Şriftin ölçüsü :

Saytın rəngi :

Zəfər və qürur günü

14 dekabr 2020 | 16:00

Sentyabrın 27-si səhər saatlarından başlanan Vətən müharibəsi 44 gün ərzində Ali Baş Komandanın rəhbərliyi və müzəffər ordumuzun rəşadəti ilə böyük zəfərlə başa çatdı. Azərbaycanın yeni tarixinə yazılan bu zəfər, müstəqil Azərbaycan dövlətinin hərbi qüdrətinin, iqtisadi gücünün nümayişi ilə yanaşı, xalqımızın qələbə əzminin əyani təsdiqidir. Erməni işğalında olan torpaqlarımız düşmən tapdağından azad edildi. Dekabrın 10-da Azərbaycan Vətən müharibəsində əldə etdiyi möhtəşəm Qələbənin nümayişini - Zəfər paradını təntənə ilə qeyd etdi. Zəfər paradı xalqımızın, dövlətimizin və bu Qələbədə böyük əməyi olan ordumuzun böyük qürur və sevincini tərənnümü idi. Möhtəşəm Qələbəyə həsr olunmuş paradda ordumuzun maddi-texniki bazasının zənginliyi, istifadəsində olan texnika və silah-sursatın bir hissəsi paradda əyani şəkildə nümayiş etdirildi. Hər kəsin Azərbaycan Ordusunun arsenalının müasir silahlarla təchiz edildiyinin şahidi olduğu paradda 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin nümayişi oldu. Nümayiş olunan texnikalar, eyni zamanda, dövlətimizin başçısı tərəfindən hərbi sahəyə göstərilən diqqət və qayğının nəticəsidir. Ölkəmizin 44 günlük Vətən müharibəsi zamanı göstərdiyi döyüş taktikası, istifadə olunan texnikalar bütün dünyada maraqla izlənilirdi. Bu gün iftixarla deyə bilərik ki, Azərbaycan Ordusu hərbi əməliyyatlar zamanı ən yüksək səviyyədə innovativ yenilikləri tətbiq edən ordudur. Paradda, həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş etdirildi. Dövlət başçısının vurğuladığı kimi, Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın nümayişi tarixi hadisədir. Zəfər paradında 2016-cı ildə Lələtəpə yüksəkliyinə qaldırılmış və Şuşanın azad olunması zaman qaldırılan bayraqların gətirilməsi Azərbaycan xalqını ayrıca qürurlandırdı. Həmçinin, paradda Türkiyənin siyasi və dövlət xadimlərinin, əsgər və zabitlərinin iştirak etməsi Ulu Öndər Heydər Əliyevin Azərbaycan və Türkiyə münasibətlərini dəyərləndirərək irəli sürdüyü "Bir millət, iki dövlət” formulunu gerçək həyatda bir daha göstərdi. Qarabağ uğrunda qurtuluş savaşının ilk saatlarından Türkiyə qardaş ölkə olaraq siyasi-diplomatik və mənəvi dəstəyi ilə Azərbaycanın yanında yer almışdır. Şübhəsiz ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilən bu parad Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.
Azərbaycan xalqı qardaş Türkiyə ilə birlikdə Bakının Azadlıq meydanında möhtəşəm Qələbəsinin Zəfər paradını keçirərkən Ermənistan hələ də daxili çaxnaşmalarla, etiraz mitinqləri ilə çalxalanırdı. Hadisələrin gedişi göstərir ki, 44 günlük müharibədəki acı məğlubiyyət Ermənistanın və onun havadarlarının onilliklər boyunca yürütdükləri təcavüzkar siyasətin süqutudur. Ermənistanın faşist hakimiyyəti üzərində Qələbə qazanmaqla Azərbaycan dövləti bu günə qədər icra edilməyən BMT qətnamələrini icra etdi. Kapitulyasiya aktı Ermənistanı diz çökməyə və işğal altında saxladığı Azərbaycan torpaqlarını qaytarmağa məcbur etdi. Ermənistan hər addımda kobud şəkildə pozduğu beynəlxalq humanitar hüququn prinsiplərinə riayət etməyə məcbur edildi. Bununla yanaşı, mənfur düşmən döyüş meydanında məğlubiyyətə uğrayarkən mülki əhaliyə qarşı hərbi cinayətlər törədib, Azərbaycanın şəhərləri ballistik raketlərlə, fosforlu bombalarla, kasetli bombalarla atəşə tutub. Bu namərd atəş nəticəsində 100-ə yaxın mülki vətəndaş, onların arasında uşaqlar, qadınlar həlak olublar. Dörd yüzdən çox mülki vətəndaş yaralanıb, beş mindən çox ev dağıdılıb, ya da ki, o evlərə ziyan vurulub. Əlbəttə, bu məsələ yalnız Ermənistanın məğlubiyyəti ilə bitməyəcək, işğalçı Ermənistan 30 il ərzində Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarına və çoxsaylı hərbi cinayətlərə görə də  beynəlxalq hüquq qarşısında cavab verəcəkdir.
Sözsüz ki, bu tarixi Zəfər bölgədə yeni bir mərhələnin – abadlıq, quruculuq, inkişaf dövrünün başlanılmasını şərtləndirdi. Dövlətimizin başçısı cənab İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə mətbuata bəyanatında bu barədə bildirdiyi kimi: “Bu gün əziz Qardaşımla söhbət əsnasında, eyni zamanda, bundan sonrakı dövr haqqında da fikir mübadiləsi apardıq. Bizim fikirlərimiz üst-üstə düşür. Biz bölgədə yeni bir işbirliyi platformasını yaratmalıyıq. Artıq ilkin bəyanatlar verildi. Bu, çoxtərəfli platforma ola bilər. Bu işbirliyi platformasında iştirak edən bütün bölgə ölkələri bundan ancaq faydalana bilər”. Zəfər paradında xalqımızın yaşadığı qürur yaddaşlara əbədi həkk olundu. İndi əminliklə deyə bilərik ki, artıq tarixi bir missiya başa çatdı və Qarabağ problemi beynəlxalq hüququn tələblərinə uyğun olaraq, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edildi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin vurğuladığı kimi, yenə də Azərbaycan vətəndaşları bu tarixi torpaqlarımızda yaşayacaq, qurub-yaradacaqlar. Amma bugünkü tarix heç vaxt unudulmayacaq. Bu dağılmış, yandırılmış evlər, viran qoyulmuş kənd və şəhərlər erməni vəhşiliyinin canlı şahidləridir. Bu evlərdə, bu ərazilərdə yaşayacaq insanlarımızın Vətən sevgisi ilə hər qarış torpağımız tez bir zamanda canlanacaq, yurd yerlərimiz gülüstana çevriləcəkdir. Ölkə başçısının vurğuladığı kimi: “Azərbaycan 44 gün ərzində parlaq qələbə qazanaraq Ermənistanı məğlub etdi, işğala son qoydu. Bu 44 günün hər günü bizim şanlı tariximizdir. Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun, bu haqsızlığa son qoyulsun, ədalət zəfər çalsın, tarixi ədalət zəfər çalsın və buna nail olduq”. Beləliklə, bizə bu Qələbəni yaşadan Müzəffər Ali Baş Komandanımızının qətiyyətliyini, rəşadətli Azərbaycan Ordusunun, Vətən torpaqları uğrunda canlarından keçən igid oğullarımızının cəsarətini bütün dünya gördü. Bununlada, Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, 30 ilin sonunda Qələbə qazandı.

Keçidlər