Səbail rayonunun orta məktəblərində yeni dərs ilinə başlanmışdır
«Bilik günü» ənənəvi olaraq Səbail rayonunun bütün orta təhsil müəssisələrində təntənəli şəkildə qeyd olunmuşdur. Yeni dərs ili ərəfəsində məktəblərdə böyük hazırlıq işləri aparılmış, ilk dərs günü 18 orta məktəbdə dərslərə başlanmışdır.
Səbail rayonu 189 saylı orta məktəb 1937-ci ildən fəaliyyət göstərir. Məktəbin yerləşdiyi bina isə həmin vaxta kimi başqa təyinatlı tikili olmuşdur. Məktəbdə hazırda 1100 şagird təhsil alır, 150 müəllim onlara dərs deyir.
«Bilik günü» münasibəti ilə şagirdləri, pedaqoci kollektivi, valideynləri və çoxsaylı qonaqları salamlayan 189 saylı orta məktəbin direktoru, əməkdar müəllim Ceyran Kuliyeva keçən tədris ilində məktəb kollektivinin qazandığı uğurlar barədə məlumat vermişdir. Sonra qeyd olunmuşdur ki, bu tədris ilində məktəbi bitirmiş 42 məzunun 32-i müxtəlif ali məktəblərə, o cümlədən 2 nəfər xarici ali məktəblərə daxil olmuşlar. Keçən dərs ili ərəfəsində əsaslı təmir olunmuş məktəbdə müasir təhsil üçün hər cür şərait yaradılmış, məktəb lazımi avadanlıq və dərs vəsaitləri ilə tam təmin olunmuşdur.
Ceyran Kuliyeva yeni təhsil müəssisələrinin tikintisi və əsaslı təmir olunmasının, burada müasir standartlara uyğun şəraitin yaradılmasını ölkə rəhbərliyi tərəfindən Azərbaycan Təhsilinə olan böyük diqqət və qayğı kimi qiymətləndirmiş və bu işlərə görə Prezident cənab İlham Əliyevə məktəb kollektivi adından dərin təşəkkürünü bildirmişdir.
Dövlət Proqramına uyğun olaraq bu il şəhərin mərkəzindəki 1946-cı ildən fəaliyyət göstərən 190 saylı orta məktəbin idman və akt zalları yerləşən korpusu əsaslı təmir olunmuşdur. Məktəblə tanışlıq zamanı 190 saylı orta məktəbin direktoru, əməkdar müəllim Afət Bakıxanova qeyd etmişdir ki, 36 il əvvəl tikilmiş korpusun damı mansard şəklində qurularaq bura dəmir örtük vurulmuş, elektrik, su və kanalizasiya xətləri yeniləşmiş, koməkçi otaqlar əsaslı təmir olunmuşdur. Zalda yeni oturacaqlar quraşdırılmış, səhnə yeniləşmişdir. İdman zalı da əsaslı təmir olunaraq lazımi ləvazimatlar və idman avadanlığı ilə təchiz olunmuşdur. Binanın divarları rənglənmiş, həyətə yeni asfalt örtüyü salınmışdır.
Afət Bakıxanova bildirmişdir ki, bu il məktəbi bitirmiş məzunlardan 52 nəfəri müxtəlif ali məktəblərə, o cümlədən 9-u xarici ölkələrin ali təhsil müəssisələrinə daxil olmuşlar. Məzunlardan 4 nəfəri qəbul imtahanlarında 600-dən çox bal toplamış, 2 məzunu «Qızıl medal»a layiq görülmüş, məktəbin müəllimi Nərgiz Məmmədova «Ən yaxşı müəllim» müsabiqəsinin qalibləri sırasında olmuşdur. O, təhsilə olan diqqət və qayğıya, məktəbdə yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz dərin təşəkkürünü bildirərək, pedaqoci kollektiv adından vətənimiz üçün savadlı və vətənpərvər nəslin yetişdirilməsi işində əllərindən gələni əsirgəməyəcəklərini vurğulamışdır.
Həmçinin Dövlət Proqramının icrasına uyğun olaraq bu ilin may ayında Bakı şəhərinin mərkəzindəki 1928-ci ildə rus-tatar məktəbi kimi fəaliyyətə başlamış, hazırda 980 şagirdin təhsil aldığı Məmməd Rahim adına 7 saylı tam orta məktəbin əsas binasının əsaslı təmirinə başlanmışdır.
Məktəbin dam örtüyü tam şəkildə yenidən qurularaq yeni müasir dəmir örtük vurulmuşdur. Məktəbin binası aqlay daşla üzlənmiş, bu zaman onun memarlıq üslubu saxlanılmışdır. Məktəbin binasının gecə işıqlandırılması sistemi qurulmuşdur.
4 mərtəbəsi olan məktəbdə 27 sinif, 2 kompyuter otağı, 3 laboratoriya, yardımçı otaqlar, bufet, sanitariya qovşaqları əsaslı təmir olunmuşdur. Bütün qapı və pəncərələr yenilənmiş, pilləkənlərə mərmər vurulmuş, gözəl, bəzəkli naxışları olan tutacaqlar qurulmuş, foyeyə qranit döşənmişdir. Məktəbin kommunikasi xətləri, istilik sistemi tam yeniləşmişdir. Məktəb binası yeni mebel, adavanlıq, dərs ləvazimatları ilə tam təmin olunmuşdur.
«Sahil bağı»nda qeyd olunan «Bilik günü» tədbirində çıxış edən 7 saylı orta məktəbin direktoru Gülnaz Mehdizadə burada aparılan təmir-abadlıq işləri barədə məlumat vermişdir. Qeyd etmişdir ki, ötən il məktəbin 3 məzunu «Qızıl medala» layiq görülmüşdür. Bu il məktəbi bitirmiş 48 məzundan 30 nəfəri müxtəlif ali məktəblərə, o cümlədən 4-ü xarici ölkələrin ali təhsil müəssisələrinə daxil olmuşlar. Məzunlardan 3 nəfəri qəbul imtahanlarında 600-dən çox bal toplamışdır.
Məktəb bir sıra layihələrin, o cümlədən Elektron məktəb, İngilis dilinin intensiv tədrisi, 61 ölkəni birləşdirən Beynəlxalq İnnovativ məktəb və s. layihələrin iştirakçısıdır.
Gülnaz Mehdizadə böyük ənənələri olan məktəbdə təhsilə yaradılan şərait üçün ölkə başçısı cənab İlham Əliyevə dərin minnətdarlığını bildirmişdir.
Yeni dərs ilinin başlanmasına həsr olunan tədbirlərdə iştirak edən Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov əsaslı təmirdən sonra istifadəyə verilmiş məktəblərin kollektivlərini təbrik etmiş, onlara təhsildə uğurlar arzulamışdır. Asif Əsgərov ölkədə təhsil məsələləri ilə bağlı görülən işlərdən, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev və ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, Millət vəkili Mehriban xanım Əliyeva tərəfindən təhsilə olan diqqət və qayğıdan danışmış, bildirmişdir ki, rayonda təhsilin səviyyəsi və təhsil müəssisələrinin vəziyyətinə ciddi fikir verilir. Yay aylarında təhsil müəssisələrində əsaslı və cari təmirlər aparılımış, məktəblər lazımi avadanlıq və vəsaitlərlə təmin olunmuşlar.
Natiq rayon məktəblilərinin keçən tədris ilində qazandıqları uğurlardan danışaraq bidirmişdir ki, orta məktəbləri bitirmiş 1458 nəfərdən 927-i tələbə adını qazanmış, abituriyentlərdən 121 nəfəri 500-dən yuxarı, 35 nəfəri 600-dən, 8 nəfəri isə 650-dən çox bal toplamışdır. Məzunlardan 88 nəfəri xarici ölkələrin ali məktəblərinə qəbul olunmuşlar. 19 məzun qızıl medala layiq görülmüşdür.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin «2012/2013-cü tədris ilində keçirilmiş «Ən yaxşı ümumtəhsil müəssisəsi» müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında» sərəncamına görə Bakı şəhəri, Səbail rayonu 6 saylı tam orta məktəb və 160 saylı Klassik Gimnaziya artıq ikici dəfədir ki, qaliblər sırasında olmuşlar. Bu il keçirilən «Ən yaxşı müəllim» müsabiqəsinin qalibləri arasında isə rayonun 6 nəfər müəllimi olmuşdur.
Cari ilin yay aylarında «2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı»nın Əlavə Tədbirlər Planına əsasən 900 nəfər şagirdin təhsil aldığı 7 saylı pilot məktəbi və 1900 şagirdin təhsil aldığı 163 saylı orta məktəbin binaları, 190 saylı orta məktəbin akt və idman zalı tam əsaslı təmir olunmuşdur. Məktəblər bütün lazımi avadanlıq və dərs vəsaiti ilə təchiz olunmuşlar. Həmçinin Bibiheybət qəsəbəsindəki 70 saylı uşaq bağçasının əsaslı təmiri və bağça üçün əlavə musiqi zalı və 3 otağının tikintisi başa çatdırılmışdır.
20-ci yaşayış sahəsində yerləşən «Turac» uşaq bağçasında möhkəmləndirmə işləri aparılmış, hazırda əsaslı təmir davam etdirilir.
Asif Əsgərov Heydər Əliyev Fondunun Prezidenti, Millət vəkili Mehriban xanım Əliyevanın da ölkəmizdə təhsilin inkişafındakı əvəzsiz xidmətlərindən söz açımış, Fondun dəstəyi görülən işlər barədə məlumat vermişdir. Bildirmişdir ki, yay aylarında Badamdar qəsəbəsindəki 136 saylı körpələr evi-uşaq bağçasında Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir aparılıb və hazırda son tamamlama işləri gedir.
Ənənəvi «Bilik günü» tədbirləri rayonun digər məktəblərində də keçmiş, bu tədbirlərdə RİH-nin məsul nümayəndələri, ağsaqqallar, veteranlar və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.