2020-ci ilin yekunlarına həsr olunmuş müşavirə müstəqillik tariximizin ən şanlı, Zəfər ilinin yekunlarına həsr edilmiş tədbir kimi yadda qaldı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirə müstəqillik tariximizin ən şanlı ilinin, tarixi Zəfər ilinin yekunlarına həsr edilmiş müşavirə kimi yadda qaldı. Artıq tarixə qovuşmuş 2020-ci il Azərbaycan üçün böyük uğurlarla yadda qaldı. Ölkəmiz ötən ilin sentyabr ayının 27-dən noyabr ayının 10-dək özünün ərazi bütövlüyünün bərpa edilməsi uğrunda Vətən müharibəsi apardı. 44 gün davam edən müharibədə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri düşmənə sarsıdıcı zərbələr endirdi və işğalçı Ermənistanı məğlubiyyətə uğratdı. Öz məğlubiyyətini etiraf edən Ermənistan noyabrın 10-da onun üçün kapitulyasiya aktı sayılan üçtərəfli bəyanata imza atmaq məcburiyyətində qaldı və bu sənədə əsasən üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq dekabrın 1-dək Ağdam, Kəlbəcər və Laçın rayonlarını döyüşsüz respublikamıza təhvil verdi. Bununla da, 30 il ərzində həllini tapmayan Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu və ölkəmizin ərazi bütövlüyü tam təmin olundu.
Qeyd etmək vacibdir ki, rəşadətli Azərbaycan Ordusu sentyabrın 27-dən Ermənistanın hərbi təcavüzünə cavab olaraq, 30 ildən artıq işğal altında olan torpaqlarımızı azad etmək üçün genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirilməklə yanaşı, düşmənin bu illər ərzində yaratdığı “yenilməzlik” mifologiyasını darmadağın etdi. Bununla yanaşı, Prezident İlham Əliyevin xarici kütləvi informasiya vasitələrinə verdiyi çoxsaylı müsahibələri Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, davam edən hərbi əməliyyatlarla bağlı tarixə, beynəlxalq hüquqa və ədalətə əsaslanaraq tutarlı arqumentlər üzərində qurulan aydın, məntiqli fikirləri, ölkəmizin haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynadı. Həmçinin bu müsahibələr informasiya məkanında da düşmənin yalan üzərində qurulmuş təbliğat maşınına ağır zərbə vurdu və Ermənistanın təcavüzkar siyasətinin, eləcə də onun himayədarlarının ifşa olunması ilə nəticələndi.
Şübhəsiz ki, 2020-ci il xalqımızın yaddaşında əbədi olaraq Qələbə ili kimi qalacaq. Ermənistanın apardığı işğalçılıq siyasəti, vandal və barbar əməlləri nəticəsində ərazilərimizdəki tarixi, mədəni abidələr vəhşicəsinə talan edilib və dağıdılıb, yaşayış evləri xarabalığa çevrilib, yollar yararsız hala salınıb, təbiətə ciddi ziyan vurulub. Artıq işğaldan azad edilmiş ərazilərimizdə abadlıq-quruculuq işlərinin başlanılmasına hazırlıq görülür. Bu məqsədlə 2021-ci ilin dövlət büdcəsindən lazımi vəsait ayrılıb və tezliklə işğaldan azad edilmiş Vətən torpaqları ölkəmizin ən gözəl guşələrindən birinə çevriləcək. Digər önəmli məsələ isə vaxtilə doğma el-obalarını tərk etməyə məcbur qalmış köçkün və qaçqın vətəndaşlarımızın yenidən öz dədə-baba yurdlarına qayıtmasıdır. Həmin insanlar bu tarixi anı otuz ilə yaxındır həsrətlə gözləyirdilər. Sözsüz ki, dövlətimizin diqqət və qayğısı ilə işğaldan azad edilmiş ərazilərimizdə quruculuq işləri, o cümlədən yeni binaların inşası, yolların bərpası, digər infrastrukturun qurulması qısa müddət ərzində yekunlaşacaq. Digər əsas prioritet istiqamət isə ərazilərimizin işğaldan azad edilməsində şücaət göstərmiş, şanlı tariximizin ən parlaq səhifələrini yazmış şəhidlərimizin bizə əmanəti olan ailələrinin qayğılarının həll edilməsidir. 44 günlük müharibə zamanı hər bir Azərbaycan hərbçisinin öz məsuliyyətini dərk edərək üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməsi təqdirəlayiqdir. Bu gün şəhid ailələrinin qayğılarının aradan qaldırılması, onların problemlərinin həlli başda Prezident İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva olmaqla, hər bir azərbaycanlının ən ümdə məsələsinə çevrilib. Bu istiqamətdə artıq zəruri tədbirlər həyata keçirilir. Şəhid ailələrinin təminatlarının artırılması ilə əlaqədar təyin edilmiş ödənişlər 500 manata çatdırılıb. Eyni zamanda, şəhid ailələrinin mənzil qayğılarının həll edilməsi istiqamətində mühüm addımlar atılır. Bununla əlaqədar məcburi köçkünlər üçün tikilən evlərin şəhid ailələrinə verilməsi nəzərdə tutulub. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin balansında olan mənzillərin aidiyyəti üzrə istifadə edilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilir. Ümumilikdə, ölkə başçısının 2020-ci ilin yekunlarına həsr edilmiş konfransında da bildirdiyi kimi, bu vaxta qədər 9 mindən çox şəhid ailəsi dövlət tərəfindən evlərlə və mənzillərlə təmin edilib. Bundan əlavə 1500 şəhid ailəsi üçün də qısa müddətdə evlərin verilməsi nəzərdə tutulub. Bununla da, dövlət həm məcburi köçkünlərin öz dədə-baba yurdlarına köçürülməsini təmin edəcək, həmçinin də şəhid ailələrinin mənzil problemi birdəfəlik həll olunacaq. Həmçinin mühüm əhəmiyyət kəsb edən məsələlərdən biri də yerli icra hakimiyyətlərində şəhid ailələri və qazilərlə işləyəcək şöbələrin yaradılmasıdır. Belə ki, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Fərmana edilən dəyişiklikdə bu məqam öz əksini tapıb. Dəyişikliyə əsasən Azərbaycanda yerli icra hakimiyyəti orqanlarında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi yaradılıb. Bu yenilik həm də müharibə iştirakçılarının və şəhid ailələrinin qayğıları ilə daha sistemli və çevik şəkildə məlumatlanmağa, onların üzləşdiyi çətinlikləri operativ həll etməyə imkan verir. Bir növ, yerli icra hakimiyyətinin müvafiq şöbəsi bu sahədə ixtisaslaşır ki, bu da şəhid ailələrinin, müharibə veteranlarının müraciətini qısa zamanda araşdırıb həll etməyə yardımçı olacaqdır. Bu, həm dövlətin öz vətəndaşlarına, həm də həssas sosial qrup olan şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına yüksək diqqət nümunəsidir.
Beləliklə, ötən ilin mənzərəsi Azərbaycanın bundan sonra da Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurlu inkişafını davam etdirəcəyini deməyə əsas verir. Öz ərazi bütövlüyünü təmin etmiş Azərbaycan daha güclüdür, yeni nailiyyətlər əldə etmək, qüdrətini daha da artırmaq əzmindədir. Dövlətimizin başçısının uğurlu daxili və xarici siyasəti, xalq-iqtidar birliyi isə ölkəmizin tərəqqi yolunda inamla irəliləməsini təmin edən ən mühüm amillərdir. Prezident İlham Əliyevin bildirdiyi kimi: “Ona görə bir daha demək istəyirəm ki, biz düzgün yoldayıq. Bütün çətinliklərə baxmayaraq, işğala baxmayaraq, 1 milyon qaçqının olmasına baxmayaraq, biz bu nailiyyətləri əldə etmişik. İndi torpaqlar azad edilib, indi böyük qayıdış başlanmalıdır, böyük inkişaf prosesləri başlanmalıdır. Ona görə, əlbəttə, biz bütün bu işləri daha da fəal, daha da məqsədyönlü şəkildə aparmalıyıq ki, Azərbaycanın imkanlarını genişləndirək və ölkəmizin inkişaf dinamikasını artıraq”. Cənab Prezidentin vurğuladığı kimi, ölkəmizin qarşıya qoyulan hədəflərə doğru inamla irəliləməsi onu göstərir ki, Azərbaycan 2021-ci ildə də uğurla inkişaf edəcək, daha qüdrətli dövlətə çevriləcəkdir.