Qiymət tənzimlənməsi nəticəsində yaranan əlavə vəsait sosialyönümlü tədbirlərə yonəldiləcəkdir
Hər bir ölkənin hərtərəfli inkişafında iqtisadi amil əsasdır. Nəzərə alsaq ki, dövlətimizin həyata keçirdiyi siyasətin təməlində vətəndaş amili dayanır, bu halda iqtisadi amilin rolu özünü daha qabarıq şəkildə büruzə verir. Dünya enerji bazarında müşahidə edilən qiymət artımı enerjidaşıyıcılarının qiymətinin yenidən tənzimlənməsi məsələsini aktuallaşdırıb. Hazırda qlobal tendensiya ondan ibarətdir ki, benzin və dizel yanacağının pərakəndə qiymətlərində demək olar ki, dünyanın hər yerində qiymət artımı müşahidə edilir. Bunun obyektiv səbəbləri vardır ki, vaxtında bu cür qərarların qəbul edilməsi sonrakı mərhələdə müvafiq sektorda yarana biləcək mümkün risklərin qarşısını alır. Belə ki, 2020-ci ildə bəzi ölkələrdə belə artım müşahidə edilməyə başlandı və çevik iqtisadi üsullarla artım dinamikası müəyyənləşdirilərək dərhal istehlak bazarında öz əksini tapdı. Məsələn, qardaş Türkiyədə benzinin qiyməti 2020-ci ilin mart ayında bir litrə görə 5,5 lirəyə düşdüyü halda, hazırda 32 faiz artaraq 7,2 lirə civarında olmuşdur. Gürcüstanda martda 2,2 lariyə olan benzin ötən ay artıq 2,4 lari təşkil etmişdir. Ukraynada ötən ilin noyabr-dekabr aylarında yanacağın qiyməti 4 faiz bahalaşmışdır. Rusiyada Yeni il qabağı Aİ-95 benzininin qiyməti 7 faiz artıb. Ötən ilin sonundan etibarən bu tendensiya artıq Avropada da özünü göstərməyə başlayıb. Belə ki, noyabr-dekabr aylarında Avropada dizel yanacağının qiymətində 29 faiz artım qeydə alınıb. Bundan əlavə, Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, 2019-cu ildə dünyada benzinin orta qiyməti bir litrə 0,91 dollar olduğu halda, 2020-ci il dekabrın sonunda artıq 1,04 dollar təşkil edib ki, bu da il ərzində 14 faiz artım deməkdir. Lakin bu dövr ərzində Azərbaycanda dövlətin həyata keçirdiyi xüsusi sosial və tarif siyasəti sayəsində qiymət bazarı sabit olaraq qaldı.
Son tarif dəyişikliyindən sonra da Aİ-92 markalı avtomobil benzininin Azərbaycanda pərakəndə satış qiyməti əksər MDB ölkələri ilə müqayisədə yenədə aşağıdır. Ölkəmizdə dizel yanacağı üzrə sonuncu qiymət tənzimlənməsi 2013-cü ildə, Aİ-92 markalı benzin üzrə isə 2017-ci ildə aparılmışdı. Baxmayaraq ki, son illərdə Azərbaycana avtomobil idxalı əhəmiyyətli dərəcədə artmış ancaq bu mərhələlərdə benzinin və dizel yanacağının pərakəndə satış qiymətində heç bir artım baş verməmişdir. Qeyd etmək lazımdır ki, 2018-ci ildə 28.876, 2019-cu ildə 47.710, 2020-ci ilin 11 ayında isə 47.841 avtomobil idxal edilib. Göründüyü kimi, əhalinin gəlirlərində əhəmiyyətli artım qeydə alınıb və bu özlüyündə vətəndaşlarımızın alıcılıq qabiliyyətinin yüksəlməsi deməkdir. Bununla yanaşı ötən dövr ərzində respublika üzrə orta aylıq əməkhaqqı uyğun olaraq 425,1 manat və 528,5 manat təşkil edib, 2013-2020-ci illərdə ölkədə orta aylıq əməkhaqqı 66 faiz, pensiyalar 73 faiz artıb. Ötən ilin 10 ayında orta aylıq əməkhaqqı 704,5 manat təşkil edib. Eyni zamanda, 2019-cu ildən başlayaraq Azərbaycan Prezidentinin təşəbbüsü ilə iki inqilabi sosial paket həyata keçirilib. Pandemiya dövründə əhaliyə və biznesə dəstək paketləri reallaşdırılıb. Bu iki sosial paket ümumilikdə, 4,2 milyon nəfəri əhatə edib ki, bu da əhalinin 42 faizi deməkdir. Paketlərin maliyyə həcmi isə 2019-cu il üçün 2,3 milyard manat, 2020-ci il üçün isə 3 milyard manat təşkil edib. Bununla yanaşı, 2020-ci ilin dekabrında təsdiq olunmuş yeni sosial dəstək paketinə əsasən, şəhid ailələrinə və 20 yanvar şəhidlərinin ailələrinə aylıq müavinətlər 300 manatdan 500 manatadək artırılıb ki, bu da 66.7% artım deməkdir.
Həmçinin, “Azərbaycan Respublikasının Milli Qəhrəmanı” üçün aylıq Prezident təqaüdü 1500 manatdan 1800 manata qaldırılıb. “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərə aylıq 2 min manat veriləcəkdir. Əlillik dərəcəsinə görə verilən müavinətlər 40% artırılıb.
Beləliklə, bütün bunlar ümumi iqtisadi münasibətlər və real maliyyə münasibətləri kontekstində obyektiv qiymətləndirmə tələb edir. Tarif Şurasının qərarına əsasən benzin və dizelin qiymətinin artırılması, həmin məhsulların keyfiyyətinin yüksək avrostandartlara çatdırılması, ekoloji mühitin yaxşılaşdırılması, neft emalı sənayesində yenidənqurma və modernləşdirmə işlərinin davam etdirilməsi, 2022-ci ilin iyun ayınadək dizel yanacağının, 2023-cü ilin iyun ayınadək isə Aİ-92 markalı avtomobil benzininin Avro-5 standartına tam uyğunlaşdırılması nəzərdə tutulur. Ancaq buna baxmayaraq, hazırda tətbiq edilən qiymət artımı digər sahələrdə qiymət artımına səbəb olmayacaq. Çünki paralel olaraq İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində müvafiq önləyici tədbirlər də həyata keçirilir. Ümumilikdə qiymət tənzimlənməsi nəticəsində dövlət büdcəsinə əlavə daxilolmalar proqnozlaşdırılır ki, yaranan əlavə vəsait ölkədə həyata keçirilən sistemli və davamlı xarakter daşıyan sosial siyasətə uyğun olaraq, sosialyönümlü tədbirlərə yönəldiləcək. Bu isə qiymətartımına qarşı həssas olan sosial təbəqəni qorumaq deməkdir. Həmçinin dizel yanacağının qiymət artımının sərnişindaşıma ilə məşğul olan sahibkarlıq subyektlərinə təsirinin neytrallaşdırılması üçün onlara kompensasiya ödənilməsi və kənd təsərrüfatı sahəsinə təsiri nəzərə alınaraq hökumət tərəfindən ayrılan subsidiyalar artırılması nəzərdə tutulur. Bu, əhalinin, xüsusilə, sosial həssas qrupun mənafeyinə xidmət edən, vətəndaşların gündəlik həyatda daha çox istifadə etdiyi ictimai nəqliyyatda və kənd təsərrüfatı məhsullarında tarif dəyişikliyi aparılmaması üçün atılan mühüm addımdır. Dövlətimiz daim bu tədbirləri həyata keçirərkən insanların sosial rifahını, büdcəsini ön planda saxlayır. Region və dünya dövlətləri ilə müqayisə fonunda Azərbaycanda sözügedən yanacaq məhsullarının qiymətinin xeyli aşağı olması da bunu təsdiq edir.