Şriftin ölçüsü :

Saytın rəngi :

Uğurlu əks-hücum nəticəsində Azərbaycan işğal olunmuş ərazilərin, şəhər və kəndlərin bir hissəsini azad edə bilib

29 oktyabr 2020 | 16:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 24-də Fransanın “Figaro” qəzetinə müsahibə vermişdir. Müsahibədə ilkin olaraq vurğulanmışdır ki, Ermənistan silahlı qüvvələri sentyabr ayının 27-dən etibarən Azərbaycanın cəbhəyanı ərazilərində ordumuza və dinc sakinlərimizə qarşı təxribat cəhdlərinə başlamış, hərbi hücuma keçmişlər. Bu hərbi hücumlar nəticəsində bizim mülki şəxslər və hərbi qulluqçularımız arasında qurbanlarımız olmuşdur. Qeyd etmək lazımdır ki, bu artıq son 3 ay ərzində Ermənistan tərəfindən Azərbaycana qarşı üçüncü hərbi təxribat idi. Onlar birinci dəfə Qarabağ bölgəsindən uzaqda olan Ermənistan-Azərbaycan dövlət sərhədində hücum etdilər və Beynəlxalq müşahidəçilərin yekdil rəyi ondan ibarət olmuşdur ki, Ermənistan bizə qarşı hücum etmişdir. Ermənistan silahlı qüvvələrinin məqsədi yeni əraziləri işğal etmək və Ermənistanla dövlət sərhədindən bir neçə kilometr məsafədə yerləşən strateji enerji infrastrukturu üzərində nəzarəti ələ keçirmək idi. Bildiyimiz kimi, Trans-Adriatik boru kəməri demək olar ki, tamamlanıb. Cənub Qaz Dəhlizi təkcə Azərbaycanın deyil, həm də Avropanın enerji təhlükəsizliyi layihəsidir. Beləliklə ola bilsin ki, onlar bizi və Avropa istehlakçılarını şantaj etmək niyyətində olmuşlar. Onlara ciddi cavab verildi. Biz onların geriyə çəkilməsinə nail olduq. Lakin əfsuslar olsun ki, avqust ayında onlar azərbaycanlılara qarşı terror aktları törətməyi planlaşdıran diversiya qrupunu göndərdilər. Bu hücumu etməklə Ermənistanın güddüyü siyasi məqsədlərə gəlincə, onlar status-kvonun dəyişməz olaraq qalmasından, bu eskalasiyaya görə günahı Azərbaycanın üstünə atmaqdan, danışıqların tamamilə pozmaqdan, üçüncü ölkələri münaqişəyə cəlb etməkdən və münaqişəni beynəlmiləlləşdirməkdən ibarət idi. Azərbaycan onlara yalnız adekvat cavab verdi. Hər gün azad edilmiş yeni şəhər və kəndlər haqqında məlumat verilir. Bu, Azərbaycan Ordusunun yüksək səviyyəli bacarığını və potensialını nümayiş etdirir. Beləliklə Ermənistan döyüş meydanında məğlub olur və onlar qaçmaq məcburiyyətindədirlər.
Bütün bunlara baxmayaraq, Azərbaycan bu gün hərbi əməliyyatları dayandırmağa hazırdır. Problemin həllinin hərbi hissəsi nə qədər tez qurtararsa bir o qədər yaxşı ola biləcəyi  və danışıqlar masasına keçmək istəyi Azərbaycan tərəfindən dəfələrlə qeyd edilmişdir.  Lakin əfsuslar olsun ki, Ermənistan ikinci dəfə atəşkəsi kobud şəkildə pozaraq Gəncəyə hücum etdi. Oktyabrın 17-də növbəti atəşkəs qüvvəyə minəndən 2 dəqiqə sonra onlar tərəfindən Gəncə şəhərinə ballistik raket atıldı. Əgər Ermənistan tərəfi atəşkəsi pozmasaydı bu gün toqquşmalar dayanmış, siyasi həllə üstünlük verilmiş olardı. Bu, Azərbaycan dövlətinin mövqeyidir. Ermənistan indi konstruktiv davransa, Fransa, Rusiya və ABŞ tərəfindən işlənib hazırlanmış və Azərbaycanın sadiq olduğu əsas prinsiplərə açıq şəkildə əməl etsə, onda əlbəttə danışıqlar masasına qayıda bilərik. Ermənistan hökuməti başa düşməlidir ki, indi onlar diktə etmək vəziyyətində deyillər. Çünki, status-kvo artıq mövcud deyil, təmas xətti artıq mövcud deyil. Azərbaycan yeni reallıq yaratdı və onlar bunu nəzərə almalıdırlar.
Bu günkü reallıq ondan ibarətdir ki, Ermənistan tərəfi döyüş meydanında uduzduğu üçün öz yırtıcı mahiyətini dezinformasiya yaymaqla də həyata keçirməyə çalışır. Belə ki, Ermənistanın Su-25 təyyarəsi dağa çırpılmışdır və onlar bunu guya Türkiyə F-16 qırıcı təyyarəsi tərəfindən vurulduğu kimi qələmə verməyə çalışırdılar. Lakin bu ölkə başçısı cənab İlham Əliyevin vurğuladığı kimi feyk xəbərdir və indi hər kəs bunun Ermənistan tərəfindən yalan xəbərlər yaydığını başa düşür. Türkiyənin F-16 qırıcı təyyarələri ona görə buradadırlar ki, toqquşmalar başlamadan öncə onlar birgə hərbi təlimdə iştirak edirdilər və onlar yerdədilər, onlar səmada deyillər. Beləliklə hazırda Türkiyə əsla münaqişəyə cəlb edilməyib və Türkiyənin iştirakına dair heç bir dənə də sübut yoxdur. Lakin Ermənistanın Azərbaycana qarşı hücum həyata keçirdiyi ilk saatlardan Türkiyə, Türkiyənin Prezidenti və digər yüksək səviyyəli rəsmilər Azərbaycana güclü siyasi dəstəyi, beynəlxalq hüququn norma və prinsiplərinə dəstəyi, BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrinin icrasına dəstəyi ifadə ediblər və ifadə etməyə davam edirlər. Digər bir məsələ ondan ibarətdir ki, bizim 100 min nəfərdən ibarət nizami ordumuz var. Bizim müasir avadanlığımız var, bizim 30 ildir ki, işğaldan əziyyət çəkən motivasiyalı insanlarımız var. Bu gün Azərbaycanda  hətta tam səfərbərlik belə elan edilməmişdir. Azərbaycan tərəfində heç bir əcnəbi döyüşçü yoxdur. Çünki  bu da  başqa bir feyk xəbərdir. Bu, bəzi ölkələrin bəzi rəsmiləri tərəfindən yayılmışdır. Lakin bu vaxtadək, toqquşmalar başlayandan sonra iyirmi gündən çox bir müddətdə bizə nə Fransadan, nə də Rusiyadan heç bir dəlil təqdim olunmamışdır. Çünki bu bəyanatı Fransa və Rusiya rəsmiləri vermişdir və Azərbaycan onlardan sübut və dəlillər tələb etmişdir.  Buna baxmayaraq bü günə qədər heç bir sübut, heç bir dəlil təqdim edə bilməmişdirlər.
Cənab Prezident İlham Əliyev müsahibə zamanı onu da qeyd etmişdir ki, “Biz Qarabağı insanların ləyaqət və sülh içində, azərbaycanlı və erməni icmalarının yanaşı yaşadığı Azərbaycanın çiçəklənən, təhlükəsiz ərazisi kimi, bizim Azərbaycanın bütün digər yerlərində etdiyimiz kimi, inkişaf etdirməyi planlaşdırdığımız ərazi kimi görürük. Bizim çox əhəmiyyətli iqtisadi nailiyyətlərimiz var. Bizdə yoxsulluq səviyyəsi çox aşağıdır, təxminən 5 faizdir. Ermənistanda bu, 50 faizə yaxındır. Həmçinin bizdə işsizlik səviyyəsi çox aşağıdır. Pandemiyadan əvvəl bu, 5 faizə yaxın idi, indi 7 faizdir. Lakin bu amilin geniş vüsət aldığı Dağlıq Qarabağla müqayisədə fərq gecə ilə gündüz qədərdir. Beləliklə, biz orada yaşayan ermənilər və oraya qayıdacaq azərbaycanlılar üçün daha yaxşı həyat təmin edə bilərik. Mən əminəm ki, iki millət, iki xalq barışacaq. Çünki XXI əsrdə özünü təcrid etmək, etnik təmizləmə aparmaq və de-fakto vəziyyəti ayrılmağa çevirməyə çalışmaq mümkün deyil. Bu, mümkün deyil. Ermənistan da daxil olmaqla indiyədək heç kim “Dağlıq Qarabağ respublikası”nı tanımayıb. Əminəm ki, heç kim onu tanımayacaq. Ona görə də Qarabağın gələcəyi üçün, təkcə Dağlıq Qarabağ üçün deyil, bütün Qarabağ üçün, - bu, Azərbaycanın böyük regionudur, - ən yaxşı yol sülh şəraitində, harmoniyada yaşamaq və yenidən yaxşı qonşu olmağa çalışmaqdır – ermənilər və azərbaycanlılar. Mənim planım bundan ibarətdir”.

Keçidlər