Səbail rayonunun Badamdar qəsəbəsindəki 136 nömrəli körpələr evi-uşaq bağçasının binası əsaslı yenidənqurmadan sonra açılmışdır. Birinci xanım Mehriban Əliyeva açılışda iştirak etmişdir
Sentyabrın 26-da Bakının Səbail rayonunun Badamdar qəsəbəsindəki 136 nömrəli körpələr evi-uşaq bağçasının binası əsaslı yenidənqurmadan sonra açılmışdır.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və qızı Arzu Əliyeva açılışda iştirak etmişlər.
Mehriban xanım Əliyevaya və Arzu Əliyevaya gül dəstələri təqdim edildi. Azərbaycanın birinci xanımı binanın əvvəlki vəziyyətini əks etdirən fotolara baxdı.
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov körpələr evi-uşaq bağçasında əsaslı təmirdən sonra yaradılan şərait barədə Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya məlumat verdi. Bildirildi ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2013-cü ilin iyununda binada əsaslı yenidənqurma işlərinə başlanılmışdır. Yenidənqurma işlərinin qısa vaxtda və yüksək keyfiyyətlə həyata keçirilməsi üçün bütün lazımi tədbirlər görülmüşdür. Nəticədə bu uşaq bağçasındakı şərait ən müasir tələblərə uyğunlaşdırılmışdır.
Qeyd edildi ki, körpələr evi-uşaq bağçası 1969-cu ildə inşa edilmiş və ötən illər ərzində heç vaxt əsaslı təmir olunmamışdır. Bağça 3 korpusdan ibarətdir. Burada 2-6 yaş arası 8 qrupda 150 uşağın təlim-tərbiyəsi ilə 18 pedaqoji və 8 texniki işçi məşğul olur. Qrupların sayına uyğun olaraq binadakı 28 otaq, həmçinin musiqi və oyun zalları, tibb kabineti, mətbəx və yardımçı otaqlar bütün zəruri avadanlıqla təchiz edilmişdir. Bağçanın otaqlarının divarları, dəhlizlər uşaqların çox sevdiyi nağıl qəhrəmanlarının şəkilləri ilə bəzədilmişdir. Heydər Əliyev Fondu tərəfindən bağçaya mebel dəstləri, soyuducular, televizorlar, uşaq oyuncaqları və digər zəruri əşyalar hədiyyə edilmişdir.
Bağçanın həyətində abadlıq işləri görülmüş, uşaqların istirahəti üçün köşklər, əyləncə və idman qurğuları quraşdırılmışdır. Həyətdə uşaqlara yol hərəkəti qaydalarını öyrətmək məqsədi ilə xüsusi meydança yaradılmışdır. Yeni layihəyə əsasən bağçanın hər 3 korpusunda əlavə dizayn işləri görülmüşdür.