Azərbaycan bütün dünyaya göstərdi ki, işğal altında olan torpaqlarını öz gücü ilə, öz qüdrəti ilə azad etməyə qadirdir
Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə sentyabrın 27-dən etibarən zəfər yürüşünü başlatdı. 2020-ci il sentyabrın 27-dən davam edən hərbi əməliyyatlar dövründə Azərbaycan Ordusu təqribən 300 yaşayış məntəqəsini, o cümlədən 5 şəhəri və 4 qəsəbəni, çoxsaylı strateji yüksəklikləri azad etdi. Noyabrın 8-də 28 illik həsrətdən sonra Şuşanın alınması Ermənistanı tam tərk-silah etdi, onun bütün manevr imkanları çökdü, ölkə və dünya ictimaiyyətini aldatmaq taktikası mənasını itirdi. Azərbaycanın mədəniyyət incisi – Şuşa şəhəri azad ediləndən cəmi bir neçə saat sonra döyüşçülərimiz 72 yaşayış məntəqəsini və 9 strateji yüksəkliyi öz nəzarəti altına almağa nail oldu. Bu, şübhəsiz, Ermənistanın rəhbərliyini çıxılmaz vəziyyətə saldı. Azərbaycan Ordusu şəhidlərimizin axıdılmış qanına görə qisas aldı. Azərbaycan xalqı 30 ildir işğal altındakı torpaqlarını xilas etmək arzusunda idi. Xalq-Ali Baş Komandan, xalq-ordu birliyi üzərində qurulan zəfər yürüşü ilə Azərbaycan həm də BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin icrasının bir qismini də uğurla icra etdi. Düşmənin ağ bayraq qaldırmaq və kapitulyasiya etməkdən başqa çıxış yolu qalmadı.
Bununlada, noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri birgə bəyanat imzaladılar. Bu bəyanat mahiyyət etibarilə Ermənistanın kapitulyasiyasıdır. Döyüş meydanında darmadağın edilən Ermənistan, Azərbaycan Prezidenti cənab İlham Əliyevin müharibənin ilk günlərindən elan etdiyi şərtləri qəbul etdi, başqa sözlə, kapitulyasiya şərtlərinə razılıq verdi. Belə ki, imzalanan birgə bəyanatda Ermənistan öz üzərinə öhdəlik götürür ki, qarşıdakı 20 gün ərzində Ağdam, Kəlbəcər və Laçın rayonlarından qoşunlarını çıxaracaq. Nəticə etibarilə, dekabr ayının 1-dək qan tökülmədən, itki verilmədən ərazi baxımından böyük rayonlarımız azad olunacaq. Bu bəyanatın tarixi əhəmiyyəti olduqca böyükdür. İlk növbədə, bu bəyanat otuz ilə yaxındır davam edən işğala son qoyur. Həmçinin şanlı qələbəmizi göstərən bu sənədin töhfəsi Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə quru yollarla əlaqəsinin Cənab Ali Baş Komandanımızın təkidi ilə bəyanatda təsbit edilməsi bütün kommunikasiyaların, yolların açılması, eyni zamanda, yeni nəqliyyat kommunikasiya infrastrukturunun yaradılmasına səbəb olmasıdır. Bəyanatda digər önəmli məqam ondan ibarətdir ki, burada Dağlıq Qarabağa hər hansı status verilmir və Azərbaycanın ərazi bütövlüyü tam təmin olunur. Bu, Azərbaycanın tam və qeyd-şərtsiz qələbəsinin əyani sübutudur. Artıq qoşunların təmas xətti anlayışı yoxdur. Xüsusilə, 30 illik işğal altında olan Qarabağın hər bir rayonunun noyabr ayının sonunadək Ermənistan Respublikasının silahlı qüvvələrindən tamamilə təmizlənməsi Qarabağ ərazisində yaşayan və yaşayacaq Azərbaycan vətəndaşlarının burada Azərbaycan sərhədləri və qanunları çərçivəsində yaşamağa başlamalarını təmin etməklə, qısa müddət ərzində Azərbaycan Respublikasının Konstitusiyasının, qanunlarının, Ali Baş Komandanın əmrlərinin, həmçinin Azərbaycanın ərazi vahidi olaraq bütün hüquq və normalarına uyğun idarəçiliyin təkmilləşməsinə imkan verəcəkdir. Atəşkəs hazırda Ermənistan və Azərbaycan silahlı qüvvələrinin yerləşmə məntəqələri ilə müəyyən olunur. Eyni zamanda Rusiya və Türkiyə silahlı qüvvələri sülhməramlı statusda, məhdud kontingentlə və bəlli müddətə əraziyə yerləşdirilir. Azərbaycan Prezidenti həmişə vurğulayırdı ki, müharibənin həlli prosesində Türkiyə də iştirak etməlidir. Türkiyə atəşkəs rejiminə nəzarət etmək üçün yaradılacaq birgə monitorinq missiyasında da fəal yer alacaq. Türkiyə hərbçilərinin prosesdə iştirakı Azərbaycanın maraqlarının əleyhinə hər hansı addımın atılmasının qarşısının alınacağına dəlalət edir.
Ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 gün ərzində bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdirdi. Azərbaycan öz torpaqlarındakı hücumlara son qoymaq və işğal altındakı torpaqlarını xilas etmək üçün başlatdığı hərəkatla adını tarixə qızıl hərflərlə yazdı. İndi Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, yetirməsə də məğlubdur. Azərbaycan Ordusu öz nəcib xilaskar missiyasını, Vətənimizi qorumaq, torpaqlarımızı işğaldan azad etmək vəzifəsini şərəflə yerinə yetirdi. Torpaqlarımız uğrunda canını qanını fəda etmiş qəhrəman oğullarımızı, şəhidlərimizin, terror qurbanı olan mülki vətəndaşlarımızın qisası alındı. Azərbaycan xalqı uzun illər boyu həqiqətin və tarixi ədalətin təntənəsini gözləyirdi. Dövlətimizin münaqişənin dinc yolla nizamlanmasına dair danışıqlar prosesində 30 ilə yaxın iştirak etməsi xalqımızın sülh tərəfdarı olmasının əyani göstəricisidir. Ermənistan 27 il ərzində BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal altında olan bütün ərazilərindən işğalçı qüvvələrin dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrinə etinasızlıq göstərmişdir. Ermənistan tərəfindən törədilən hərbi təxribatlar tükənmirdi. Düşmən döyüş meydanındakı məğlubiyyətini daim mülki insanlarımıza atəş açaraq ört basdır etməyə çalışdı ancaq məğrurluğumuz onların riyakar planlarını alt üst etdi. Tarixi qələbə bir daha Azərbaycan xalqının nə qədər böyük, vətənpərvər, iradəli və əzmli olmasını dünyaya göstərdi. İllərlə yaşadıqları çətinliklər, ümidsizlik, onların qələbə ruhunu qırmadı və cinayətkar erməni hərbi və siyasi rəhbərliyinin təxribatları onları torpaqlarından bir qarış belə olsun uzaqlaşdırmadı. Regionda Azərbaycanın maraqlarına cavab verən yeni siyasi reallıq yarandı. Yekun nəticədə Azərbaycan xalqının uzun illərdi davam edən torpaq həsrətinə son qoyuldu. Prezident İlham Əliyev nəyi necə və nə zaman etməyi yaxşı bildiyini bir daha nümayiş etdirdi. Azərbaycan bütün dünyaya göstərdi və sübut etdi ki, o, özünün işğal altında olan torpaqlarını müstəqil şəkildə, öz gücü ilə, öz qüdrəti ilə azad etməyə qadirdir.
Azərbaycan bu qələbəni qazanmaqla öz tarixinin qızıl səhifəsini, şərəf və ləyaqət səhifəsini yazmışdır. Müstəqil Azərbaycanın qurucusu Ümummilli Lider Heydər Əliyevin layiqli siyasi varisi ölkə başçısı cənab İlham Əliyev hər bir azərbaycanlının Prezidenti olduğunu ötən dövrdə əməli fəaliyyəti ilə təsdiqlədi. Dünya şöhrətli siyasi xadim Heydər Əliyev bildirmişdi ki: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək”. Ümummilli liderin müəyyən etdiyi strategiyanı uğurla həyata keçirən və yeni dövrün ruhuna uyğun zənginləşdirən Prezident İlham Əliyevin 17 illik fəaliyyətini diqqətlə nəzərdən keçirdikdə onun dövrün çağırışlarına çevik reaksiya verən, yüksək idarəetmə bacarığına malik, xalqına və dövlətinə qəlbən bağlı lider olduğu bir daha təsdiqini tapır. Hələ illər öncə “Mən hər bir azərbaycanlının prezidenti olacağam!” – deyərək başladığı müqəddəs missiyanı xalqa arxalanaraq davam etdirmək Prezident İlham Əliyevin müqəddəs amalına çevrildi. 2003-cü ildə “Zəngin və qüdrətli Azərbaycan uğrunda” çağırışı ilə milyonları öz ətrafında toplayan ölkə başçısının uğurlu daxili və xarici siyasəti ilə Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu prosesi müvəffəqiyyətlə həyata keçirilməyə başlandı. Azərbaycanın ictimai-siyasi, iqtisadi, mədəni həyatında, xarici siyasətində yeni mərhələyə keçidin əsası qoyuldu. Ali Baş Komandanın bildirdiyi kimi: “Həmişə Azərbaycan xalqını əmin edirdim ki, mən Vətənə, doğma xalqıma ləyaqətlə, sədaqətlə xidmət edəcəyəm. Şadam ki, sözümün üstündə durmuşam. Həmişə olduğu kimi, sözümə sadiq olmuşam”. Cənab Prezidentin rəhbərlik etdiyi Azərbaycan bu gün dünyanın siyasi sistemində özünəməxsus yeri ilə seçilir. Qətiyyətli lider, müzəffər ordu və yenilməz xalq birliyi Azərbaycanın yeni və möhtəşəm tarixini yaradır.