Prezident İlham Əliyev: “Ölkəmizin ən böyük rayonlarından biri olan Laçın rayonu Azərbaycanın gələcək iqtisadi inkişafında mühüm rol oynayacaq”.
Sentyabrın 27-dən başlanan Vətən Müharibəsi nəticəsində şanlı ordumuz Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və Şuşa şəhərlərini düşmən işğalından azad etdi. Nəticədə Ermənistan siyasi-hərbi rəhbərliyi müharibəni uduzduğunu görərək təslim olmağa qərar verdi. Beləliklə Azərbaycan Respublikası dekabrın 1-də Ermənistanın işğalı altındakı Laçın rayonunu öz yurisdiksiyasına qaytardı. Üçtərəfli bəyanata əsasən, Azərbaycan atəşkəsin elan edildiyi noyabrın 10-dan dekabrın 1-dək keçən 22 günə siyasi yolla daha əvvəl Ağdam və Kəlbəcəri azad etdi, indi isə Laçın rayonunu nəzarəti altına keçirdi. Amma düşmən öz xoşuna çıxmadı, rayondan çıxmağa məcbur edildi.
Azərbaycan tərəfinə 17 il ərzində dəfələrlə müxtəlif xarici dairələrdən yalnız beş rayonun qaytarılmasına razılaşmaq üçün təzyiq edilsə də, Ali Baş Komandan iqtisadi, hərbi, diplomatik baxımdan güclənərək Vətən müharibəsi modelini seçməyi üstün tutdu, bu model özünü doğrultdu, Azərbaycan yeni hərbi-siyasi reallıq yaratdı.
Bölgəmizdə yeni reallıq yarandı. Bu reallığı biz yaratdıq. Azərbaycan yaratdı bu reallığı. Biz düşməni torpaqlarımızdan qovduq. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində - 822, 853, 874 və 884 saylı qətnamələrdə bilavasitə Laçının adı çəkilməsə də, sənədlərdə yer alan "erməni silahlı dəstələrinin son dövrlərdə işğal etdiyi Azərbaycan torpaqlarından", "digər rayonlardan geri çəkilməsi" tələbi birbaşa Laçına aid idi. Biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirdik. Bu qətnamələr 27 il idi ki, təkcə Ermənistan üçün yox, bir çox başqaları üçün də, kağız parçası idi.
Ermənistan tərəfi bütün Laçın rayonunu onlara dəhliz kimi verilməsində israr edib, bəzi Qərb dairələri bu mövqeyi dəstəkləyib. Lakin Azərbaycan Respublikası Laçın dəhlizi üzərində suveren haqlarını kimsəyə təslim etməyib belə ki, dəhlizdə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkəti rəsmi Bakının təhlükəsizlik zəmanəti altındadır.
Laçın dəhlizi Azərbaycanın qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə verilən zəmanətə adekvatdır. Sonuncu dəhliz Azərbaycanla Türkiyəni quru yolla birləşdirir ki, bu da Vətən müharibəsində ikiqat Qələbənin nəticəsidir.
Laçın şəhəri 1923-cü ildə Laçın və Abdallar kəndləri arasında salınıb və yazıçı Tağı Şahbazi Simurqun təşəbbüsü ilə şəhərə Laçın adı verilib. Laçın rayonu 1924-cü ildə təsis edilib. Ərazisi 1.84 min km²-dir, işğaldan əvvəl əhalisi 65 430 nəfər olmuşdur. Rayonda bir şəhər, bir qəsəbə (Qayğı qəsəbəsi), 125 kənd olmuşdur.
Birinci Qarabağ müharibəsində 264 nəfər laçınlı şəhid olmuş, 65 nəfər girov götürülmüş, 103 nəfər əlil olmuşdur. Rayonun 6 Milli Qəhrəmanı vardır. Rayon üzrə 1 yaşdan 16 yaşadək 24374 nəfər uşaqdan 18 nəfəri şəhid, 225 nəfəri əlil olmuş, 1071 nəfəri bir, o cümlədən 31 nəfəri hər iki valideynindən yetim qalmışdır.
İşğaldan əvvəl 217 mədəniyyət müəssisəsi,142 səhiyyə obyekti, 133 idarə və müəssisəsi,100 ümumtəhsil məktəbi, 5 məktəbəqədər müəssisəsi, 5 musiqi məktəbi, 1 internat məktəbi,1 orta texniki peşə məktəbi və 1 rabitə müəssisəsi var idi.
İşğal olunmuş rayonun yerli əhalisi son statistikaya görə 80 mindən çoxdur, laçınlılar respublikanın 57 şəhər və rayonunda müvəqqəti məskunlaşmışlar. Cənab Prezident İlham Əliyev həmçinin bildirişdir ki, “Laçınlıları qısa müddət ərzində Laçına qaytarmaq Azərbaycan dövlətinin əsas vəzifələrindən biri olacaqdır. Əlbəttə, işğaldan azad edilmiş torpaqlarda mövcud olan mənzərə böyük çətinliklər yaradır. Çünki hər tərəf dağıdılıb, infrastruktur dağıdılıb, binalar sökülüb, inzibati binalar sökülüb. Hazırda o yerlərdə yaşamaq üçün şərait yoxdur. Ancaq biz o bölgələri, bütün rayonları bərpa edəcəyik, vətəndaşlarımızın normal həyatı üçün bütün addımları atacağıq. Bildiyiniz kimi, ilk layihələr artıq icra edilməyə başlanmışdır. Prezidentin ehtiyat fondundan müvafiq vəsait ayrılmışdır. Füzuli-Şuşa avtomobil yolunun, Bərdə-Ağdam dəmir yolunun tikintisi artıq başlanmışdır. Bu, onu göstərir ki, biz bu işləri maksimum səmərə ilə və eyni zamanda, qısa müddət çərçivəsində planlaşdırırıq ki, vaxt itirmədən bütün işləri təşkil edək. Artıq müvafiq dövlət qurumu da yaradıldı və bu işlərin hamısı koordinasiya şəklində aparılacaqdır.”
Ölkəmizin ən böyük rayonlarından biri olan Laçın rayonu Azərbaycanın gələcək iqtisadi inkişafında mühüm rol oynayacaq. Bütövlükdə azad edilmiş bölgələrin iqtisadi potensialı, kənd təsərrüfatı, turizm potensialı çox böyükdür. Azərbaycan bölgədə bu gün və gələcək üçün yeni təhlükəsizlik, yeni əməkdaşlıq formatı yaratdı.
Ona görə bizim qələbəmiz tarixi Qələbədir. Laçın bizimdir! Qarabağ Azərbaycandır!