Səbail rayonu 91 nömrəli orta məktəbdə şəhid Nağıyev Əli Mehman oğlunun xatirə lövhəsinin açılış mərasimi keçirildi
Səbail rayonu 91 nömrəli tam orta məktəbdə Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan məktəbin qəhrəman məzunu Nağıyev Əli Mehman oğlunun əziz xatirələrinin əbədiləşdirilməsi məqsədilə xatirə lövhəsinin açılış mərasimi keçirilmişdir. Tədbirdə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, RİHB-nın müavinləri, YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, RİHBA-nın məsul əməkdaşları, şəhidlərin ailə üzvləri, döyüş yoldaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
İlk öncə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, şəhidin xatirə lövhəsi önünə gül dəstələri düzülmüşdür.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın rəhbərliyi ilə Müstəqil Azərbaycan dövləti və xalqımız var olduqca şəhidlərimizin qəlblərdə əbədi yaşayacağını bildirmişdir. RİH başçısı dövlət tərəfindən hər zaman şəhid ailələrinə, qazilərə və müharibə əlillərinə xüsusi diqqətlə yanaşıldığını tədbir iştirakçılarının diqqətinə çatdıraraq Ölkə başçısı həyata keçirdiyi sosial siyasətin tələblərinə uyğun olaraq ölkəmizin hər yerində olduğu kimi Səbail rayonunda da bu kateqoriyadan olan həssas əhali qruplarının lazımi qayğı ilə əhatə olunduğunu, onların mövcud problemlərinin həllində köməklik göstərilməsi məqsədilə operativ tədbirlər görüldüyünü qeyd etmişdir.
Daha sonra çıxış edən YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev 44 gün davam edən Vətən müharibəsinin Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və xalq-ordu birliyi sayəsində möhtəşəm Qələbə ilə başa çatmasının hər bir Azərbaycan vətəndaşının qəlbində böyük qürur və iftixar hissi yaratdığını, 30 ildən çox işğal altında olan şəhər və kəndlərimizin azad olunması, ölkəmizin ərazi bütövlüyünün bərpa ediməsi, məcburi köçkünlərin köçkünlük həyatının sona çatması və doğma yurdlarına qayıtmaq imkanlarının yaradılması müasir tariximizin ən möhtəşəm hadisəsi olduğunu vurğulamışdır.
Şəhidlərin valideynləri övladlarının xatirəsinin əziz tutulmasından məmnunluğunu ifadə etmiş, aparılan islahatlar və yüksək işlərə görə Ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirmişlər.
Sonda tədbir iştirakçıları ilə xatirə şəkli çəkdirilmişdir.