Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan liderinin, ordumuzun, xalqımızın dəmir yumruğu Ermənistanı bu bəyanata imza atmağa məcbur etdi

16 noyabr 2020 | 16:00

Cari ilin sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatı, bütün cəbhəboyu ağır artilleriyadan istifadə etməklə hücuma keçməsi və birbaşa mülki əhalini hədəfə alması nəticəsində Azərbaycan Ordusu vətən uğrunda ölüm-dirim savaşına qalxmışdır. Ordumuz bütün dünyanın suveren Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıdığı Dağlıq Qarabağı və ətraf rayonları düşmən işğalından azad etmək üçün Vətən müharibəsinə başlamışdır. Azərbaycan tarixində bir çox şərəfli anlar olmuş, xalqımızın qürur mənbəyinə çevrilmiş hadisələr yaşanmışdır. 10 noyabr tarixi müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun zəfərləri, torpaqlarımızın işğaldan azad edilməsi dövlətçilik tariximizdə xüsusi əhəmiyyətə malikdir. Hər bir Azərbaycan vətəndaşı çox xoşbəxtdir ki, bu tarixi, şərəfli anlara şahidlik edir, möhtəşəm tarixi günləri yaşayır. Qırx dörd gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın etdi, uzun illər ərzində işğal altında qalan Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli rayonlarını, Xocavənd rayonunun böyük hissəsini, Laçın rayonunun bir sıra kəndlərini, Qarabağın incisi olan Şuşa şəhərini işğaldan azad etdi. Şuşa zəfərindən dərhal sonra düşmənə növbəti ağır zərbə vuruldu. Noyabrın 9-da – Dövlət Bayrağı Günündə bizim növbəti şanlı hərbi qələbəmizlə 72 yaşayış məntəqəsi işğalçılardan azad edildi. Ötən illər ərzində məqsədyönlü şəkildə inkişaf etdirilən, maddi-texniki bazası gücləndirilən, dünyanın ən güclü orduları sırasında olan Şanlı Azərbaycan Ordusunun sarsıdıcı zərbələri nəticəsində ağır itkilər verən Ermənistanın silahlı qüvvələrinin müqaviməti sındırıldı. İşğalçı ölkə artıq Azərbaycanın şanlı ordusu qarşısında duruş gətirə bilməyəcəyini, iflasa məhkum olduğunu dərk etdi və təslim oldu.
Bununlada, noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidenti arasında bəyanat imzalanmışdır. Birmənalı şəkildə qeyd edilməlidir ki, bu bəyanat Azərbaycan dövlətinin şanlı qələbəsi, Ermənistan üçün isə faktiki olaraq hərbi kapitulyasiya deməkdir. Azərbaycan Ordusunun döyüş meydanında əldə etdiyi möhtəşəm qələbələr, Azərbaycan liderinin, ordumuzun, xalqımızın dəmir yumruğu Ermənistanı bu bəyanata imza atmağa məcbur etdi. Azərbaycan Ordusu Qarabağda sülhə məcburetmə əməliyyatına başlarkən Cənab Prezidentin savaşın dayanması üçün irəli sürdüyü şərtlər bu bəyanat vasitəsilə artıqlaması ilə təmin edildi. Hərbi yürüşlə azad etdiyimiz yaşayış məntəqələrinin sırasına Prezidentin diplomatik istedadı hesabına Ağdam, Kəlbəcər və Laçın qısa müddətdə qansız-qadasız əlavə olundu. Digər tərəfdən Naxçıvan 102 illik həsrətdən sonra Azərbaycanın əsas hissəsi ilə quru əlaqəsi yaradaraq blokadadan çıxmaq fürsəti əldə etdi. Eyni zamanda zəfərimizin bir parçası olan Türkiyə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəzdə hərbi kontingentlə iştirak edəcək. Bu bəyanat imzalanması ilə faktiki olaraq, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu və Qarabağın heç bir fərqləndirici idarəçilik statusu olmayacaqdır. Şübhəsiz ki, bu sənəd Qarabağ cəbhəsində məğlub və qalib dövlət-xalq yerdəyişməsi etdi. Hazırda Ermənistan 1992-1993-cü illərdəki Azərbaycanı xatırladır, idarəçilikdə naşı, səriştəsiz, qeyri-peşəkar şəxslərin təmsil olunması ölkəni bir-birinin ardınca böhranlara və fəlakətə sürükləyir. Hərbi, iqtisadi böhran məngənəsində olan Ermənistanı böyük siyasi xaosunu daha da dərinləşdirmişdir. Özü haqqında məğlubedilməzlik sindromu yaradan Ermənistan silahlı qüvvələri qısa müddət ərzində darmadağın edildi. Bundan sonra Ermənistan silahlı qüvvələrinə, dövlət olaraq Ermənistana özünü bərpa etmək üçün illər lazım olacaq. 44 günlük hərbi mərhələ sübut etdi ki, Ermənistan hakimiyyəti məntiqli, rasional düşüncəyə malik deyil, onlar erməni xalqının  yox, sırf xarici qüvvələrin maraqlarına xidmət edirlər. Ancaq Azərbaycan hərb tarixinə yenilik kimi düşən strategiya tətbiq edərək, ən müasir silahlardan istifadə etməklə, habelə minimal itkilərlə qısa müddət ərzində düşmənin bütün hərbi texnikasını məhv etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu. Azərbaycan Ordusunun yüksək peşəkarlıqla apardığı işğaldan azadetmə əməliyyatı dünya üzrə müharibələrin aparılması doktrinasında ciddi dəyişikliklərə səbəb olacaq. Yüksək dağlıq şəraitdə həyata keçirilən Şuşa əməliyyatı Azərbaycanın hərb tarixinin ən parlaq səhifəsidir.
Bu müharibədə Ermənistan və onun havadarları tərəfindən hərbi əməliyyatları dayandırmaq üçün Azərbaycana diplomatik və siyasi təzyiqlər göstərildi. Lakin öz siyasətini xalqın maraqları əsasında quran Prezident İlham Əliyev qəti siyasi iradəsini nümayiş etdirdi, bütün təzyiqlərə mərdanə şəkildə sinə gərərək onları dəf etdi, öz prinsipial mövqeyindən dönmədi. Həmçinin informasiya müharibəsində də Prezident İlham Əliyev ölkəmizə qarşı olan bütün hücumların qarşısını məharətlə aldı. Dünyanın aparıcı mediasına verdiyi 30-a yaxın müsahibə beynəlxalq informasiya məkanında ölkəmizə qarşı yönəlmiş hücumları dəf etdi. Nəticə etibarı ilə Ermənistanın və onun havadarlarının işğala və tədricən Azərbaycan ərazilərinin ilhaqına əsaslanan planları alt-üst oldu. Regionda Azərbaycanın maraqlarına cavab verən yeni siyasi reallıq yarandı. Yekun nəticədə Azərbaycan xalqının 30 ilə yaxın davam edən torpaq həsrətinə son qoyuldu. Bununlada bu qələbə azərbaycanlılar haqqında məğlub xalq sindromunu sındırdı, xalqın inamını özünə qaytardı. Bu qələbə xalqımızın əzmini, qəhrəmanlığını bir daha bütün dünyaya nümayiş etdirdi. Dünya gördü ki, məğlubiyyətlə heç vaxt barışmayan Azərbaycan xalqı öz qələbəsini döyüş meydanında əldə etdi.
Bu şanlı qələbəmiz Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyasının məntiqi yekunudur. 44 günlük Vətən müharibəsi həm Ali Baş Komandanın, Azərbaycan Ordusunun, xalqımızın zəfəri ilə başa çatdı, həm də haqq savaşımız Azərbaycan tarixinə qızıl hərflərlə əbədi yazıldı. Azərbaycan dövləti bu zəfəri həm döyüş meydanında, həm də siyasi müstəvidə qazandı. Öz liderinin, öz ordusunun gücü, xalqın sarsılmaz birliyi sayəsində zəfər əldə etdi. Qəhrəman əsgərlərimizin şücaəti, fədakarlığı nəticəsində biz torplaqlarımızı işğaldan azad etdik. Belə ki, Prezident İlham Əliyevin 2003-cü ildə keçirilmiş andiçmə mərasimindəki nitqində bildirdiyi kimi “Azərbaycanın torpaqları işğaldan azad olunmalıdır, bir milyon qaçqın və köçkün öz doğma yurdlarına qayıtmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Azərbaycan heç vaxt bu vəziyyətlə, torpaqlarının işğal altında qalması ilə barışmayacaqdır. Hamı bilməlidir ki, sülh tərəfdarı olmağımıza baxmayaraq, müharibənin yenidən başlanmamasını və bu məsələnin sülh yolu ilə həllini istəməyimizə baxmayaraq, bizim səbrimiz də tükənməz deyildir. Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun, azad edəcəkdir”. Dövlət başçımızın 17 illik fəaliyyəti dövründə xalqımız verilən bütün vədlərin layiqincə yerinə yetirildiyinin şahididir. Sözsüz ki, Azərbaycan xalqı bundan sonra da öz liderinə böyük etimad göstərərək təmkin nümayiş etdirəcək, hərbi qələbəni siyasi qələbə kimi möhkəmlədirəcək, yumruq kimi Azərbaycan Prezidentinin ətrafında birləşəcəkdir.

Keçidlər