Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident İlham Əliyev: “Minsk qrupu münaqişənin həllində heç bir rol oynamayıb”.

18 dekabr 2020 | 16:00

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu sentyabrın 27-dən Ermənistanın hərbi təcavüzünə cavab olaraq işğal altında olan torpaqlarımızı azad etmək üçün genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirməklə yanaşı, xalqımız bütünlüklə dövlətimizin başçısının ətrafında səfərbər oldu. Azərbaycan torpaqlarının hər qarışının azad edilməsi uğrunda gedən döyüşlər, qüdrətli ordumuzun şanlı tarix yazaraq düşmən üzərindəki sarsıdıcı zərbələri, eləcə də işğalı altında olan şəhərlərimizin, yaşayış məntəqələrimizin, həmçinin müxtəlif istiqamətlərdə strateji yüksəkliklərin işğalçılardan azad edilməsi xalqımızda böyük inam və ruh yüksəkliyi yaratdı. Silahlı Qüvvələrimiz təcavüzkar ölkəni məğlub etməklə təkcə işğal altındakı torpaqlarımızı yox, eyni zamanda, regionu terror və faşizm təhlükəsindən xilas etdi. 30 ildən sonra bölgəmizdə hazırda sülh və əmin-amanlıq mühitinin formalaşması üçün olduqca əlverişli şərait formalaşıb. Bu reallıq, öz növbəsində, regionda demokratik dəyərlərə əsaslanan plüralist cəmiyyətlərin bərqərar olması üçün əlverişli şərait yaratdı. Müstəqilliyinin ilk illərindən demokratik inkişaf yolunu seçmiş ölkəmiz işğalçı Ermənistan üzərində həm hərbi, həm siyasi, həm də informasiya cəbhələrində tarixi Qələbə qazandı. Bu qələbələr öz əhəmiyyəti baxımından region səviyyəsini aşaraq dünyada əks–səda yaradıb. Çünki dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarının, ABŞ, Rusiya Federasiyası və Fransa kimi dövlətlərdən ibarət ATƏT-in Minsk qrupu həmsədrlərinin 30 ilə yaxın müddətdə həll edə bilmədikləri Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsini Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz 44 gün ərzində icra etdi. Bu vaxta qədər Ermənistanın işğalçı siyasətini əks etdirən BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi məlum 4 qətnamədə kağız üzərində qalmışdı. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində yaranmış münaqişənin həlli ilə bağlı vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk qrupu nəinki üzərinə düşən vəzifəni yerinə yetirmədi, əksinə, qurumun sərgilədiyi qətiyyətsiz mövqe işğalçı Ermənistanı daha da həvəsləndirdi və arxayın saldı. Qeyd etmək lazımdır ki, 1992-ci il martın 24-də ATƏT çərçivəsində yaradılan Minsk qrupu və bu qrupun 1997-ci ildən həmsədrləri münaqişənin ədalətli həlli üçün təcavüzkara qarşı heç bir təzyiq göstərmək niyyətində olmayıb. Minsk qrupu yarandığı vaxtdan indiyədək qəbul etdiyi sənədlərdə bir dəfə də olsun Ermənistanın işğalçılıq siyasətindən nəinki danışılmır, əksinə, müxtəlif vaxtlarda digər beynəlxalq təşkilatların da işğal faktının əks olunduğu sənədlərin qəbul edilməsinə etiraz edərək məsələnin yalnız Minsk qrupu çərçivəsində həll edilməsinə üstünlük verib, daha doğrusu, Azərbaycanın işğal edilmiş əraziləri terminini qəbul etməyiblər.
Eyni zamanda, təcavüzkar Ermənistana qarşı heç bir əməli tədbirin görülməməsi ATƏT-in nüfuzuna ciddi xələl gətirməklə bərabər, onun tərkibində yaradılan Minsk qrupuna olan ümidləri də artıq heçə endirib. ATƏT-in Minsk qrupu həmsədrləri çox yaxşı bilirlər ki, təcavüzkar Ermənistan ordusu 44 günlük müharibə müddətində dinc əhalini ağır artilleriya qurğusundan, hətta qadağan olunmuş silahlardan atəşə tutub. Nəticədə 100 mülki şəxs qətlə yetirilib, 416 nəfər isə yaralanıb. Münaqişənin nizamlanmasında vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Minsk qrupu həmsədrləri də bu faktdan məlumatsız deyillər. Ümumiyyətlə, Minsk qrupu işğal edilmiş ərazilərə rəsmi olaraq iki dəfə missiyalar təşkil etmişdir. Həmsədrlər işğal olunmuş ərazilərə dəfələrlə səfər etmişlər və Ermənistan rejiminin hərbi cinayətlərinin – yaşayış məntəqələrinin tam dağıdılmasının, qeyri-qanuni məskunlaşmanın şahidi olmuşlar. Ancaq 30 il terrorçuya heçnə deyilmədiyi kimi, hər dəfə də susurdular. Bununla yanaşı, hər kəs bilirdiki, bu ölkənin Azərbaycana qarşı təxribatlara əl atmasının əsas səbəblərindən biri orada mövcud olan hakimiyyətin öz ölkəsindəki iqtisadi böhranı gizlətmək istəməsi idi. Lakin şanlı Ordumuzun düşmənin böyük sayda texnikasını və şəxsi heyətini məhv etməsi, salamat qalan hərbi texnikanı isə qənimət kimi götürməsi onu deməyə əsas verir ki, Ermənistan bundan sonra da öz istifadəsində olmayan və ya məhv edilmiş texnikaların pulunu uzun müddət ödəməli olacaq. Təbii ki, heç bir Ermənistan vətəndaşı Azərbaycan Ordusunun sərəncamında olan və ya ordumuz tərəfindən məhv edilmiş texnikanın pulunu ödəmək istəmir. Müharibədə verdiyi itkilər isə hələ Ermənistanın uzun müddət özünə gəlməsini mümkünsüz edir. Nəhayət, Azərbaycan heç kimin köməyi olmadan özü öz problemini hərbi-siyasi yolla həll etdi. Münaqişənin “Hərbi variantı yoxdur” deyənlərə sübut etdi ki, var imiş. Ermənistan və havadarları diz çökməyə məcbur oldu. Bu səbəbdən, beynəlxalq birlik təcavüzkarı öz adı ilə çağırmalı, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun hüdudlarından kənarda yerləşən ətraf 7 rayondan etnik təmizləməyə məruz qalmış və öz doğma yurdlarından məcburən köçkün düşmüş azərbaycanlıların hüquqlarının bərpa olunmasına çalışmalıdır.
Onu da qeyd etmək lazımdır ki, ATƏT-in Minsk qrupu həmsədrləri ölkəmizə dəvət olunmayıblar, onlar öz istəkləri ilə gəliblər. Dövlətimizin başçısı haqlı olaraq Minsk qrupunun işinə öz iradlarını həmişə bildirmişdir. Bu dəfə ki münasibət də istisna təşkil etmədi. Cənab Prezident çıxışında bildirmişdirki: “Bununla, mən sözlərimi yekunlaşdırıram ki, sizi dinləyim, çünki buraya gəlmək sizin ideyanız idi. Bunu bir daha kameralar qarşısında deyə bilərəm. Mən Minsk qrupunu səfərə dəvət etməmişəm. Lakin mənə məlumat verəndə ki, Minsk qrupu gəlmək istəyir, dedim gəlsinlər, etiraz etmirəm. Bəlkə onların mənə sözləri var. Əgər siz bunu kamera qarşısında söyləmək istəyirsinizsə, buyurun. Əgər istəmirsinizsə, mən onlara deyim getsinlər. Necə istəsəniz. Buyurun, sizi dinləyirəm”.
Beləliklə, Azərbaycan dünyaya göstərdi ki, beynəlxalq hüququn norma və prinsipləri mövcuddur. Onların icrası zaman və məkana görə deyil, vahid mexanizm əsasında həyata keçirilməlidir. Hazırda ATƏT-in Minsk qrupunun həmsədrləri regiona sabitliyin, rifahın gətirilməsi üçün tamamilə yeni bir vəziyyət yarandığını etiraf edirlər. Onlar da yaxşı bilirlər ki, 44 günlük Vətən müharibəsinin nəticələri regionda tamamilə yeni reallığa - yalnız hərbi-siyasi baxımdan deyil, geosiyasi və iqtisadi kontekstdə təhlükəsizlik formatının yaradılmasına təkan verib. Artıq ATƏT-in Minsk qrupu gələcək mandatının regionda söz sahibinə çevrilən Azərbaycandan asılı olduğu qəbul etməlidir.

Keçidlər