Şriftin ölçüsü :

Saytın rəngi :

Səbailli məktəblilərin Qubadakı yay istirahəti başa çatmışdır

14 avqust 2013 | 15:00

Böyüməkdə olan gənc nəslin yay istirahətlərinin mənalı və səmərəli təşkili, onların vətənə məhəbbət, dövlətçilik ruhunda tərbiyəsi, istiqamətində Səbail rayon İcra Hakimiyyəti, DİN Daxili Qoşunları və   «Çağ Öyrətim İşlətmələri» şirkətinin  birgə layihəsinə yekun vurulmuş və layihə əsasında təşkil olunan «Şahinlər» Hərbi-vətənpərvərlik təmayüllü düşərgədə yeniyetmələrin yay istirahəti başa çatmışdır.

  Səbail rayonunda yeniyetmələrin yay istirahətinin səmərəli və yaddaqalan təşkili  istiqamətində təşkil olunmuş «Şahinlər» yay istirahət düşərgəsinin təntənəli bağlanış mərasimi keçirilmişdir.
Səbail rayonunun Qarabağ müharibəsi veteranları və əlillərinin övladları, rayonun aztəminatlı ailələrindən olan və əsas etibarı ilə aztəminatlı ailələrin yaşadığı Bayıl və 20-ci sahə ərazisində, Badamdar və Bibiheybət qəsəbələrində yaşayan və rayonun orta məktəblərində təhsil alan şagirdlər, həmçinin «SOS-Azərbaycan» uşaq kəndində tərbiyə alan 200 nəfər uşaq üçün Quba şəhərinin ən mənzərəli yerində yerləşən Bakı Türk Liseyinin Quba filialının ərazisində təşkil olunmuş hərbi-vətənpərvərlik təmayullu ödənişsiz «Şahinlər» yay istirahət düşərgəsində 2 həftə ərzində keçən mənalı və yaddaqalan istirahət başa çatmış və bu düşərgə   uşaqların xatirində silinməz izlər buraxmışdır.
Səbail rayon İcra Hakimiyyəti və Daxili Qoşunlar tərəfindən xoş istirahət üçün hər cür şərait yaradılan düşərgədə şagirdləri gələcəkdə hərbi xidmətə layiqincə hazırlamaq məqsədi ilə burada hərbi-səhra çadırı qurulmuş, səhra mətbəxi yerləşdirilmiş, həyətdə Azərbaycan Xalqının Ümummilli lideri Heydər Əliyevə, Silahlı Qüvvələrin Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, olkədəki ordu quruculuğuna, Azərbaycanın Milli Qəhrəmanlarına, Milli Qəhrəman Mübariz İbrahimova, Daxili Qoşunların fəaliyyətinə, bu il 8–ci dəfə təşkil olunan «Şahinlər» düşərgəsinin tarixinə həsr olunmuş stendlər  asılmışdır. Düşərgədə  məşğələlərin hərbi nizamnaməyə uyğun tərzdə keçirilməsi uşaqların istirahətini daha  da maraqlı  və yaddaqalan etmişdir.
Uşaqların Qubanın görməli yerlərinə,  rayonun  tarixi guşələrinə, soyqırım qurbanlarının Qubadakı məzarlığına  gəzintiləri təşkil olunmuş, istirahətin 1 günü Daxili Qoşunlar tərəfindən hərbi-səhra məşğələləri təşkil olunaraq gün ərzində şəxsi heyətin yeməyi hərbi-səhra mətbəxi vasitəsi ilə verilmişdir. Məktəblilərin təlimləri Daxili Qoşunların Quba şəhərindəki hərbi hissəsində keçmiş, burada onlar hərbi hissənin şəxsi heyətinin xidməti, yaşayış şəraiti, silah və texnikası ilə yaxından tanış olunmuş, xüsusi təyinatlı bölüyün məşqlərinə qatılmışlar.
Düşərgədə məktəblilərə Vətənimizin, xalqımızın tarixindən bəhs edən   dərsləri müxtəlif mövzularda məşğələlər, müxtəlif maraqlı görüşlər keçirilmiş, filmlər nümayiş etdirilmişdir. 
Yeniyetmələrin hərbi vətənpərvərlik tərbiyəsi istiqamətində «Azərbaycan Ordusu: nizam-intizam hərbçilərə xas olan vacib xüsusiyyətdir», «Dağlıq Qarabağ problemi və müasir dünya» mövzularında məşğələlər, hərbçilərin bilavasitə iştirakı ilə ibtidai hərbi hazırlıq, mülki müdafiə və ilk tibbi yardım təlimləri də təşkil olunmuşdur.  
Düşərgənin bağlanışı ilə əlaqədar təşkil olunmuş tədbirdə iştirak edən layihə təşkilatçıları  Səbail rayon İcra Hakimiyyəti Başçısı Asif Əsgərov  və digər qonaqlar uşaqların istirahəti, burada onlar üçün yaradılmış şəraitlə yaxından tanış olmuş, idman yarışlarında qalib gəlmiş şagirdlərə xatirə medalları və uşaqların tərbiyəsi işlərində fərqlənmiş dəstə rəhbərlərinə və hərbiçilərə qiymətli hədiyyələr təqdim etmişlər.
Yeniyetmələr  qonaqlar qarşısında hərbi keçid, müxtəlif hərbi təlimlər və  istirahət dövründə öyrəndiklərini nümayiş etdirmişlər. 
Respublikamızın tanınmış incəsənət xadimləri və Daxili Qoşunların hərbi orkestrinin iştirakı ilə keçirilən bayram konsertində düşərgədə istirahət edən uşaqlar da öz  məharətlərini göstərmişlər. 
Maraqlı istirahətdən sonra Bakıya qayıdan  məktəblilər, onların validenyləri bu istirahətin təşkilində əmək sərf etmiş təşkilatçılara öz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər