ki, bu məsələ baza prinsiplərinin sonuncu hissə olduğu üçün Azərbaycan danışıqlar çərçivəsində bu məsələni ciddi müzakirə etməyib. İndi döyüş əməliyyatlarının aktiv fazasıdır. Ölkə başçısı konkret sual qoydu ki, bu müşahidəçilər və ya sülhməramlılar harada yerləşdiriləcək? Onların həyatı risk altında ola bilər. Onların mandatı necə olacaq? Onlara mandatı kim verəcək? Aydındır ki, bu barədə danışanda, Azərbaycan ərazisi barədə danışırıq. Bu, Ermənistanın ərazisi deyil. Ona görə də, əlbəttə ki, bununla bağlı həlledici sözü Azərbaycan deməlidir.
Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq həyata keçirdiyi cavab əməliyyatları və bu xüsusda qardaş Türkiyənin Azərbaycana verdiyi mənəvi dəstəyi hər kəs gördü. Sözsüz ki, Türkiyənin Ermənistanın bu işğalçı siyasətinə qarşı olduğunu, bölgədə sülh və təhlükəsizliyin təmin olunması mövqeyindən çıxış etdiyini görmək olar. Məhz bu səbəbdən də Türkiyə Respubliksanın Prezidenti və rəsmiləri Azərbaycanın haqlı mövqeyini sonuna qədər dəstəkləyəcəyini vurğulayırlar. Azərbaycan Türkiyənin regional məsələlərdə fəal iştirakına hər zaman güclü dəstək verir. Çünki yeganə Türkiyə dövlətidir ki, Qafqaz regionun 3 ölkəsi ilə həmsərhəddir. Buna görə də Türkiyə münqaşənin həll yolundakı danışıqlara artıq cəlb olunubdur. Türkiyə regionumuzda iqtisadi cəhətdən də mühüm rol oynayır. Azərbaycan-Gürcüstan-Türkiyə arasında bir çox tarixi layihələr həyata keçirilib və keçirilməyə davam edir. Buna misal olaraq neftin nəqli, qazın nəqli, elektrik enerjisinin nəqli, dəmir yolu bağlantısı, Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP və bir çox başqa layihələr həyata keçirilmişdir. O cümlədən, Avropaya tarixi kəmər olan TAP-ın rəsmi açılışı bir neçə həftəyə gözləniləndir. Bütün sadalanmış lahiyələrdən Ermənistan dövləti məhrumdur. Çünki Ermənistanın Azərbaycana qarşı təcavüzü və Türkiyəyə qarşı ərazi iddialarına görə onların Türkiyə ilə sərhədi bağlıdır. Cənab Prezidentin qeyd etdiyi kimi: “Türkiyənin əhalisi 83 milyondur, Azərbaycanın əhalisi 10 milyondur, Ermənistanın əhalisi isə iki milyondan azdır. Onlar məntiqli olmadığı təqdirdə, işğala son qoymadığı təqdirdə burada 10 il, 20 il, 50 ildən sonra necə yaşayacaqları haqqında düşünməlidirlər. Onlar artıq bu təcavüzə son qoymalıdırlar. Biz döyüş meydanında onlara kimin kim olduğunu göstərdik. Onların “cəsur ordusu” haqqında bütün mifləri, sadəcə, bir növ feyk idi. Onların ordusu qaçır. Biz onları məğlub edirik. Biz onlara qalib gəlirik və onlar bizim torpaqlardan çıxana kimi bunu etməyə davam edəcəyik”.
Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycanın hərtərəfli və sürətli inkişaf dövrüdür. Ermənistandan fərqli olaraq Azərbaycan iqtisadiyyatı mühüm irəlləyişlə davam edir. Həyata keçirilən iqtisadiyyatının şaxələndirmə proqramı çox uğurla icra olunur. Hətta baxmayaraq ki, bu il ümumi daxili məhsul indiyədək geriləmə 4 faizdən aşağı olmuşdur. Lakin qeyri-neft sənayesi artım baş vermişdir. Bundan sonra da ərazilərin geri qaytarılması kənd təsərrüfatımızın, qeyri-neft sənayesi, biznes imkanları, turizm, innovasiya sektoruna inkişafına yeni təkan verəcəkdir. Ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın Ulu öndərin əsasını qoyduğu daxili və xarici siyasət kursunun uğurla davam etdirmələri nəticəsində Azərbaycan bugünkü yüksəlişə və inkişafa nail olmuşdur. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət kursu Azərbaycan Respublikasının beynəlxalq aləmdə gücünü və nüfuzunu artırır. Ölkəmizin beynəlxalq nüfuzunun artması isə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına əlavə imkanlar yaradır. Bildiyimiz kimi, Azərbaycanın xarici siyasət sahəsində qarşıya qoyduğu başlıca məsələ Qarabağ münaqişəsinə dair həqiqətlərin dünyaya çatdırılması, Ermənistanın işğal siyasətinin ifşa edilməsi, işğalçı dövlətə beynəlxalq təzyiqin gücləndirilməsi, son nəticədə isə zəbt olunmuş ərazilərin geri qaytarılmasıdır.

Keçidlər