Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi tezliklə Rəşadətli Ordumuzun tam və qəti qələbəsi ilə yekunlaşacaq

30 oktyabr 2020 | 16:00

Oktyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət etmişdir. Ölkə başçısı müraciətində ordumuzun apardığı Vətən müharibəsindən, torpaqlarımızın azad edilərək ərazi bütövlüyümüzün təmin edilməsi istiqamətində qazanılan qələbələrdən və tarixi həqiqətlərdən danışmışdır. Ermənistan hərbi qüvvələrinin işğal altındakı Azərbaycan torpaqlarından ölkəmizə qarşı hərbi təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun başladığı zəfər dolu əks-hücum əməliyyatlarından bir ay ötür. Azərbaycan Ordusu cəmi bir ay ərzində 4 şəhər, 4 qəsəbə, 165 kənd azad etmişdir. Beş il ərzində işğal olunmuş, təxminən 30 ilə yaxın vaxtda güclü müdafiə-istehkam sistemi yaradılmış ərazilərin mühüm hissəsinin qısa müddətdə azad olunması Azərbaycan ordusunun qüdrətinin göstəricisidir. Azərbaycan ordusunun bu cür qüdrətli olması ölkə başçısının bu sahəyə olan yüksək diqqət və qayğısının nəticəsidir. Bu gün göstərilən diqqət və qayğı öz uğurlu nəticələrini verir. Aparılan ardıcıl və məqsədyönlü siyasət nəticəsində Silahlı Qüvvələrimizin hərbi-texniki təchizat səviyyəsi, nizam-intizamı və döyüş ruhu kifayət qədər yüksəkdir.  Azərbaycan cəmiyyətində Silahlı Qüvvələrimizə böyük inam var. Azərbaycan Ordusunun və xalqının bir amalı var, işğal altın qalmış torpaqlarımız azad edilməlidir. Çünki, Qarabağ ərazisi Azərbaycanın əzəli və tarixi torpaqlarıdır. Tarixi faktlara əsaslanaraq demək olar ki, XIX əsrin əvvəllərinə qədər erməni xalqı Qarabağ ərazisində olmayıb. Erməni xalqı Kürəkçay, Gülüstan, Türkmənçay sülh müqavilələrindən sonra bizim dədə-baba torpaqlarımıza məqsədyönlü şəkildə gətirilmiş və onlara şərait yaradılmışdır. SSRİ dövründə ermənilərin bura məskunlaşması və möhkəmlənməsi üçün böyük investisiya qoyulub. Bundan sonra, münaqişə başlayanadək ermənilərin Dağlıq Qarabağda bütün mədəni, sosial və mümkün siyasi hüquqları təmin olunub. Ermənilər uzun illər Dağlıq Qarabağın Azərbaycandan alınıb Ermənistana birləşdirilməsi üçün mübarizə aparıb. Lakin onların bu çirkin niyyətlərini həyata keçirməyinə imkan verməyən Ulu Öndər Heydər Əliyev olmuşdur. Sovet İttifaqı rəhbərliyində Ulu Öndərin olması erməniləri uzun illər separatçı hərəkətlərini reallaşdırmağa imkan verməmişdir. Yalnız Heydər Əliyev Siyasi Bürodan uzaqlaşdırılandan iki həftə sonra ermənilər Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək haqqında iddia qaldırdılar. Əfsuslar olsun ki, 1991-1993-cü illərdə Azərbaycan rəhbərliyində olan qüvvələr ölkəmizi lazımi səviyyədə idarə edə bilmədi. Onların üzərinə düşən yüksək məsuliyyəti dərk etməmiş və gənc müstəqil dövləti demək olar ki, idarəolunmaz vəziyyətə salmışdılar. 1991-1993-cü illərdə Azərbaycanda yaşanan xoşagəlməz hadisələr, hallar ölkəmizin müstəqilliyini sual altına qoymuşdu. Azərbaycan xalqı cəmi bir il o antimilli hakimiyyətə dözə bildi və bir ildən sonra o hakimiyyəti tarixin arxivinə göndərdi. Azərbaycan xalqı öz liderinə - Heydər Əliyevə müraciət etdi, onu hakimiyyətə dəvət etmişdir və nə qədər müdrik xalq olduğunu bir daha sübut etmişdir. Ümummilli lider Heydər Əliyev 15 iyun 1993-cü ildə hakimiyyətə qayıdışından sonra bütün fəaliyyəti boyu Dağlıq Qarabağ məsələsinin sülh yolu ilə, beynəlxalq hüquq normalarına uyğun ədalətli həllinə çalışmışdır. Ulu Öndər daim vurğulamışdır ki: “Bizim əsas problemimiz Ermənistanın Azərbaycana təcavüzünü aradan qaldırmaq, işğal olunmuş torpaqlarımızı azad etmək, respublikanın ərazi bütövlüyünü təmin etməkdir. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram”. Ümummilli lider Heydər Əliyevin müdrik, uzaqgörən və çevik daxili və xarici siyasətini özünün siyasi kursu elan etmiş, Heydər Əliyev idarəçilik məktəbinin layiqli davamçısı İlham Əliyevin məqsədönlü fəaliyyəti nəticəsində Dağlıq Qarabağ problemi artıq öz həllini tapmaqdadır.
Azərbaycanın mövqeyi daima münaqişənin sülh yollu ilə həll olunmasının tərəfdarı olmuşdur. Münqaişənin həll edilməsi üçün beynəlxalq vasitəçilər öhdəlikləri öz üzərilərinə götürdülər və 1992-ci ildə Minsk qrupu yaradıldı. Əfsuslar olsun ki, ATƏT-in Minsk qrupu ədalətsiz mövqe tutmuş və fəaliyyəti Azərbaycana işğal faktını qəbul etdirməyə hesablanmışdı. Prezident hər zaman ATƏT-in Minsk Qrupu həmsədrlərinin fəaliyyətsizliyini təndiq etmişdir. Azərbaycan rəhbəri xalqa müraciətlərində də bildirdi ki, həmsədrlərin BMT Təhlükəsizlik Şurasının üzvü kimi BMT-nin məlum 4 qətnaməsinin icra edilməsi ilə bağlı təcavüzkara, torpaqlarımızı işğal altında saxlayan bir ölkəyə təzyiq etmək imkanı var idi. Lakin bunu etmədilər. Fransanın Ermənistanı dəstəkləməsi, Rusiyadan isə silah-sursatla işğalçı ölkənin təmin edilməsi göstərdi ki, həmsədrlərin təcavüzkara təzyiq göstərmək fikirləri ya yox idi, ya da onlara elə bu cür vəziyyət sərf edirdi. Bununla belə, ötən dövr ərzində Prezident İlham Əliyevin müstəqil siyasəti, qətiyyətli mövqeyi sayəsində dünyanın aparıcı beynəlxalq təşkilatları - BMT, Avropa İttifaqı, Avropa Parlamenti, Avropa Şurası, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digərləri tərəfindən Ermənistanın təcavüzkar siyasətini pisləyən və işğal altındakı Azərbaycan torpaqlarının azad olunmasını tələb edən qərar və qətnamələr qəbul edildi, münaqişənin beynəlxalq hüququn prinsipləri əsasında həlli üçün çox mühüm baza yaradıldı. Ancaq mənfur düşmən heç bir öhdəlikləri yerinə yetirməməsi, üstəlik 27 sentyabr tarixində təxribat törətməsi hərbi əməliyyatların başlanmasına səbəb oldu. Beləliklə, Azərbaycan Silahlı Qüvvələri artıq həmin qətnamələrin icrasını özü həyata keçirdi. Bununlada Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilanın əksər hissəsinin azad edilməsi ilə “Kazan formulu” adlanan danışıqlar mövzusu aktulağını itirmiş oldu.
Beləliklə, Ermənistan rəhbərliyi məntiqli davranmalı, yeni yanaşmanı qeyd-şərtsiz qəbul etməli və erməni ordusu işğal olunmuş ərazilərdən çıxmalıdır. Əks təqdirdə Azərbaycan Ordusu uğurlu əks hücumunu davam edəcəkdir. Ötən gün ərzində mənfur düşmənin 252 tankı, 50 piyadaların döyüş maşını, 251 müxtəlif çaplı topu, 61 minaatan, 53 tank əleyhinə vasitəsi, 82 “Qrad” qurğusu, 2 “Uraqan” və 1 “TOS” Yaylım Atəşli Raket Sistemi, 4 “TOR”, 40-a yaxın “OSA”, 4 “KUB”, 1 “KRUQ”, 2 “S-125” qurğusu, 6 “S-300” atıcı qurğusu və 231 yük avtomobili Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edilmişdir. Eyni zamanda 53 tank, 29 piyadaların döyüş maşını, 24 müxtəlif çaplı top, 45 minaatan və 173 yük avtomobili hərbi qənimət kimi götürülmüşdür. Maliyyə və iqtisadi böhran içində olmuş bir ölkənin bu qədər silahın necə almağı sual doğuran məqamlardandır. Əlbəətdəki, bu qədər çətin vəziyyətdə olan bir dövlətin maliyyə, iqtisadi, hərbi, siyasi dəstək verilməsə, onlar ayaq üstə dura bilməz. Bu qədər silah-sursatların bu cür kiçik dövlətdə olması həmçinin beynəlxalq hüquq normalarada uyğun deyildir.
Bütün bunlara baxmayaraq, Azərbaycan öz ərazi bütövlüyünü və suverliyini Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında bərpa edəcəkdir. Ölkəmizin başçısının xalqa müraciətində bildirdiyi kimi: “Azərbaycan xalqını qürurlu xalq kimi, cəsarətli xalq kimi, yenilməz xalq kimi təsdiqləmişik. Heç bir təzyiq bizə təsir edə bilməz. Heç bir hədə-qorxu bizi yolumuzdan döndərə bilməz. Çünki haqq yolundayıq, yumruq kimi birik. Bu birlik əbədidir və əbədi olacaq!”. İşğal altında olan torpaqlarımızın işğaldan azad olunması uğrunda aparılan Vətən müharibəsi tezliklə Rəşadətli Ordumuzun tam və qəti qələbəsi ilə yekunlaşacaq, Azərbaycanın üçrəngli bayrağı Xankəndində, Şuşada və işğaldan azad olunan bütün Qarabağ torpaqlarında dalğalanacaqdır.

Keçidlər