Şriftin ölçüsü :

Saytın rəngi :

Moskva görüşü Azərbaycanın növbəti diplomatik uğurudur

14 yanvar 2021 | 16:00

Ötən il 44 gün davam edən Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri düşmənə sarsıdıcı zərbələr endirdi və işğalçı Ermənistanı məğlubiyyətə uğratdı. Öz məğlubiyyətini etiraf edən Ermənistan noyabrın 10-da onun üçün kapitulyasiya aktı sayılan üçtərəfli bəyanata imza atmaq məcburiyyətində qaldı. Qarşı tərəf üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq, dekabrın 1-dək Ağdam, Kəlbəcər və Laçın rayonlarını heç bir güllə atmadan Azərbaycana təhvil verdi. Yanvarın 11-də Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilmiş üçtərəfli görüş Azərbaycanın tarixi Qələbəsinin və Zəfərinin daha da möhkəmlənməsində növbəti diplomatik mərhələ oldu. Bu görüşü həm noyabrın 10-da imzalanmış 9 maddədən ibarət sənəddə əksini tapan strateji prinsiplərin bir daha təsdiq və qəbul edilməsi, həm də məhz həmin prinsiplər əsasında regionda sabitlik və təhlükəsizlik məsələlərinin daha da möhkəmləndirilməsi istiqamətində atılan növbəti addım idi.
Ümumiyyətlə, üçtərəfli bəyanat regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpasını nəzərdə tutan prioritetlərin müəyyən edilməsini nəzərdə tutur. Şübhəsiz ki, beynəlxalq kommunikasiyaların bərpası regionun inkişafında dinamizm yaratmaqla bərabər, həm də etibarlı təhlükəsizliyə xidmət edəcək. Prezident İlham Əliyevin bildirdiyi kimi: “Bu gün imzalanmış bəyanat bizim niyyətlərimizə dəlalət edir, ona görə ki, hərbi əməliyyatların dayandırılmasının yekunlarına dair bəyanatın bir bəndi nəqliyyat kommunikasiyalarının bərpasına aid idi. Bu sahə regionun inkişafına böyük dinamizm gətirə, təhlükəsizliyi möhkəmlədə bilər. Ona görə ki, nəqliyyat kommunikasiyalarının açılması Azərbaycan, Ermənistan, Rusiya xalqlarının, bizim qonşularımızın mənafelərinə cavab verir. Əminəm ki, qonşu ölkələr də bizim regionda nəqliyyat dəhlizlərinin və nəqliyyat arteriyalarının şaxələndirilmiş şəbəkəsinin yaradılmasına fəal qoşulacaqlar”. Həmçinin dövlətlər arasında iqtisadi və regional əməkdaşlıq məsələlərini nəzərdə tutan yeni bəyanatın qəbul olunması da təsdiqlədi ki, regionun gələcəyi məhz perspektivə istiqamətlənmiş məsələlərin həyata keçirilməsi ilə bağlıdır. Belə ki, bölgədəki vəziyyətin inkişafına dair tərəflər 10 noyabr bəyanatının regiondakı bütün iqtisadi və nəqliyyat kommunikasiyalarının açılmasını nəzərdə tutan 9-cu bəndinin həyata keçirilməsinə dair üçtərəfli işçi qrupun yaradılması barədə razılıq əldə etdilər. Azərbaycan, Ermənistan və Rusiyanın baş nazir müavinlərinin rəhbərlik edəcəyi işçi qrup yanvarın 30-dək ilk iclasını keçirəcək, fəaliyyət istiqamətləri üzrə ekspert alt qrupları yaradacaqlar. Ən mühüm məsələlərdən biri də 2021-ci il martın 1-dək Azərbaycanın və Ermənistanın ərazisindən həyata keçirilən daşımaların təşkilinə dair qrafikin hazırlanmasıdır. Bu, Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirən dəhlizin yaradılmasını və muxtar respublikanın blokadadan çıxarılmasını nəzərdə tutur. Açılacaq kommunikasiya xətləri “Şərq-Qərb” nəqliyyat dəhlizinin tərkib hissəsi olacaq. Azərbaycanın öz eksklavı olan Naxçıvan Muxtar Respublikası ilə, həmçinin Türkiyə ilə əlaqələri güclənəcək, ölkəmizin geoiqtisadi əhəmiyyəti artacaq. Bununla həm Azərbaycanın özü, həm də bütün region ölkələri üçün mühüm kəsb edən nəqliyyat-kommunikasiya imkanları reallığa çevrilmiş olur. Regiondakı bütün nəqliyyat kommunikasiyalarının açılması və iqtisadi əlaqələrin bərpası yolu ilə bölgədə sülhə və sabitliyə nail olunması ideyası məhz Azərbaycanın mövqeyi kimi Prezident İlham Əliyev tərəfindən hələ münaqişə dövründə dəfələrlə səsləndirilmişdi. Bugünkü üçtərəfli görüşdə də məhz bu məsələlər üzrə razılığın əldə olunması danışıqlar prosesində Azərbaycanın mövqeyinin aparıcı olduğunu üzə çıxarır.
Qeyd etmək lazımdır ki, Ermənistan müxalifəti və Rusiyadakı erməni lobbisi isə görüşün pozulmasına çalışırdı və Paşinyanı görüşə gəlməməyə çağırırdı. Paşinyan hökuməti də erməni cəmiyyətinin itmiş nüfuzunu bərpa etmək üçün Moskva danışıqlarında maksimum nəticə əldə etmək, bu, mümkün olmadıqda danışıqları pozmaq istəyirdi. Lakin onlar öz məqsədlərinə nail olmadılar. Xüsusilə, Ermənistanın baş nazirinin dövlət başçılarının mətbuat üçün bəyanatları zamanı çıxışında kommunikasiya xətləri ilə bağlı Azərbaycanın təşəbbüsünün qarşısını almağa çalışaraq, bunun əvəzinə 10 noyabrdan sonra ələ keçirilmiş erməni diversantlarının-terrorçularının azad olunması məsələsini qabartması və Minsk qrupu çərçivəsində Dağlıq Qarabağın statusuna dair müzakirələrin davam etdirilməsi ilə bağlı çıxışı, ümumiyyətlə, müzakirə mövzusu olmayıbdır. Göründüyü kimi görüş Azərbaycanın maraqları çərçivəsindən kənara çıxmayıb. Azərbaycan hərb meydanında olduğu kimi diplomatiya meydanında da, müzakirələrdə də üstün mövqedədir və güzəştə getmək niyyəti yoxdur.
Beləliklə, noyabrın 8-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə hərb meydanında əldə olunmuş parlaq Qələbə hazırda diplomatik müstəvidə də davam etməkdədir. Üçtərəfli görüşün nəticələri fonunda Azərbaycanın Qələbəsinə kölgə salmağa, ləkə yaxmağa çalışan anti-Azərbaycan dairələrinin və ölkəmizdəki radikal müxalifətin təmsilçilərinin cəhdlərinin əhəmiyyətsizliyini bir daha ortaya qoydu. Faktiki olaraq, Moskva görüşü Azərbaycanın növbəti diplomatik uğuru, Ermənistanın isə fiaskosudur.

 

Keçidlər