Şriftin ölçüsü :

Saytın rəngi :

Kəlbəcərin qaytarılması Azərbaycanın möhtəşəm tarixi Qələbəsinin daha bir təsdiqidir

28 noyabr 2020 | 16:00

Sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusu Ermənistanın hərbi təcavüzünə cavab olaraq, işğal altında olan torpaqlarımızı azad etmək üçün genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirməkyə başlamışdır. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ordumuz bir-birinin ardınca ərazilərimizi işğaldan azad etdi. Müharibədə məğlubiyyətə uğrayan Ermənistan uzun illər ödəməli olacağı borca düşməklə yanaşı, işğalçılıq siyasətinin dayandırılması ilə əlaqədar üzərinə götürdüyü kapitulyasiyanın tələblərinin ödənilməsi barədə razılığa gəldi. Kapitulyasiyanın şərtlərinə uyğun olaraq, əvvəlcə, Ağdam şəhərini və rayonun işğal altında qalan kəndlərini qeyd-şərtsiz azad etdi. Növbəti mərhələdə - yəni, noyabrın 25-dən etibarən ölkəmizin əzəli və əbədi torpağı olan Kəlbəcər rayonu rəşadətli Azərbaycan Ordusunun tam nəzarətinə keçdi. Kəlbəcər rayonunun işğaldan azad edilməsi ilə Azərbaycan xalqının 27 illik həsrətinə son qoyuldu. Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, hərbi qələbəni həm də siyasi qələbəyə çevirən diplomatik məharəti nəticəsində Ağdam kimi, Kəlbəcər də qan tökülmədən, şəhid verilmədən geri qaytarıldı. Kəlbəcər Azərbaycanın ərazisinə görə ən böyük və ən yüksək dağ rayonudur. Azərbaycan Ordusu olduqca çətin relyefə, sərt iqlimə malik olan Kəlbəcərə şəhid vermədən, bir güllə atmadan daxil olmuşdur. Lakin Azərbaycanın işğal altında olan torpaqları azad edildikcə həmin yerlərdə Ermənistanın həyata keçirdiyi vandalizm və barbarlıq hərəkətlərini isbatlayan mənzərə ortaya çıxır. Ermənilər 30 ilə yaxın müddətdə işğal altında saxladıqları Azərbaycan ərazilərində dini dəyərlərini, tarixi-mədəni abidələri, məscidləri, qəbirləri dağıdıb, təhqir və talan ediblər. Artıq heç kim üçün sirr deyil ki, işğal edilmiş torpaqlarımızda bu kimi vandalizm hərəkətləri bilavasitə Ermənistanın keçmiş və indiki rəhbərliyinin göstərişi ilə törədilib. Şübhəsiz ki, düşmən ölkəmizə vurduğu milyardlarla zərərə görə beynəlxalq qanun qarşısında cavab verməli, təzminat ödəməlidir. Onlar hərb meydanında cəzalarını aldıqları kimi, dağıtdıqları, məhv elədiklərinə görə cavab verməli olacaqlar. Azərbaycan xalqıda əmindir ki, işğaldan azad edilmiş bütün rayonlarımızda tikinti-abadlıq işləri yüksək səviyyədə davam etdiriləcək, Azərbaycanın hər bir guşəsi abad olacaqdır. 30 il həsrətində olduğumuz yaşayış məntəqələrimizdə həyat yenidən canlanacaq, insanlar firavan yaşayacaqlar. Cənab Prezidentin bildirdiyi kimi: “Biz isə qurub-yaradanıq. Biz bu şəhərləri, bu rayonları yenidən dirçəldəcəyik. Bu rayonların bərpası ilə bağlı böyük planlarımız var. Artıq, bu planlar reallaşır, infrastruktur layihələri icra edilməyə başlayır”.
Kəlbəcər 1993-cü ilin aprel ayının 3-də Ermənistan ordusu tərəfindən işğal edilmişdi. 1993-cü il mart ayının 23-dən aprel ayının 3-dək gedən gərgin döyüşlərdən sonra 60 min Kəlbəcər sakini öz dədə-baba torpağından vəhşicəsinə qovulmuşdur. Bundan sonra, 1993-cü il aprelin 30-da BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının Azərbaycanın Kəlbəcər rayonundan və digər işğal olunmuş ərazilərindən dərhal çıxarılmasını tələb edən 822 saylı qətnamə qəbul edib. Lakin Ermənistan Dağlıq Qarabağla bağlı qəbul olunmuş digər 3 qətnamə kimi, həmin sənədin tələblərini də yerinə yetirməkdən imtina etdi. Beləliklə, bizim dədə-baba torpaqlarımızda erməniləşdirmə siyasəti və qanunsuz məskunlaşdırma prosesi davam etdirildi. Bununla yanaşı, tarixi abidələrinə, təbiətinə böyük ziyan vuruldu. Göründüyü kimi, BMT özünün qəbul etdiyi qətnamələrin icrasına nail ola bilmədi. Bunu Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu ən yüksək, mükəmməl səviyyədə bacardı. Kəlbəcər rayonu uğrunda döyüş əməliyyatları aparılmadan Ermənistan ordusu həmin ərazini birdəfəlik tərk etdi. Heç kimə sirr deyil ki, Kəlbəcərin işğal edilməsi həmin dövrdə Azərbaycanın anarxik ictimai-siyasi vəziyyətindən asılı olaraq düşmən tərəfindən işğala məruz qalmışdı. Prezident İlham Əliyev Kəlbəcərin işğaldan azad olunması ilə əlaqədar xalqa müraciətində də qeyd etdiyi kimi, Kəlbəcər və bütövlükdə torpaqlarımızın işğal altına düşməsində əsas günahkar qanunsuz yollarla hakimiyyətə gələn, heç bir siyasi biliyə, təcrübəyə, səriştəyə malik olmayan Azərbaycan Xalq Cəbhəsi olub. Torpaqlarımızın işğal altına düşməsində Xalq Cəbhəsinin birbaşa iştirakı var və bu məsuliyyəti onlar daşıyır. Xalq Cəbhəsinin məqsədi, sadəcə, hakimiyyət uğrunda mübarizə idi. Şuşa və Laçının işğal altına düşməsindən sonra ölkəmizdə vəziyyət kritik həddə çatdı. Bundan istifadə edən Azərbaycan Xalq Cəbhəsi dövlət çevrilişi edərək hakimiyyətə gəldi. Vətənpərvərlikdən, peşəkarlıqdan, idarəçilikdən uzaq, xarici münasibətlərin, beynəlxalq norma və prinsiplərin nə olduğunu bilməyən, heç bir dildə danışa bilməyən təsadüfi adamlar Şuşanı düşmənə təhvil verdilər.
Ermənistanın Azərbaycana qarşı təcavüzünün genişlənməsi, hakimiyyət uğrunda daxili çəkişmələr, iqtisadiyyatın çökməsi ölkəni xeyli zəiflətdi. Üstəlik, Azərbaycan Xalq Cəbhəsi iqtidarı yarıtmaz fəaliyyəti ilə ölkəni parçalanmaq həddinə çatdırdı. Lakin 1993-cü ildə xalqın təkidi ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra vəziyyət dəyişməyə başladı. Dahi siyasi xadim Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanı iqtisadi cəhətdən möhkəmləndirən “Əsrin müqaviləsi” imzalandı. Ulu Öndər bilirirdi ki, müharibə aparan ölkə hərtərəfli - həm iqtisadi, həm siyasi, həm də hərbi və diplomatiyada güclü olmalıdır. Bununlada, iqtisadi və siyasi cəhətdən çətin günlər yaşayan Azərbaycanı inkişaf yoluna çıxdı. 2003-cü ildən ümummilli lider Heydər Əliyevin siyasi xətti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyev bu gün Şuşanı, Kəlbəcəri, Qarabağı qaytardı və Azərbaycanın ərazi bütövlüyünü bərpa etməklə yanaşı, bizi dünyaya qürurlu xalq olaraq tanıtdı. Azərbaycanın döyüş, diplomatiya və informasiya cəbhələrindəki mühüm qələbələri xalqımızı uzun illər həsrətində olduğu Qələbə Gününə yetirdi. Dünya Ermənistanı məğlub edilmiş, Azərbaycanı isə zəfər çalmış ölkə kimi tanıyır. Bu şanlı Zəfərin, bu Böyük Qələbə ulu öndərimiz Heydər Əliyev siyasətinin, onun layiqli davamçısı Prezident İlham Əliyevin qələbəsidir, ölkəmizdəki xalq-iqtidar birliyinin qələbəsidir, müzəffər Ordumuzun qələbəsidir. Azərbaycan xalqı dəmir yumruq kimi birləşərək öz tarixinin şanlı səhifəsini yazdı. Kəlbəcər bizimdir! Qarabağ Azərbaycandır!

Keçidlər