Şriftin ölçüsü :

Saytın rəngi :

Səbaildə yeni elektron layihə

30 noyabr 2020 | 16:00

“Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrasına uyğun olaraq elektron idaəetmə sisteminin tətbiq edilməsi, Səbail rayonunun sakinlərinin məmnuniyyətinin yüksəldilməsi və dövlət idarəetmə orqanları ilə vətəndaşlar arasındakı münasibətlərin mütərəqqi inkişafı, dövlət orqanlarının fəaliyyətində səmərənin artırılması məqsədilə Səbail Rayon İcra Hakimiyyəti tərəfindən tamamilə yeni veb, desktop, mobil interfeysə malik elektron "E-Sabail" (www.esabail.az) platforması hazırlanıb.
Sakinlər bu sistem vasitəsi ilə mövcud problemlərinin həlli üçün RİH rəhbərliyi ilə onlayn qaydada fikir mübadiləsi apara, dövlət qurumları tərəfindən verilmiş məlumatlar ilə tanış ola, xidmətlərə elektron qaydada müraciət edə, e-arayışlar və digər sənədləri əldə edə bilərlər. Vətəndaş məmnunluğunun təmin olunması, ictimai etimadın formalaşdırılmasına istiqamətlənmiş bu yeni sistem rahat istifadəçi interfeysinə malik olan və ödənişsiz xidmət göstərən platformadır.
"E-Sabail" proqram təminatının ən böyük benefisiarlarından olan həm rayon sakinləri, həm də RİH əməkdaşlarının istifadə edəcəyi bu sistem sənəd üzərində kollektiv şəkildə işləmək imkanı, sadə axtarış sistemi vasitəsi ilə istənilən sənəd axtarışı və seçimi prosesinin əhəmiyyətli dərəcədə sürətlənməsi, informasiya təhlükəsizliyinin yüksək səviyyədə təminatı, sənədlərin daha uzun müddət və daha rahat şəkildə qorunub saxlanılması, sənədlərin icrasına nəzarətin güclənməsini təmin edəcəkdir. Həmçinin əməkdaşlar elektron xəritə vasitəsi ilə rayon ərazisində mövcud binaların texniki vəziyyəti ilə eyni zamanda baş verən qanunsuz hərəkətlər barədə məlumat verəcək və bu proqram vasitəsi ilə problemin həllini tənzimləyə biləcəklər.
Vətəndaşların sosial təminatının yaxşılaşdırılması üçün nəzərdə tutulan sosial bölmə vasitəsi ilə qısa zaman ərzində müvafiq qurumlarla koordinasiyalı şəkildə təqdim ediləcək vakansiyalara müraciət etmək imkanı yaradılmışdır. Eyni zamanda ölkəmizə səfər edən turistlərin getmək istədikləri məkanlar, oradakı xidmətlər, marşrut xətləri və s. barədə burada ətraflı məlumat almaq imkanı yaradılmışdır. Azərbaycan həqiqətləri, milli mənəvi dəyərlərimiz və rayon ərazisində yerləşən tarixi abidələr, muzeylər, məscidlər, ziyarətgahlar haqqında bölmələr yaradılmış və yaxın zamanlarda saytın müxtəlif xarici dillərə tərcümə olunaraq istifadəyə verilməsi nəzərdə tutulmuşdur.
Daimi mobil qurğular, smartfon və planşet istifadəçilərinin də bu platformadan istifadəsi nəzərə alınmışdır. Belə ki, Portalın mobil əlavəsi hazırlanaraq həm android həm də İOS əməliyyat sistemləri istifadəçiləri üçün ödənişsiz yükləmə imkanı yaradılmışdır.
Məlumat üçün bildiririk ki, "E-Sabail" platforması, yerli şirkət olan Global Technology Services tərəfindən hazırlanmışdır.

Keçidlər