Dünya Bankı: Azərbaycan dünyanın ən islahatçı on ölkəsindən biridir
Ölkəmizin dayanıqlı inkişafının təmin edilməsində sahibkarlığın inkişafı, biznes mühitinin yaxşılaşdırılması əsas amillərdən biridir. Dövlətimizin başçısı daim çıxışlarında biznes mühitinin yaxşılaşdırılmasını prioritet vəzifə kimi qarşıya qoymuşdur. Azərbaycanda bu sahədəki mövcud vəziyyət dünyada biznes mühitinin qiymətləndirilməsi üçün ən vacib reytinq göstəricisi hesab edilən “Doing Business”in hesabatlarından da aydın görünür. Hesabatlara diqqət yetirdikdə açıq-aydın müşahidə etmək olur ki, Azərbaycanın reytinqinin ildən-ilə yüksəlməsi ölkəmizdə biznes mühitinin yaxşılaşdırılması istiqamətində atılan addımların uğurlu nəticələrinə əsaslanır. Dünya Bankının 16 dekabr 2020-ci il tarixli press relizində qeyd edilir ki, Dünya Bankının Daxili Audit strukturları tərəfindən 2016, 2017, 2018, 2019 və 2020-ci illər üzrə məlumatların müfəssəl diaqnostikası aparılmış, ölkələrin reytinqlərinin bu dəyişikliklərin hesabatın metodologiyaları ilə uyğunluğu bir daha nəzərdən keçirilmiş və nəticədə ölkələrin göstəriciləri ilə bağlı məlumatlar yenilənmişdir. Bununlada, müvafiq araşdırmalar nəticəsində Azərbaycanda 3 istiqamətdə aparılmış islahatların “Doing Business 2020” hesabatında lazımınca qiymətləndirilmədiyi və daha az balla qiymətləndirildiyi məlum olmuşdur. Diqqətəlayiq haldır ki, “Doing Business 2020” hesabatına düzəlişdə Azərbaycanın mövqeyi daha da yaxşılaşaraq 191 ölkə arasında 28-ə yüksəlib. Azərbaycanın reytinq cədvəlində 6 pillə irəliləməsi, dünyanın 10 islahatçı ölkəsi sırasında qərar tutması da ölkədə həyata keçirilən təkmil islahatların, idarəçilik sistemində yeniləşmənin əyani təzahürüdür.
Bundan əlavə qeyd etmək lazımdır ki, “Doing Business 2019” hesabatında da Azərbaycan “dünyanın ən islahatçı 10 ölkəsindən biri” kimi qiymətləndirilmişdi. Azərbaycanın Dünya Bankı ilə sıx əməkdaşlığının 28 illik tarixi vardır. Dünyanın mühüm maliyyə institutu olan Dünya Bankı ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlara daim dəstək verib. “Doing Business” hesabatında qeydə alınmış məqamlarla bağlı müstəqil araşdırma Dünya Bankının yüksək peşəkarlığını göstərməklə yanaşı, Azərbaycanın istər bu nüfuzlu beynəlxalq maliyyə qurumu, istərsə də digər tərəfdaşları ilə münasibətlərində dürüstlüyün ən mühüm dəyər olduğunu bir daha sübut edir. Dünya Bankının "Doing Business 2020" hesabatına düzəliş dünyanın hansı çətinlikləri yaşanmasına baxmayaraq, Azərbaycanın dayanıqlı iqtisadi inkişafını təmin etmək, biznes mühitini yaxşılaşdırmaq imkanında olduğunu təsdiqlədi.
Şübhəsiz ki, yeni inkişaf mərhələsinin əsas hədəfi çoxşaxəli, səmərəli və innovasiyayönümlü iqtisadiyyatın formalaşdırılması, əhalinin rifahının layiqli, qabaqcıl beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasıdır. Yeni inkişaf modelində əsas hədəflərdən biri məhz sahibkarlığın inkişafını sürətləndirmək üçün atılan addımların miqyasını daha da genişləndirməkdir. Dövlətimizin başçısının qeyd etdiyi kimi Azərbaycan xalqının rifahının daha da yaxşılaşdırılması dövlətimizin sosial siyasətinin əsasını təşkil edir. Bu çağırışlar idarəçilik sistemində təkmilləşmələrə geniş yol açır ki, bu da özlüyündə ölkənin dayanıqlı inkişafını şərtləndirir. Azərbaycanın dünyanı bürüyən pandemiya dövründə belə biznes mühitinin yaxşılaşdırılması, iş adamlarına dövlət dəstəyinin gücləndirilməsi istiqamətində atdığı addımlara yönəldərək deyib ki, ölkəmizin inkişaf modelinin beynəlxalq səviyyədə təqdir olunması təkmil islahatlara əsaslanan davamlı inkişafın nəticəsidir. Azərbaycanın yenilikçi, innovasiyalar ölkəsi olması reallıqdır. Azərbaycan brendi kimi “ASAN xidmət”, ABAD, DOST layihələrinin hər biri ölkəmizdə biznes mühitinin yaxşılaşdırılmasına xidmət edən addımlar sırasındandır. COVID-19 infeksiyası ilə mübarizə tədbirlərinə başlandığı ilk gündən Prezident İlham Əliyevin 2020-ci il 19 mart tarixli Sərəncamı əsasında 20 fəaliyyət sahəsini, 4 sektoru əhatə edən 10 yardım proqramının həyata keçirilməsi məqsədilə Fəaliyyət Proqramının icrasına başlanılması da ölkəmizdə biznes mühitinin yaxşılaşdırılmasına xidmət etməkdədir. Həmin yardım proqramında özünüməşğulluq proqramının icrasına dəstək də xüsusi yer tutur. İlk gündən bu əminlik ifadə edildi ki, dünya ölkələrinin iqtisadiyyatında durğunluğun geniş vüsət aldığı bir dövrdə Azərbaycan ən böyük iqtisadi dəstək proqramı nəticəsində pandemiyanın iqtisadiyyata mənfi təsirini minimuma endirəcək, makroiqtisadi sabitliyi qoruyacaq, vətəndaşların sosial müdafiəsini təmin edəcək. Bu yardım proqramları ölkəmizin iqtisadi və sosial gücünün təqdimatı kimi dəyərləndirildi. İqtisadiyyatını düzgün əsaslar üzərində quran Azərbaycan neft sektoru ilə yanaşı, qeyri-neft sektorunun da inkişafına xüsusi diqqət göstərməklə həm iqtisadi, həm də maliyyə imkanlarının genişləndirilməsini stimullaşdırır. Eyni zamanda, neft gəlirlərinin idarə olunmasında şəffaflıq prinsipinin yüksək səviyyədə qorunması ölkəmizin hərtərəfli inkişafına geniş imkanlar yaradan sosial-iqtisadi layihələrin icrasını sürətləndirir. Təbii ki, bu addımlar, ümumilikdə, ölkəmizin davamlı inkişafına, biznes mühitinin yaxşılaşdırılmasına yönəlib. Bu, beynəlxalq səviyyəli tədbirlərdə, eyni zamanda, beynəlxalq maliyyə qurumlarının hesabatlarında da öz əksini tapır. Bu gün hər sahədə nümunə kimi qəbul olunan Azərbaycanın idarəçilik təcrübəsi beynəlxalq səviyyədə də təqdir edilir və yüksək qiymətləndirilir.