Vətən müharibəsində iştirak edən əməkdaşımız Orxan Aydınov ilə görüş keçirilib
Yanvarın 6-da Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov ölkəmizin ərazi bütövlüyü uğrunda 29 sentyabr 2020-ci il tarixindən Vətən müharibəsinə könüllü yollanan və döyüşlərdə iştirak edən RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Aydınov Orxan Xəqani oğlu ilə görüş keçirmişdir. Görüşdə RİHB-nın müavinləri və RİHBA-nın əməkdaşları iştirak etmişlər.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Böyük Qələbə münasibəti ilə qalib əsgərimizi təbrik edərək bu qələbədə Ali Baş Komandan cənab İlham Əliyevin və Rəşadətli Azərbaycan Ordusunun müstəsna rolunun olduğunu qeyd etmişdir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın hərbçilərimizə, şəhidlərimizə və onların ailə üzvlərinə göstərilən diqqət və qayğıdan söz açan RİH başçısı həmin qayğının hər birimiz üçün örnək və nümunə olduğunu vurğulamışdır: “Azərbaycan dövləti, Azərbaycan xalqı vətən üçün canlarından keçənləri, sağlamlıqlarını itirənləri heç vaxt unutmayacaqdır. Onlar və ailələri daim dövlətimizin və ölkə rəhbərinin qayğısını hiss edəcəklər”.
Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunması zamanı şəhid olmuş şəxslərin xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.
Görüşdə Orxan Aydınov Azərbaycan ordusunu şanlı qələbəyə aparan zəfər yolundan, döyüşdə qəhrəman əsgərlərimizin necə şücaətlə vuruşduqlarını, torpaqlarımız azad olunduqca yaşadıqları hisslərdən söz açmışdır.
Sonda tədbir iştirakçıları ilə Ulu Öndər Heydər Əliyevin büstü önündə xatirə şəkli çəkdirilmişdir.