Qələbə hisslərini yaşadan Prezidentə xalq öz sevgisini nümayiş etdirir
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərinə 16 noyabr tarixində səfər etmişlər. İşğaldan azad olunmuş bölgələrdə Prezidentini qarşılayan qalib xalq öz sevgi və etimadını nümayiş etdirdi. Təsadüfi deyil ki, bölgələrdə Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın izdihamla qarşılanması ölkəmizdə yaşanan xalq-iqtidar birliyindən xəbər verir. Qarşılanma zamanı yaranan izdiham Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Ordumuz tərəfindən qazanılan bu Qələbənin miqyasını açıq göstərirdi, bu təntənə şanlı Zəfərin əyani nümayişi idi. Qələbədən sonra işğaldan azad olunan bölgələrə ilk səfərini edən cənab Prezident əslində sevinc hisslərini öz xalqıyla bölüşmüş oldu, xalq da qalib ordunun Ali Baş Komandanını böyük izdiham ilə qarşıladı. Sözsüz ki, xalqın orduya inamı və dəstəyi, ölkədə yaşanan milli və siyasi həmrəylik əldə etdiyimiz qələbənin ideoloji əsasını təşkil edir. Şanlı Ordumuzun Müzəffər Ali Baş Komandanının işğaldan azad olunan bölgələrə səfəri zamanı hərbi qulluqçular tərəfindən gördüyü diqqət bir daha bunu deməyə əsas verir ki, müharibədə qalib gəlməyimizdə dəmir yumruğumuzla yanaşı, dəmir iradəmizin və sarsılmaz inamımızın da çox böyük rolu olub. Azərbaycan Ordusu faktiki olaraq cinayətkar Qarabağ klanını, bütövlükdə Koçaryan-Sarkisyan ordusunu məhv etmişdir. Prezident İlham Əliyev bu xüsusda bildirdiyi kimi: “Paşinyan heç kimdir. Koçaryan və Sarkisyan, Azərbaycan xalqının cəlladları, Xocalı cəlladları, sizi biz məğlub etmişik, sizin ordunuzu məhv etmişik. Əgər kapitulyasiya aktı Ermənistan tərəfindən imzalanmasaydı, özləri bilirlər nə ilə qurtaracaqdı bu müharibə. Bax, budur bizim gücümüz, budur bizim birliyimiz”.
Ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına səfəri zamanı baş vermiş ən önəmli hadisələrdən biri də möhtərəm dövlət başçımızın Füzuli şəhərində, Xudafərin körpüsündə və Cəbrayıl şəhərində şanlı Azərbaycan bayrağını qaldırması oldu. Heç şübhəsiz, bu görüntülər Azərbaycanın müasir tarixinin ən şanlı səhifələrindəndir. Müzəffər Ali Baş Komandan qəhrəman Azərbaycan Ordusunun işğaldan azad etdiyi tarixi torpağımızda üçrəngli bayrağımızı qaldırması Azərbaycanın milli-mənəvi dəyərlərinə, mədəniyyət abidələrinə xüsusi önəm vermələrinin göstəricisidir. Beləliklə, Vətən torpaqlarının 30 ildən artıq davam edən işğalına son qoyuldu, Azərbaycan tarixi ədaləti bərpa etdi. Bununla da siyasətdə, diplomatiyada və hərbi strategiyada Prezident İlham Əliyevin adı bu zəfərin müəllifi kimi tarixə yazıldı. Prezidentin Füzuli və Cəbrayıl rayonlarına tarixi səfər etməklə “Qarabağ Azərbaycandır və nida” ifadəsinin müəllifi kimi cənab İlham Əliyev bir daha xalqa verdiyi bütün vədlərə sadiq olduğunu nümayiş etdirdi. Bu, şanlı qələbəmizin, zəfərimizin nidasıdır. Şübhəsiz ki, bu gün Azərbaycanda xalq-iqtidar birliyi ən yüksək səviyyədədir. Bu uğura Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan, Prezident İlham Əliyevin uğurla və böyük uzaq görənliklə davam etdirdiyi siyasət nəticəsində nail olunub. Əlbətdə xalqın dəstəyi dövlətin tükənməz gücünün mənbəyidir. Hərbi əməliyyatların başladığı ilk gündən Azərbaycan xalqı öz Prezidentinin ətrafında daha sıx birləşdi. Dövlət-xalq-ordu birliyi nümunəyə çevrildi. Bununla yanaşı, 50+1 formatında siyasi partiyaların birgə bəyanatı xalq-iqtidar birliyinin təcəssümüdür. Xalqın qələbə və tarixi ədalətin bərpa olunması ilə bağlı arzularının reallaşması milli birlikdən keçdi.
Beləliklə, Azərbaycanın Vətən müharibəsi xalqımızın parlaq qələbəsi ilə yekunlaşdı. Uzun illərdir düşmən tapdağı altında qalan əzəli və əbədi torpaqlarımız işğaldan azad edildi. Eyni zamanda azadlıq savaşı Cənab Prezidentin təkrarsız diplomatik məharəti ilə yanaşı, həm də yenilməz sərkərdəlik qabiliyyətlərini bütün dünyaya göstərdi. Dövlət başçımızın siyasi iradəsi, öz xalqına sədaqəti və düşmənə qarşı yenilməzliyi Azərbaycanın beynəlxalq nüfuzunu daha da yüksəltdi. Prezident İlham Əliyevin bildirdiyi kimi: “Haqq-ədalət zəfər çaldı. Müzəffər Azərbaycan Ordusu zəfər çaldı. Düşmənin beli qırıldı. Düşmən torpaqlarımızdan qovuldu. Azərbaycan bayrağı işğaldan azad edilmiş torpaqlarda qaldırıldı və əbədi dalğalanacaq”.